TAİB-in fəxri üzvü Mustafa Güzelkayanın 45 yaşı tamam olur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 Mustafa Güzelkaya-45

 “Biz bu millətə xidmət etməyə, xidmətçi olmağa gəlirik, kişiyiksə, sözümüzün üstündə duracağıq”- sözlərinin müəllifi illə görüşmək də nəsibimizdə varmış. Bu dəyərli insanla Türk Ağsaqqalları  Birliyinin Türkiyənin İqdır-Aralıq bölgəsində  keçirdiyi konfransda daha yaxından tanış olduq. Sadəliyi, səmimiliyi ilə hər birimizin rəğbətini qazanan bu insan barədə sosial şəbəkədən tanışlığım vardı. Azərbaycan sevgisini,  qətiyyətli çıxışlarını, öz dövlətinə olan sədaqətini  təqdir edərdim hər vaxt.

Söz açdığım insan  İğdır bölgəsinin Aralıq bələdiyyəsinin başqanı Mustafa Güzelkayadır.

Bu gün 45 yaşı tamam olan bu dəyərli türk oğlunu kiçik bir yazıyla təbrik etmək qərarına gəldim.

Türkiyənin ən ucqar bölgələrindən biri olan, olduqca strateji əhəmiyyətə malik olan Aralıq  İğdır şəhərinin rayonlarından biridir. 24 minlik əhalinin təxminən yarısı kürdlərdən, qalan yarısı isə azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar əsasən Aralıqda, kürdlər isə kəndlərdə məskunlaşıb.  22 kənddən və bir şəhərdən ibarət olan Aralıq şəhəri İğdırın 45 kilometrliyində yerləşir. 1960-cı ilin yanvarında yaradılıb və 14 noyabr 1920-ci ildə rus işğalından azad edilib. Ümumilikdə bu rayonun İranla 49, Sədərəkdən Azərbaycanla  11, Araz çayı boyunca Ermənistanla  56 kilometrlik sərhədi var.

Əziz dostumuz Mustafa bəyin təbirincə desək, Ermənistanın  ərazisi də, oradakı kəndlər, şəhərlər, İrəvan başda olmaqla, hər yer Türk torpaqlarıdır.

Böyük şairimiz Musa Yaqub deyirdi ki,

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!

 

Bu əzmlə yaşayanlardan biridir Mustafa Güzelkaya da. Vətən sevdalı, yurd təəssübkeşli, fədai! Vətənini, torpağını canından çox sevən bir insan!

Böyük  alim  Mahmud Qaşğari məşhur əsərində yazır ki, Tanrı onlara Türk adını verdi və onları yer üzünə hakim qıldı. Bunun davamını isə böyük imperator Napoleon Bonapard gətirir:” Mənə Türklərdən ibarət bir ordu verin, sizin ücün dünyanı fəth edim!”. Türkün tərifini verən yüzlərlə belə aforizmlər türkdilliləri, türk qanı daşıyanları  bir hədəfə- Kızıl elmaya götürür.

Bizim əzizimiz Mustafa Güzelkaya sözün əsl mənasında, məqsədi, fəaliyyəti, dövlətə sədaqət və xeyirxahlığı ilə öyünəcəyimiz bir Türk oğludur. O, 17 fevral 1977-ci ildə İqdır şəhərinin Aralıq ilçəsində dünyaya göz açıb. Böyüdükcə, əsl həqiqətləri qavramağa başlayandan, düşmənlərinin burnunun dibində olduğunu görüb özünə söz verir…

Söz verir ki, bu yurd üçün son nəfəsinə qədər mücadilə edəcək, bütün həqiqətlərin dünyaya yayılması üçün əlindən gələni əsirgəməyəcək. Can qardaşı Azərbaycanın da, Türkiyənin də ən böyük düşməni olan erməni vandalları ilə mübarizəyə cani-könüldən qoşulur. Və hər iki ölkənin həyatında baş verən bütün hadisələrə özünəməxsus reaksiyası ilə könülləri fəth edir.  Onun mübarizliyi və dürüstlüyü dövlətin də diqqətindən yayınmır. Ona önəmli bir kürsü təqdim edilir, 31 mart 2019-cu ildə, iki il başqan yardımçısı kimi fəaliyyət göstərdiyi Ak Parti İqdır-Aralıq Bələdiyyəsinin başqanı vəzifəsinə seçilir. Xalqın, dövlətin etimadını qazanmaqdan şərəfli nə var ki, həyatda?! Beləcə, Aralığın həyatına yeni nəfəs gəlir. Hər yan abadlaşdıqca qəsəbə və kəndlərin hüsnü dəyişir, gözəllik göz oxşayır.

Bizim İqdır-Aralıq səfərimiz zamanı gəzdiyimiz hər yerin abadlığı, rifahı qürurverici oldu. Bütün bu səfər ərzində bizə məxsusi diqqət yetirən böyükürəkli, səmimiyyətilə, vətənpərvərliyi ilə örnək olan Mustafa Güzelkaya bir az da doğmalaşdı bizlərə.

Onun milli ləyaqət hissi gendən gəlir və dövlətçiliklə, türkçülük və azərbaycançılıq ideologiyası ilə sıx birləşib.  Öz millətinin keçmişi, bu günü, gələcəyi barədə hərtərəfli mücadiləyə qalxan,  öz xalqının tarixi  keçmişini gələcək nəsillərə yetirmək yolunun fədaisi  Mustafa Güzelkayanın, bu dəyərli insanın 45 yaşı tamam olur. Bu Türk oğlu barədə gözəl düşüncələrimiz kitablara sığmaz.

Əziz Mustafa Güzelkaya! Mən təşkilatımızın bütün üzvləri adından sizin ad gününüzü təbrik edir, sizə uzun ömür, can sağlığı, Turan yolundakı bütün işlərinizdə uğur və nailiyyətlər arzulayıram! Hədəfimizə qovuşmaq diləyilə..

Yolunuz daim açıq, başınız həmişə uca olsun el içində!

Böyük hörmət və ehtiramla,

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR