Erməni təxribatına növbəti sarsıdıcı zərbə
Sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Ermənilər, onların hərbi-siyasi rəhbərliyi növbəti dəfə öz mənfur simalarını, düşmənçilik xislətini açıq-aşkar nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində “dəmir yumruğun” zərbəsindən bir növ nakauta düşən Paşinyan hökuməti beynəlxalq müstəvidə sərsəm siyasi gedişləri ilə sözdə bir əməldə başqa işlər həyat keçirməklə vəziyyətin daim gərginləşməsinə yönələn addımlar atmağı davam etdirir.
Son aylarda Ermənistan tərəfindən Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonlarında yaradılmış sərhəd postlarının, mülki obyektlərin mütəmadi olaraq atəşə tutulması adi hal almışdı. Ermənistan hərbi-siyasi hakimiyyəti hər vəchlə sülh danışıqlarının uzadılmasına çalışır, 10 noyabr Bəyannəməsinin tələblərinin yerinə yetirilməsi üçün bütün qeyri-adekvat hərəkətlərdən çəkinmir, bölgədə sülhün və əminamanlığın bərqərar olması üçün üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində heç bir fəallıq göstərmir.
Bölgədə Ermənistan tərəfindən vəziyyətin gərginləşməsinin intensivliyinin artması son nəticədə 12-13 sentyabr hadisələrinin baş verməsinə gətirib çıxardı.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok vilayətində keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı 44 günlük Vətən müharibəsini xatırladıb və misallar çəkərək bölgədə yeni hərbi toqquşma riskinin ola biləcəyinə işarə etmişdir. Əslində Paşinyan elə bu çıxışı ilə yeni təxribatların ola biləcəyinin anonsunu vermişdir. Bu, ən çox istifadə olunmuş erməni metodudur. Ermənilər bir hadisə törətməmişdən əvvəl haray-həşir salır, hüquqlarının pozulmasını önə çəkir, beynəlxalq diqqəti özlərinə yönəltməyə səy göstərirlər.
Əslində Paşinyanın forumda iştirak etdiyi günlərdə də sərhəddə silahlar susmamış, Ermənistan tərəfindən demək olar ki, ardıcıl olaraq atəşkəs pozulmuş, vəziyyətin gərginləşməsinə səbəb olan hərəkətlər olmuşdur. Ermənistanın sərhəd boyu hücüm silahlarınının və şəxsi heyətin cəmləşdirdyi müəyyən olunmuşdur. Hələ avqust ayında ordumuz tərəfindən “Qisas” əməliyyatı keçirirərək düşmən təxribatına layiqli cavab verilmişdir, ancaq görünür düşmən bu zərbədən layiqli dərs almamışdır.
Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı birləşmələrinin bölgədə törətdiyi iri miqyaslı təxribat əslində gözlənilən idi. Çünki Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasi monipulyasiyaları bunu deməyə əsas verir. Revanşist qüvvələrin əsas söz sahibi olduğu rəsmi İrəvandan yalnız bu gözlənilirdi. Lakin həmin qüvvələr bir şeyi anlamadılar ki, artıq işğaldan azad olunmuş əzəli torpaqlarımızı müzəffər, qalib Azərbaycan ordusu qoruyur.
Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və ordumuzun şücayəti bu təxribatda da öz sözünü dedi. Ordumuz “Qətiyyətli cavab” əməliyyatı ilə düşmən qüvvələrinə öz gücünü göstərdi, düşmənin bütün sərhədboyu yerləşdirdiyi ağır döyüş texnikaları,qurduğu hərbi istehkamlar,40-dan artıq post, 250-dən çox canlı qüvvəsi, iki ədəd S300 raket kompleksi sarsıdıcı zərbələrlə məhv edildi.
Əgər bu sarsıdıcı cavabdan sonra erməni revanşist qüvvələri və onların siyasi havadarları nəticə çıxarmasalar, onda onların aqibəti daha da ağır olacaqdır. Bunu hər kəs bilməlidir, Ermənistan hərbi-siyasi rəhbərliyi də, revanşist qüvvələr də,onların havadarları da.
Ölkəmizdə əbədi yaradılmış Prezident-Xalq birliyi, xalqımızın inam və güvən yeri olan müzəffər Ordumuz istənilən düşmən təxribatına layiqli və sarsıdıcı cavab vermək iqtidarındadır. Bunu bütün qarşı tərəf birdəfəlik anlamalıdır.
Regionda yeganə güc və söz sahibi, eyni zamanda əbədi sülhün qarantı yalnız Azərbaycan dövlətidir. Ölkəmizə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı istənilən təxribat əməllərin anında və yerində dərhal qarşısı alınacaq, düşmən qüvvələrinə bundan da ağır zərbələr vurulacaqdır.
Diqəm Əlirzayev 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı