“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: “Artıq sol qolumu işlədə bilirəm” – FOTO
Vətən müharibəsinin igid döyüşçülərindən biri də 1999-cu il təvəllüdlü qazi Rəsulov Elşad Əlimurad oğludur. Qəhrəmanımız müharibənin ilk günlərindən ön cəbhədə silah yoldaşları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşüb.
Ağır yaralanan hərbçilərimizdən olan E.Rəsulov Qusar rayonunda anadan olub. Ailənin tək övladı olan E.Rəsulov ötən il sentyabrın 27-dən etibarən ön cəbhədə olub:
“Sentyabrın 27-dən etibarən torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. İlk olaraq təyinat üzrə Füzuli rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Silah yoldaşlarımla birlikdə bizə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişik”.
E.Rəsulov hər iki qolundan ağır güllə yarası aldığından döyüş meydanından çıxarılıb:
“Düşmən tərəfindən atılan atəş nəticəsində güllə sol qolumdan girib sağ qolumu da zədələyərək çıxıb. Oktyabrın 26-da yaralandım və təcili olaraq hospitala yerləşdirildim. Hər iki qolum ağır vəziyyətdə idi. Bakıdakı həkimlər əllərindən gələni edirdilər”.
Qeyd edim ki, E.Rəsulov “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazimizdən biri olub.
Özünün də sözlərinə görə, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə sağalaraq Vətənə geri dönüb:
“Bakıda təyin edilən üç aylıq müalicələrdən sonra mən də digər qazilərlə birlikdə Türkiyəyə 3 aylıq müalicəyə göndərildim. Müalicələr nəticəsində mənim sol qolumu nisbətən işlək vəziyyətə gətirildi. Lakin sağ qolumda sinirlər zədələndiyi üçün onun fəaliyyətini bərpa etmək mümkün olmayacaq. Ali Baş Komandanın tapşırığı ilə bizə göstərilən diqqət və qayğıya görə təşəkkür edirik. Müharibə boyu yanımızda olan xalqımız bu gün də öz hərbçisini, qazisini unutmur. Vətən sağ olsun”.