TAİB-in ofisində Güllü Yoloğlunun kitabının imza günü keçirilib
Türk Ağsaqqalları Birliyi- TAİB-in mərkəzi ofisində birliyin Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlunun “Aybikə xan” kitabının imza günü keçirilib.
Tədbirdə TAİB-in sədr müavinləri, İdarə Heyətinin üzvləri, gənclər və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar öncə müəllifə rəhbərliyin təbrikini yetirib, oxucu olaraq kitab barədə geniş şərh verərək bildirib ki, belə kitablar həm tariximizə, həm də ədəbiyyatımıza böyük töhfədir, tariximizin qorunmasında böyük əhəmiyyət kəsb edir.
Güllü Yoloğlu bu günə qədər apardığı araşdırmalardan danışaraq kitabın ərsəyə gəlməsi prosesinin ayrı-ayrı məqamlarına toxunub.
O, qeyd edib ki, uzun illərdir türklərin Şərqdən Qərbə və ya Qərbdən Şərqə köç etmələri barədə mübahisələr səngimir:” “Aybikə xan” romanını Böyük Çöldə yaşanmış hadisələrdən bəhrələnərək yazmışam. Kitabda Türk qadınının –Aybikənin həyatından, türklərin özünəməxsus dövlətçilik ənənəsi, çöl mədəniyyəti və yaşam tərzindən bəhs edilir”.
TAİB-in sədr müavinləri Eyvaz Hünbətov, Şərafət Şəfa, Elnur Eltürk İdarə Heyətinin üzvləri Nüsrət Paşayev, Mübariz Süleymanlı, Tahir Quliyev, Zakir Əliyev, Sara Göyçəli və başqaları da öz çıxışlarında həm Güllü xanımın səmərəli fəaliyyətindən, həm də kitabdan danışıblar.
TAİB-in Gənclər Təşkilatının üzvləri müəllifə türk tarixindən və ədəbi fəaliyyətdən müxtəlif suallar ünvanlayıblar. Sualları cavablandıran müəllif sonra öz kitablarını imzalayaraq iştirakçılara təqdim edib.
Sonda xatirə şəkilləri çəkilib.