Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edildi
Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən layihələrdə iştirak edən kitabxananın fəxri oxucuları yeni əsərlərini kitabxanaya təqdim edirlər.
AYB-nin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı, Prezident təqaüdçüsü şair Solmaz Elqızı “Bahar gəlir” və “Ay gözəl bahar” şeirlərində baharın gəlişi ilə yaşıllaşan dağları, aşıb-daşan çayları, təbiətin oyanışını qələmə alır. El-obanın sevincini təsvir edən müəllif bahara müraciətlə hər evə bolluq, bərəkət arzulayır.
AYB-nin üzvü, gənc şair Esmira Günəş “Bahar” şeirində gözəl bahar peyzajını gözlərimiz önündə canlandırır, bahar fəslini öz duyğuları ilə tərənnüm edərək, sanki rəssam fırçası ilə rəsm tablosu yaradır.
SOLMAZ ELQIZI
BAHAR GƏLİR
Dağlar yaşıl geyir, çay aşıb-daşır,
Ana təbiətə güllü yaz gəlir.
Bulaqlar çağlayır, durna axışır,
Çal-çağır başlıayır, telli saz gəlir.
Səməni göyərir, fəsəlli bişir,
Hər elə-obaya səadət gəlir.
Könül dünyamızdan qəm-qüssə itir,
Vətən torpağına təravət gəlir.
AY GÖZƏL BAHAR
Yenə qədəm qoyur bahar yurduma,
Gəlişin sayalı olsun sənin, ay bahar.
Təbiət bürünür yaşıl libasa,
Sevinir el-oba, ay gözəl bahar.
Səməni gəlintək bəzənib yenə,
Belinə qırmızı kəmər taxıbdı.
Yumurta al-əlvan boyanıb yenə,
Bahar xonçasına naxış salıbdı.
Paxlava necə də gözəl görünür,
Xonçanın şamları alışıb-yanır.
Bu gözəl mənzərə sevinc gətirir,
Bənövşə dərilir, döşə taxılır.
Səndən doymaq olmur ay gözəl bahar,
Gəl hər bir evə bərəkət gətir.
Gözəllər gözəli sənsən ay bahar,
Bu ana yurduma toy-büsat gətir.
ESMİRA GÜNƏŞ
BAHAR
Yaşıl donu geyib torpaq,
Xoş ətirə bürünəcək.
Çiçəklərin üzərində
May böcəyi görünəcək.
Kəpənəklər çəmənlərin
Naxışına çevriləcək.
Buludların təbəssümü,
Yağışına çevriləcək.
Günəş hər gün tellərini,
Darayacaq göy üzündə.
Kainatın gözəlidir,
İnsanlar bu yer üzündə.
Bahar gəzib, dolaşacaq,
Diyarları bircə-bircə.
Hər tərəfə gözəlliyi,
Bəxş edəcək o gizlicə.
Lalələrin yanağına,
Öpüşüylə xal salacaq.
Uzun müddət təravəti
Torpaq üstə saxlayacaq.