Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq Azərbaycan-Albaniya əlaqələrini daha da gücləndirir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 15-də Albaniyada rəsmi dövlət səfərində olub. Səfər çərçivəsində dövlətimizin başçısı Albaniyanın Prezidenti Bayram Beqayla təkbətək və geniş tərkibdə görüşləri olub. Təkbətək görüşdən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidentinin Albaniyaya səfərə gəlməsini yüksək qiymətləndirən Albaniya Prezidenti Bayram Beqay xüsusilə vurğulayıb ki, bu səfər, keçirələn görüşlər və müzakirə olunan məsələlər Azərbaycan-Albaniya münasibətlərinin inkişafına yeni bir təkan verəcəkdir. “Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm. Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir. Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür.
Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür.
Bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki biz gələcək üçün yeni istiqamətləri müəyyən edirik, bizim üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik”- deyə Albaniya dövlət başçısı bildirib.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Albaniya Prezidentinə öz təşəkkürlərini bildirib və çıxışında qeyd edib ki, “Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin.
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.

Kənan Abdullayev

 Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR