28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Mən əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarımı məlumatlandırmaq istərdim. Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”- bu fikirləri Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göstərirdi ki, münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyiş olmayacaq. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdi. Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbuluna etiraz edərək məsələnin yalnız qurum çərçivəsində həll edilməsinə üstünlük vermişdi.
Ötən müddət ərzində Ermənistan danışıqlar adı altında imitasiya ilə məşğul idi. Təbii ki, buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirirdi. Həqiqətdə isə ATƏT-in Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli idi.
Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü 44 günə hərbi yolla həll etdi. Xatırladaq ki, müharibə müddətində Minsk qrupunun həmsədrləri onilliklərdi uzadaraq yubatdıqları problemin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırırdılar. Ancaq hər kəs şahidlik edirdi ki, sülhü onlar heç vaxt təmin edə bilmədilər. Çünki sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla dəqiq təsbit olunmuşdu. Elə buna görə də hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.
Prezident İlham Əliyev “Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”- deməklə bu qurumun fəaliyyətininin sona çatdığını bəyan etmişdir.
Azərbaycan Prezidenti həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Bəs onda Minsk qrupu nə ilə məşğul olmaq istəyir? Vətən müharibəsi başa çatdıqdan indiyə qədər bu qurum göstərəcəyi fəaliyyətin istiqaməti ilə bağlı heç bir təklif verməyib. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir.
ATƏT-in Minsk qrupu ona bəslənən ümidləri doğrultmadı və bundan sonra həmin təşkilatın fəaliyyətinin dirçəldilməsinə heç bir lüzum yoxdur.

Yusif Əliyev
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Vətən müharibəsi veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR