" />

Bizim Qaxın kişiləri….

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

İndi məni bır sual çox maraqlandırır. Görəsən, şagirdlərim məni xatırlayırlarmı?

İnsanların ünsiyyətini bir az da gücləndirən sosial şəbəkədə Facebook səhifəsində  dostlardan birinin statusu diqqətimi çəkdi. Doğrusu uzaqlara götürən, xatirəli bir iniltiylə dolu olan bir statusdu. Uzun xəyallardan, xatirələr anımından sonra bu yazını yazmaq qərarına gəldim! Bu yazım yer üzünün mövlanı olan bir müəllimin ag saçına kiçik hədiyyəmdi! Sosial şəbəkədə daha çox insanla təmasda olur, daha çox insanı tanımağa nail olursan. Mən əslən qaxlı olduğuma görə qaxlılarla daha çox maraqlanıram. Bu dəfəki marağım da dəyərli eloğlumuz, şərəfli bir ömrün sahibi, ailənin klassik modelini ömründə daşıyıb örnək edə bilən Seyidəli müəllim idi! Seyidəli Həsən oğlu Məmmədli 28 oktyabr 1951-ci ildə Qax rayonunda anadan olub. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Turizm İnstitutu, Turizmin linqvistik təminatı kafedrasının müdiridir.

Facebook səhifəsində yazdığı status belə idi:

“1974-1975-ci ildə Sarıbaşda, 1975-1977-ci illərdə—aspiranturaya qədər Cəlayirdə müəllim işləmişəm. Deyilənə görə, yaxşı müəllim olmuşam. 1977-ci ildə Qax Rayon Maarif Şurasının (o vaxt belə adlanırdı) Metodkabineti iş təcrübəmi öyrənirdi… İndi məni bır sual çox maraqlandırır. –Görəsən, şagirdlərim məni xatırlayırlarmı?”. Hiss olunurdu ki, dəyərli ağsaqqalımız xatirələr qucağında çox yeri dolanıb gəlib xəyalən. Bəlkə də kimisə, hansısa ona doğma olan bir şagirdi xatırlayıb. Bəlkə də, hardasa umub ki, urvatla yola verdiyi məktəb həyatında onu xatırlasınlar, hansısa bir şagirdi çıxıb, “müəllim, mən unutmadım!”-desin! Fəsillər keçdikcə illər illərə calanır, insan çox şeyi unudur. Lakin çox şeyi unutsa da heç zaman öz müəllimlərini unuda bilmir. Həyat qapısının qapılarını taybatay açıb bizi əsrarəngiz bir dünyaya  qovuşduran müəllim! Ürəyimizin diləyi, gözümüzün mələyidi müəllim! Sözünün qüdrətilə həyat yolunun cığırlarına mayak olan nur şöləsidi müəllim! Sizləri unutmaqmı olar? Qədim yunan filosoflarından biri olan Pifaqor deyir ki, mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm. Bizə də bu hikməti sevdirəni sevmək düşmürmü, müəllim? Mən sizin şagirdiniz olmamışam. Amma öz müəllimlərimə olan istəyimin, sevgi və sayğımın ehtivasında sizə xitab edirəm bir şagird olaraq!

Keçən dəfə Qaxda olarkən rayon icra başçısı dəyərli Musa müəllim ilə bir az həmsöhbət olduq.  Mənim qəzetimizin köhnə nömrələrinin birində yazdığım “Qaxın qartalları” adlı yazımı oxumuşdu.  Xalqımızın sevimli aktyoru İsmayıl Dağıstanlıdan qələmə aldığım yazıya toxunaraq, “Qaxın qartalları çoxdur, amma sən az yazırsan”-deyə irad bildirdi. Deyə bilmədim, bizim insanlar o qədər təvazökardılar ki, müsahibədən, reklamdan yan qaçırlar. Bunun kökündə dədə-babadangəlmə, gendənkeçmə abır, urvat adlı bir məfhum durur. Bizim insanlar eli həmişə uca tutub, bizi “elin o başı bu başı olmaz”- məsəli ilə böyüdüblər! Vətən, yurd sevgisinin təmənnasızlığını qanımıza, canımıza hopdurublar! Mən jurnalist kimi bütün yurdlarımızı gəzmişəm, Qarabağ xaric! Hər elin adətinə bələd olmağa çalışmışam. Özüm qaxlıyam deyə demirəm, bunu Qaxda qonaq olan hər bir kəs deyir. Qaxlılar səmimi, qonaqpərvər  və işgüzardılar. Onların qəlb ismətləri o qədər bakirdir ki, nə kin bəslərlər, nə də nəfsə qul olarlar!

Ləyaqəti, mətanəti, əqidəni daim uca tutar, torpaq müqəddəsliyini, bərəkət müqəddəsliyini qorumağa  çalışarlar! Seyidəli müəllimə baxanda bizim qaxın kişilərini daha yaxşı təsəvvür etmək olur! Onlar ailəyə bağlılığı, sədaqəti müqəddəs anda çevirməkləri ilə seçilirlər! Başqa yerlərin kişilərindən fərqli olaraq, onlar heç zaman öz ismət pərdələrini yırtmaz, həyat yoldaşlarını xatun olaraq baş tacı edər, tək qaldıqda isə təsadüf halda təkrar evlənərlər! Bu yurdun insanları tarixə bağlı olduqları qədər də adət-ənənəyə sadiqdirlər. Baxın bunun isbatı üçün elə Seyidəli müəllimin səhifəsinə baxmaq yetərlidir. Bu da onun daha bir tarixə yazılan statusu. “Hər il olmasa da 2-3 ildən bir imkan tapıb bircə il gördüyüm və ona vurulduğum Sarıbaşa gedirəm. Son dəfə bu ilin avqustunda ailə üzvlərimlə xatirələr qucağında oldum. Kəndin İçərişəhərə bənzər küçələrini, dalan və döngələrini, talanı, alma bağını gəzdim, qəbirstanlıqda rəhmətliklərin ruhuna dua oxudum. 1974-1975 ci tədris illərində ilk dəfə əlimə jurnal alıb şagird qarşısına çıxdığım məktəbi ziyarət elədim. Dərs dediyim sinif otağını nəvələrimlə gəzdim.Böyük maarif fədaisi olmuş Nəcəf müəllimin otağının qarşısında ayaq saxladım. 42 ildən sonra həmin illərin həyəcanını yaşadım. Haqq dünyasına qovuşmuş Nəcəf müəllim, Xalid müəllim, Xaliddin müəllim, Nəcməddin müəllim, Cəbrayıl müəllim, hazırda Sarıbaş odunda yanıb-qovrulan Abdullah müəllim, Kərim müəllim, şəmkirli Həsən müəllim, Ata müəllim gözlərim qarşısında canlandı.Kənddəki evlər kimi məktəb də kimsəsiz idi. Onun həyətini isə ot-alaq basmışdı. Axşama yaxın Qaxa qayıtsaq da bir neçə gün Sarıbaş təəssüratlarından ayrıla bilmədim. Söz xridarları məni bağışlasınlar, duyğularımı nəzmə çəkmək istədim…

Hər gələndə görüb səni,
Boğur əzab, qübar məni
Ayaq izsiz çöl-çəməni…
Hay-haraysız Sarıbaşım,
Yetim-yesir Sarıbaşım.

“Sarıbaşı”n çalınardı,
Gözəllərin allanardı,
“Tuqay-Məlik” oynanardı
“Ayrılığ”ım, Sarıbaşım,
Yetim-yesir  Sarıbaşım.

Abdullahın tüstülənib,
Neçələrin küskünlənib,
Məktəbin də kilidlənib…
Ahu-zarlı, Sarıbaşım
Yetim-yesir  Sarıbaşım.

Bir statusa toponomiyanı, folkloru, kəndin dərd – sərini toplayan el ağsaqqalı bilavasitə itirdiklərimizi yaşatmağa, canlandırmağa çalışır! Əsl müdriklik təcəssümü! Seyidəli müəllim mənim də duyğularımı oynatdı yerindən. Uşaqlığıma götürdü fikirləri ilə məni. Yenə uşaqlığım düşdü yadıma..Kəndimin seyrinə dalmışam yenə..Gündə neçə dəfə aşdığım çəpər, necə var elə də yerində hələ.. Tumanda qaçdığım oyun meydanı,
yenə xatirələr, yenə o günlər, ömürdən silinməz izlər buraxmış, ömür aram-aram, su kimi axmış.. Bəli, əziz müəllimim, dünən oyunçu idik, bu gün seyrçi! Bizim oynadığımız o yerimizdə indi başqa bir uşaq oynayır! Onun oynadığı o topun dalindan bizim keçmişimiz, bizim uşaqlığımız boylanır.  Sizin Sarıbaşda keçirdiyiniz hissləri anlamamaq mümkün deyil! Bəlkə də, burnunuza təndir çörəyinin ətiri gəlib o kənddə. Çünki o vaxt hər ana təndirə çörək yapar, fərq etməzdi, hər kimin uşağı olsa o təndirdə onun da bir payı vardı. Donub xəyallandığınız yerdən bəlkə də o səmtə addımlamaq istəmisiz! Keçmişə tərpənmək! Amma kimsə dillənib qulağınızın dibində. “Getdi gənclik dövrün, dayan, ay adam. İndi ağsaqqalsan, elin göz nuru”. Bəlkə də həmin an qollarıınız boşalıb, bəlkə də gözləriniz dolub! Oyanmısız keçmişdən, xatirələrdən.. Kəndin seyrinə dalmısız yenə. Uşaqların gündə neçə dəfə aşdığı çəpər də, kəndin adəti yerində qalıb hələ…Sizi oyadan bəlkə də əlini möhkəm sıxdığınız nəvəniz olub…. Mənim təsəvvür əhatəm geniş olduğu qədər də kövrəldicidi duyğulu insanlar üçün, bilirəm!

Neçə-neçə elmi əsərlərin müəllifi, neçə-neçə şagirdin baş tacı olan Seyidəli müəllim, insan həyatının ən böyük mükafatı nümunəvi ailədir. Dəyərli tələbələrdir! Siz örnək bir ömür yaşamısız. Təkcə işlədiyiniz yerlərdə deyil, elimizdə, obamızda da sayılan-seçilən ağsaqqalsınız. Uca Tanrının verdiyi əmanət ömrünüzü zirvə fəthində keçirmisiz!

Böyük şairimiz Musa Yaqubun təbirincə desəm, hərəyə ömürdən bir pay verərək, siz bizimlə yol gedirsiz  müəllim ömrünüzlə. Dərs dediyiniz bütün insanlardadır sizin müəllim ömrünüz!

Urvat sözü, bilirsiz, bizim qaxlıların dilindədi. Siz də urvatlı bir ömür yaşamısız!  Mən sizə şagirdləriniz adından minnətdarlığımı bildirir, bu nurani çöhrənin ziyasından bəhrələnən yüzlərlə şagirdin qəlbinə fərəh, dodağına  təbəssüm olan adınızın ucalığı qarşısında baş əyirəm!

Uzun ömür, can sağlığı ilə yaşayın ömrünüzü, elimin dəyərli ağsaqqalı!

Sevgi və ehtiramla;

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR