NƏNƏMLƏ BAĞLI XATİRƏLƏRİM

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Mən həmişə nədənsə Mehriban nənəmi, yəni atamın anasını çox istəmişəm. Həmişə onun yanında olmaq, sözünə-söhbətinə qulaq asmaq keçib ağlımdan. Maraqlıdır ki, ailədə atamı da çox sevmişəm, ona bağlı olmuşam. Atam da məni çox istəyib. Anamla münasibətim atamla olduğundan fərqli olub. O, müəllimə olduğundan həmişə mənim nizam-intizama riayət etməyimə xüsusi fikir verib, ondan icazəsiz evdən bayıra belə çıxmamışam. Anam həmişə yaxşı oxumağıma, nümunəvi olmağıma çalışıb, mənə qarşı heç vaxt yumşaq davranmayıb. Məni çox istədiyini üzdə bildirməyib. Bunu valideyn zabitəsində gizli saxlayıb.

…Mən Şəmkirin Zəyəm qəsəbəsində doğulmuşam. Yadımdadır, beşinci sinifdə oxuyandan Mehriban nənəmgilə gedərdim. Təbii ki, bundan öncə anamdan icazə alırdım. Anam da ciddiyyətini pozmadan deyərdi:
– Sənə bir saat icazə verirəm, anladınmı?
Nənəmin evi bizim evə yaxındı, daha doğrusu, iki evdən sonra idi. O qədər də böyük olmayan bu ev vaxtilə bir varlı kişinin evi imiş. Sonralar Səməd babam alıb… Ev iki otaq və onun qabağındakı aynabənddən ibarət olsa da, çox səliqə-sahmanlı idi. Nənəmin dediklərinə görə Səməd babam qəflətən 1973-cü ildə yüksək təzyiqdən vəfat edəndən sonra bu evdə tək yaşamağa başlayıb. Mən Səməd babamı görməsəm də, nənəm ondan həmişə söz salırdı. Maraqlıdır ki, mən nənəmin söhbətlərinə vurğundum, həmişə ona qulaq asanda özümü xoşbəxt hiss edirdim. Onun təsvirləri, danışığı xəyalımda görmədiyim Səməd babamın əksini də yaratmışdı. Nənəm deyirdi:
– Mən Düyərli kəndində doğulmuşam. Səməd babamgil Tovuzdan buraya gələndə onları çox adam tanımırdı, onlara gəlmə kimi baxırdılar. Halbuki onlar tanınmış bir varlı-hallı kişinin övladları idilər. Yadımdadır, Səməd bizim kəndə, bizim həyətə iş görməyə gəlmişdi. Onun boyu-buxunu məni valeh etdi, elə ilk baxışda sinəmə bir atəş düşdü. Hiss etdim ki, bu, qarşılıqlıdır, yəni Səməd də mənə biganə deyil. Nolacaq, bu əhvalat atama da çatanda kişi acıqlanıb deyir:
– Bunun mən atasını tanımıram, babasını tanımıram. Kim bilir, kimin, nəyin nəsidir. Gəlmədi, yox, buna qız verə bilmərəm.
Gördüm yox, ürəyimlə bacarmıram, Səməd də dediyindən dönənə oxşamır, dedim:
– Səməd, başqa yol qalmadı, məni götür qaç.
…Elə belə də elədik. Yolda axundun adamlarından birinin atdığı güllə Səmədin düz sifətinin yanından ötüb keçdi. Beləcə ailə qurduq. Bax, bu gördüyün evdə yaşamağa başladıq. Əzab-əziyyətlə burda altı uşaq böyütdüm. Müharibə başlayan kimi Səməd babanı da müharibəyə apardılar. Ailənin ağırlığı, müharibənin gətirdiyi sıxıntılar bizim ailədən də yan keçmədi. Amma Allah üzümüzə baxdı, Səməd baban müharibədən sağ-salamat qayıtdı. Təbii ki, müharibədən sonra da az çətinliklərimiz olmadı.
Nənəmin danışıqları mənə şirin nağıllar kimi təsir etdiyindən onun söhbətlərindən doymurdum. Baxırdım nənəm pəncərədən uzaqlara baxa-baxa kəlağayısını düzəldə-düzəldə söhbətinə davam edir. Bu orta boylu, gülərüz, mülayim xasiyyətli qadın mənim ən sevimli, həm də ən güvəndiyim adamdı. Həmişə dəmli çayı, isti xörəyi olardı. Olduqca səliqəli idi, təmizkardı. Həyət-bacası səliqə-sahmanlı idi. Həyətin bir tərəfində kiçik bir bostanı vardı. Onun hasarı vardı. Bu bostanda nənəm kələm, badımcan, bibər, xiyar və s. əkərdi. Həyətdəki rəngarəng güllər səliqə ilə əkilmişdi. Müxtəlif meyvə ağacları da vardı. Nənəm güllərə, ağaclara, tənəklərə də qulluq eləyərdi. Onun həyətdə toyuq-cücələri də vardı. Mənim işgüzar nənəm həyətdə işləməkdən bezməz, əksinə, zövq alardı. Yadıma gəlmir ki, bir dəfə belə olsun o, “yoruldum, bezdim” desin. Üstəlik, mənim ürəyimdən keçənləri mən deməmişdən bilirdi. Mənim ən çox sevdiyim xörəyi – çəkməni çox ləzzətli bişirərdi. Düzdü, bu xörəyi anam da yaxşı bişirirdi, amma nənəmin bişirdiyi çəkmənin dadı-təmi bir ayrı olurdu.
Maraqlıdır, nənəm boş dayanmağı sevmirdi. Baxırdım boş duranda corab, köynək toxuyur.
Bəli, mən nənəmin söhbətlərinə qulaq asa-asa böyüdüm. Onun söz-söhbətindən yararlandım – ürəyimdə bir istək baş qaldırdı: ulu babalarımı axtaracağam! Qərbi Azərbaycandan gələn babaları axtaracağam!
Nənəm 2002-ci ildə 90 yaşında vəfat etdi.
…İndi mənim həmişə gedib-gəldiyim ev – nənəmin evi yoxdu, yerində başqa bina tikiblər, amma xəyalımda, yaddaşımda nənəmin evi qalıb. Nənəmlə bağlı xatirələr də. Elə bu xatirələr – çoxdan məni məndən alan düşüncələr qələmi əlimə almağa vadar etdi. Bu yazını yazdım.

Səbinə Əlizadə

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR