Fransanın insanlıq əleyhinə cinayətləri – Faşizm nümunələri və Parisin riyakar siyasəti

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son dövrlər Fransa Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək, ikinci Qarabağ müharibəsi zamanı guya hərbi cinayətlər törətdiyimizə dair əsassız iddilar irəli sürür. Rəsmi Parisin bu cür sərsəm fikirlər səsləndirməsinə baxmayaraq ortada bununla bağlı heç bir tutarlı materiallar yoxdu. Ölkəmizi hərbi cinayətlər törətməkdə ittiham edən Fransanın özü dünya tarixində bəlkə də ən çox soyqırım törətmiş dövlət kimi tanınır. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanı müharibə cinayətlərində, humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıq olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil.

Qarabağda yaşayan “bir ovuc” erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan artıq əhalisinə muxtariyyət belə verməkdən imtina edib. Muxtariyyət verməməklə kifayətlənməyən Fransa 1830-cu ildə işğal etdiyi və həmin tarixə qədər heç bir əlaqəsi olmayan ölkəni Fransanın ayrılmaz parçası elan etmişdi. Əlcəzair xalqı bu haqsız durumla razılaşmayaraq 1954-cü ildə ayağa qalxmış, müstəmləkəçi qüvvələrə müqavimət göstərməyə başlamışdı. Məqsədinə nail olmaq üçün işğalçı Fransa ordusu kütləvi qətliamlar, habelə müharibə və insanlıq əleyhinə çoxsaylı digər cinayətlər də törədir. Bu cinayətlər istər işğalın başlandığı 1830-cu illərdə, istər müstəmləkə dövrünün davamında, istərsə də 1954-cü ildə azadlıq mübarizəsi açıq müstəviyə çıxanda özünü büruzə verir. Məsələn, hələ 1832-ci ildə Fransanın işğalına müqavimət göstərən El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilir. Fransızlar qısa zamanda onlara qarşı mübarizəyə qalxdığı üçün qadınlar və uşaqlar da daxil olmaqla 12 min insanı qətlə yetirir.

Həmçinin, Fransa İkinci Dünya müharibəsinin başa çatdığını qeyd etdiyi 8 may 1945-ci ildə bu dəfə öz azadlıqları üçün mitinqə çıxan əlcəzairlilərə divan tutur. 1945-ci ildə Əlcəzairin Setif şəhərində törədilən həmin qırğın zamanı 45 min əlcəzairli öldürülür, həmçinin 5 000-ə yaxın adam həbs olunur, habelə 99 nəfər edam, 64 nəfər ömürlük sürgün cəzalarına məhkum edilir. Halbuki, əlcəzairlilər Fransanın 1940-cı ildə Almaniya tərəfindən işğalına qarşı qətiyyətlə mübarizə aparıblar. İkinci Dünya müharibəsi zamanı 173 min əlcəzairli Fransa ordusuna cəlb edilir, onlardan 26 mini döyüş meydanlarında həlak olur. Daha 120 mini isə müdafiə istehkamlarının qurulması işlərinə səfərbər edilir. Amma Fransa, azadlıqları üçün bu qədər qurban verən Əlcəzairə bu fədakarlığına görə, nəinki təşəkkür edir, bölgənin hüquqlarını genişləndirir, əksinə, Setif şəhərində qətliam törədir. Və hələ də rəsmi Paris həmin faciəni qətliam kimi tanımaqdan imtina edir. Bundan əlavə Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb və həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir.

Qeyd edək ki, Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan bu günədək mina xəritələrinin Azərbaycan tərəfinə verilməsindən boyun qaçıraraq, müttəfiqi Fransanın ənənələrini davam etdirir.

Daha bir faciə 1961-ci il oktyabrın 17-də baş verir. Həmin gün on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxır. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilir, mindən çox şəxs həbs olunur. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olur. Bu dəfə də Fransa hakimiyyəti ölkənin mərkəzində baş verən faciə barədə susur. Yalnız faciədən 37 il sonra Fransa “Sena qətliamı” zamanı insan ölümlərini təsdiqləyir və bu zaman da qərəzindən qalmır, ölü sayını cəmi 40 nəfər göstərir.

Fransa məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib və bunun da nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib. Eyni şəkildə Ermənistan işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma həyata keçirib. Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilib, məscid və mədrəsələr dağıdılıb, müsəlman alimləri həbs edilib, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilib.

1878 -ci ildə illərdə Fransa Çadı işğal etmək üçün hərbi əməliyyatlara başladı və ard-arda hazırlanan hücumlardan sonra yerli müsəlman hakimiyyət darmadağın edildi və 1900-cü ildə ölkə tamamilə işğal olundu. İşğala boyun əyməyən üsyançıların müqavimətini qırmaq üçün Fransa İngiltərə və Almaniyanı da bölgəyə dəvət etdi və Çad üç işğalçı arasında bölüşdürüldü. Çadın yerli müsəlman əhalisi uzun illər işğalçı dövlətlərə qarşı vuruşdular. 1909-cu ilə qədər müqaviməti qırmaq üçün minlərlə çadlı öldürüldü, tabe olmayanlar isə hərbi düşərgələrdə nəzarətə götürüldü. Bu yolla avropalılar yalnız 1911-ci ildə Çadı boydan-boya nəzarət altına ala bildilər. Bu mərhələ Çad tarixinə qara dövr kimi daxil olub. İslam düşmənçiliyinin simvolu olan fransızlar ölkədəki bütün məscid və mədrəsələri dağıtdılar, İslam dinini qadağan etdilər. Elm adamlarını zindanlara ataraq məhv etdilər. 1917-ci ildə fransızlar Çadın Abəşə şəhərində konfrans keçirmək adı ilə 400-dək yerli ziyalını bir yerə toplayaraq hamısını qətlə yetirdilər. Onların məqsədi ölkədə dinini, tarixini bilən hər kəsin yox edilməsi idi. İslam dininin aradan qaldırılması və bütpərəstliyin yayılması üçün işğalçılar ölkənin bir hissəsində yaşayan bütpərəst tayfa və qəbilələrə bəzi imtiyazlar verdilər. Onlar yerli idarəetmə orqanlarında irəli çəkildilər və müsəlmanların hüquqlarını tapdalayan qanunlar qəbul etdilər. Bununla da ölkə uzunmüddətli qeyri-sabit dövrə girdi, dini qarşıdurmalar baş verdi, minlərlə insanın qanı töküldü. 1957-ci ilə qədər Çad ədalətsiz və qanlı dövr yaşadı.

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib.

Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır.

Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. Bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb.

1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər.

Bütün bu sadaladıqlarımıza nəzər yetirdikdə Fransanın daha çox faşist bir dövlət kimi mövcud olduğunu deyə bilərik. Keçmiş tarixi soyqırımlar törətməklə dolu olan Fransa bu gün məhz bu səbəbdən Ermənistan tərəfini müdafiə edir. Çünki Ermənistan da qardaşı Fransa kimi Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş və onları öz doğma el obalarından sürgün etmişdilər. Azərbaycanı 44-günlük müharibədə hərbi cinayətlər törətməkdə ittiham edən Fransızlar 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım haqqında bircə dəfə də olsun heç nə danışmadılar.

Daşqın Həsənov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR