TAİB nümayəndələri Türk Dünyası Parlamentlər Vakfını ziyarət ediblər – QHT sektoru ilə bağlı müzakirələr aparılıb – Fotolar
Ankarada səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi – TAİB nümayəndələri Türk Dünyası Parlamentlər Vakfının (Fondunun) rəhbəri, AK Partinin tanınmış simalarından olan Abdullah Çalışqanla görüşüblər.
Vakfın mərkəzi ofisində keçirilən görüşdə əsasən Türk dünyası vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin hazırkı səviyyəsi, mövcud problemlər və əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmalı olan addımlara dair geniş fikir mübadiləsi aparılıb.
Abdullah Çalışqan rəhbərlik etdiyi vakfın fəaliyyəti, həyata keçirilmiş layihələr və qarşıdakı mərhələ üçün nəzərdə tutulan proqramlar barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycanın qeyri-hökumət təşkilatları ilə birgə layihələrdə maraqlı olduqlarını deyən A.Çalışqan yaxın dövrdə Bakıda təmsilçilik yaratmaq niyyətində olduqlarını və bu yöndə çalışmaların artıq başladığını bildirib.
Vakıf rəhbəri qeyd edib ki, TAİB-in Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsi, elm, ədəbiyyat, mədəniyyət adamları və ictimai fəallar arasında əlaqalərin inkişafına töhfə verməyi hədəfləmiş layihələri təqdirəlayiqdir.
A.Çalışqan Türk birliyinin möhkəmləndirilməsi istiqamətində dövlət başçıları səviyyəsində atılan mühüm addımlardan söz açaraq prosesin dərinləşməsində Türkiyə və Azərbaycan prezidentlərinin oynadığı rola da diqqət yönəldib.
Öz növbələrində TAİB nümayəndələri də qeyd ediblər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türk dünyasında siyasi, sosial və mədəni əlaqələrin inkişafı, Türk Dövlətləri Təşkilatının mövqelərinin möhkəmləndirilməsi məqsədilə atdığı prinsipial addımlar, arzulanan Türk Birliyi xüsusunda gələcəyə nikbin baxmağa ciddi əsaslar verir. TAİB nümayəndələri həmçinin Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirdiklərini, Şuranın mövqeyi və məsələlərə baxışına əlahiddə önəm verdiklərini də bildiriblər.
Görüşdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı TAİB tərəfindən Türkiyədə təşkil olunacaq Konfransa hazırlıq işləri ilə də bağlı müzakirələr aparılıb. Bundan başqa, TAİB-in Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bakıda düzənləyəcəyi konfrans da müzakirə mövzusu olub. Abdullah Çalışqan TAİB-in təşəbbüslərini alqışladığını qeyd edərək Türk Dünyası Parlamentlər Vakfının hər iki konfransda yaxından iştirak edəcəyini açıqlayıb.
Xatırladaq ki, TAİB-in nümayəndə heyətinə sədr, akademik Sudeif İmamverdiyev, Türk dünyası üzrə həmsədr Hulusi Kılıç, İdarə Heyətinin üzvü Məcid Hacıyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu (Qonaq qismində), TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk daxildir.