Azərbaycan Ağsaqqallar Şurası turizmlə bağlı layihəyə start verdi
Azərbaycan Ağsaqqallar Şurasının “Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında” adlı yeni illik layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa bildirib ki, şura üzvləri müxtəlif layihələrə imza ataraq, hər zaman ictimai-siyasi prosesdə fəal iştirak edirlər.
Onun sözlərinə görə, layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə yönəlib: “Layihənin məqsədi turistlərin Azərbaycanın təbiətinə ekskursiyasını təşkil etməkdir. Layihənin icrasında ağsaqqallar, gənclər, turistlər və kənd sakinləri iştirak edəcəklər. Bir daha deyim ki, burada məqsəd mərkəzdə və regionlarda tarixi mədəniyyət abidələrimizin qorunması, təbliği işlərinə dəstək verməklə yanaşı, bu bölgələrdə turizm inkişafına nail olmaqdır. Layihə çərçivəsində 4 dəyirmi masa keçiriləcək”.
Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov isə deyib ki, Azərbaycanın 10 min illiklərə söykənən tarixi var. T. Bünyadov deyib ki, Azərbaycanın elə nadir abidələri var ki, onlar əvəzsizdir və turistlərin bu yerlərə səfərinin təşkil olunması vacibdir.
Tədbir çıxışlarla davam etdirilib.