Azər Kərimli:”Heydər Əliyevin işıqlı zəkası illərin arxasından daha aydın, daha qabarıq görünür”
“27-28 il öncə Azərbaycanda baş verən hadisələrin canlı şahidi olaraq, yaşadığımız həyatın mənzərəsini onun gözü önündə canlandırmağa çalışıram. Azərbaycan dövlətinin haradan hara gəldiyini və geridə buraxdığımız çətin və şərəfli yolda hansı maneələrlə qarşılaşdığını xroniki ardıcıllıqla sıraya düzürəm. Həmin qaranlıq dövrdən keçən bir Azərbaycan vətəndaşı kimi yeni, müstəqil bir dövlətin formalaşması üçün bir o qədər də böyük olmayan zaman kəsiyində bir vaxtlar təsəvvür belə edə bilməyəcəyimiz nəticə əldə etdiyimizi düşünürəm. Təəssüf ki, insan yaxşı həyata çox tez alışır və bəzən geriyə boylanmaq, keçilən yola nəzər salmaq, çətinlikləri xatırlamaq belə istəmir. Amma xatırlamaq lazımdır, ən azı tarixin dərslərindən ibrət görümək üçün…”.
Bu sözləri Agsaqqallar.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
O, qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti göstərdi ki, güclü şəxsiyyətlərin qarşısında ən nəhəng imperiya rejimi də, ən rəzil hökmdarların qəddar qadağaları da, hakim qüvvənin, xarici dairələrin hazırlayıb dövriyəyə buraxdığı konsepsiyalar da, radikal müxalifət və onun dağıdıcl fəaliyyəti də, çılğın xarakterlər də, ölüm saçan silahlar da, hətta vətəndaş müharibəsi yaratmaq təhlükəsi də acizdir. Onun yalın əli toplu-tüfəngli əllərdən, şəxsi zəkası və iradəsi hakimiyyət strukturlarının strategiya və taktikasından, keçmişi müasirlərindən, müraciəti ordudan güclüdür:”Mənim üçün koronovirusla mübarizənin bütün bəşəriyyət, o cümlədən Azərbaycan dövləti və vətəndaşı üçün yaratdığı çətinliklər müstəvisindən keçilən yola nəzər salmaq daha maraqlı görünür. Bu gün yaşananlar 27-28 il öncə, müstəqilliyimizin ilk illərində baş versəydi, görəsən hansı mənzərə ilə qarşılaşardıq? Büdcə boş, ölkədə xaos, dərəbəylik hökm sürür, insanlar çörək növbələrində saatlarla vaxt itirirlər, ərzaq mağazalarında ələ keçə biləcək heç bir şey tapmaq mümkün deyil, kimsənin həyatı təhlükədən sığortalanmayıb. Hər an hər şey baş verə bilər… Ortalıqda dövlətin, sadəcə dağıntıları var və bu dağıntıları toplamağa, ümidsizliyə düçar olmuş Azərbaycan vətəndaşlarını qaranlıqdan işığa çıxarmağa kimsənin gücünün çatmayacağı reallığı insanları daha çox qorxudur. Belə bir şəraitdə xalq özünün yeganə ümid yerini, onu bu bəlalardan xilas edə biləcək ŞƏXSİYYƏTİ hakimiyyətə dəvət etməkdən başqa yol görmürdü. Və Azərbaycanın böyük oğlu canı qədər sevdiyi xalqını tək qoymadı, səsinə səs verdi, öz işıqlı zəkası, qətiyyəti, cəsarəti ilə bütün çətinliklərə sinə gərdi, ölkəni separatizm dalğasından, parçalanmalardan, vətəndaş müharibəsindən qorudu, dövlətin bütün institutlarını yumruq kimi toparladı, nizami ordu yaratdı, müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasına rəhbərlik etdi, inkişafımızın təməlini təşkil edən enerji və nəqliyyat strategiyamızın əsasını qoydu və ölkə vətəndaşına gələcəyə ümidlə baxmağı, azərbaycanlı olmaqdan qürur duymağı aşıladı”.
Millət vəkili Ulu Öndərimizin doğum günündə onu fəxrlə anmağından danışaraq bildirdi ki, Heydər Əliyev dühası xalqımızın və dövlətimizin tarixində xüsusi daşıdığı fəlsəfi yükü, anlamı missiyasından daha ağır gələ biləcək yer tutur. Onun gəlişi, Qurtuluş Günü işığın qaranlıq, xeyirin şər, yaradıcı düşüncənin dağıdıcı təfəkkür üzərindəki möhtəşəm qələbəsi kimi böyük tarixi əhəmiyyətə malikdir!
“Zaman keçdikcə, Ulu Öndərin öz layiqli davamçısına etibar etdiyi Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndikcə, strateji hədəflərinə doğru inamla addımladıqca Heydər Əliyevin işıqlı zəkası illərin arxasından daha aydın, daha qabarıq görünür. Allah ulu öndərimizə rəhmət eləsin. Böyük dühanı hər zaman fəxarətləanırıq!”-deyə A. Kərimli vurğulayıb.