Vətənə xidmətdən zövq alan insan-Eyvaz Hünbətov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Onun haqqında yazmaq üçün uzun- uzun düşünmək lazım deyil. O qədər söz var ki, yazacaq, o qədər söz var ki, deyiləsi..

Roma filosofu Seneca deyir ki, həyat bir əhvalata bənzər, əhəmiyyətli olan əsərin uzun olması deyil, yaxşı olmasıdır. Bu nədənlə Eyvaz Hünbətovun ömür yolu min bir naxışlı, mənalı və axar-baxarlıdır. Hələ gənc yaşlarından qəlbi mərhəmətlə vuran, İlahinin bəxş etdiyi gözəlliklərdən zövq alan, onlara qəlbinin gözüylə baxan gənc Eyvaz  böyük, dəyərli bir nəslin, seçilən bir ailənin uşağı kimi, ağsaqqal sözündən bəhrələnib, öz həyatının doğru yolunu seçmişdir.

Keşməkeşli, ziddiyyətlər və  konfliktlərlə dolu dünyamızda insan kimi yaşamaq üçün böyük  idrak sahibi olmalısan. Böyük yazıçı Dostoyevski deyir ki, həyatı və insanları öyrənmək mənim ilk məqsədim və qayğımdır. Bu işdə mən Şekspirdən nümunə götürdüm, çünki Şekspir ən böyük dahidir. O, insanları başqalarından çox yaxşı tanıyır. Cəmiyyətə rahat adaptasiya olunmaq üçün insanları yaxından tanımağı və onlara qayğı ilə yanaşmağı özünə həyat meyarı seçən Eyvaz Hünbətov bu xarakteri ilə cəmiyyətdə sevilir, qayğıkeşliyi və diqqəti ilə daim hər yerdə etimad qazanır.

Əslən Şəmkir rayonundan olan Eyvaz Hünbətov yurdsevərliyini yurda bağlılığı ilə isbat edir: “ Bu vətən mənim ruhumun pərvazlandığı, sözümün qüdrətləndiyi, ömrümün çiçəkləndiyi, sevdiyim, sevildiyim bir məkandı. Burda mənim ulularım uyuyur, mənim doğmalarım, əzizlərim, əslim, nəslim yaşayır. Bütün ömrümü bu Vətənə xidmətdən zövq alaraq keçirəcəyəm”- deyən qəhrəman sözünə sadiq qalır. Və bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Nizami rayon Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətini davam etdirir. Eyvaz Hünbətovun  təntənəli bir ömür yolu vardır. Bunu ona görə belə deyirəm ki, o, ümummilli lider, Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevlə çiyin-çiyinə çalışıb. Ən qarışıq vaxtlarda belə, ona sədaqətini göstərərək, ulu öndərin tapşırıq və tövsiyyələrinə məsuliyyətlə əməl edib. Hamı yaxşı bilir ki, Heydər Əliyev hakimiyyətə gələndə onu istəməyən qüvvələr onu sevən insanlara qarşı hücumlar edir, təxribatlar hazırlayırdılar. Üzüqara, xalqı təhlükəyə atan keçmiş iqtidar öz səriştəsizliklərinin sanki heyfini çıxırdılar onlardan. Heydər Əliyevin qayıdışı Azərbaycanı tamamən məhv olmaqdan qurtardı. O cür qarışıq bir dönəmdə işləmək böyük iradə və məsuliyyət tələb edirdi. Eyvaz Hünbətov Yaşıllaşdırma Trestinin rəisi idi o vaxtlar.

Bütün bu qarışıqlıqlarda, Ulu Öndər bütün sahələrə olduğu kimi yaşıllaşdırmaya da xüsusi diqqət ayırırdı. Eyvaz Hünbətov ulu öndərlə bağlı xatirələrində deyir:”Heydər Əliyev zəhmli insan olmaqla bərabər, incə qəlbə malik bir şəxsiyyət idi. Siyasət nə qədər sərtlik və tələbkarlıq tələb edirsə, təbiət də bir o qədər incə ruh istəyir. Ulu öndərimiz, dühamız gözəlliyi, abadlığı çox sevirdi. Parkların salınmasına, yaşıllıqların artmasına məxsusi diqqət yetirirdi. Hər ağacəkmə kompaniyasında, hər parkın açılışında təbəssümlə deyirdi, kim mənə hədiyyə vermək istəsə bir ağac əksin, bir abadlıq yaratsın. Mənim üçün ən böyük hədiyyə budur! Bu gün onun layiqli davamçısı, möhtərəm prezidentimiz də ulu öndərin yolu ilə gedir. Hər yanın abadlığı, hər yanın yaşıllaşması böyük zövq verir bizə! Hələ 1996-97-ci illərdə ulu öndərin qayıdışı şərəfinə, oğlu, möhtərəm prezidentimiz İlham Əliyevin də iştirakı ilə Heydər Əliyevin adını sağ ikən əbədiləşdirmək üçün  Nizami rayonunda ilk “Heydər parkı”-nı məhz mənim rəhbərliyim və iştirakımla salmışıq. Bu böyük şəxsiyyət dünyanın bütün gözəlliklərinə layiq olduğu üçün! Onun mənə dediyi “Bu nə partizanlıqdı edirsən, Eyvaz, mən hələ Naxçıvandakı büstümü də sökdürəcəyəm!”-ifadəsi onun böyük təvazökarlığının bariz nümunəsiydi. Lakin parkın açılışı günü, may ayının 10-da parkın gözəlliyinə heyran olan Heydər Əliyevin böyük təbəssümü mənim üçün dünyada ən böyük hədiyyə idi!”.

Bu gün Eyvaz Hünbətov gözəl babadır. Ömrün ahıllıq tinində belə istirahəti deyil, ictimai işi seçən, həssaslıqla nəvələrinin nazıyla oynayan ağsaqqalımız dövlət tədbirlərinin birini də buraxmır. Deyir, bu gün elə bir dönəmdəyik ki, hamımız əl-ələ dövlətçiliyimizin keşiyində durmalıyıq, vətənimizi inkişaf etdirmək, qorumaq üçün prezidentimizə dəstək olmalıyıq. “Milli-mənəvi dəyərlərimizi qorumaq, onları gələcək nəsillərə ötürmək üçün biz ağsaqqallar səfərbər olub gənclərlə daha çox iş aparmalıyıq. Ulu öndərimizin təbiriylə desəm,  “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”. Ona görə də biz ağsaqqalların boynuna böyük yük düşür. Bu yük vətənə xidməti ehtiva etdiyi üçün, həm şirin yükdü, həm də vacib amildir!”.

Eyvaz Hünbətov şuraya gələn gündən çoxunun rəğbətini qazanıb. Öz istiqanlılığı, diqqət və mehribanlığı ilə seçilən ağsaqqalımız xarakter fərqliliyi ilə həmsöhbətinin qəlbinə yol aça bilir. Mən bir dəfə onun “həyat müəllimidi”-dediyi insanla, dəyərli el ağsaqqalımız Əhməd Əhmədovla həmsöhbət olmuşam. Gənc kadr kimi işə başladığı gündən ona hamilik edən həyat müəllimi Əhməd Əhmədov onun barəsində belə deyir:”70-ci illərdən bərabər yürüdük Eyvazla. O zaman çox gənc idi. Həyat yollarının qarışıq, labirint yollarında naşı idi. Mehribanlığı və istiqanlığı ilə qəlbimə yol tapdı. Onun haqqında hər zaman, ancaq xoş sözlər deyə bilərəm. Eyvazın yüksək təşkilatçılıq qabiliyyəti var. Hər bir işə məsuliyyətlə yanaşır və ona tapşırılan işin öhdəsindən gəlirdi. Belə bir gənclə işləmək mənə də böyük zövq verirdi. Gör bir neçə il keçib… Ona münasibətim heç vaxt dəyişməyib. Eyvaz sağlam əqidəli olduğu üçün, sağlam da ailəyə malik şəxsiyyətdir. Onun tərbiyəli və gözəl ailəsi var. Gözəl ömür yolu övladlarına, nəvələrinə də mayak kimi işıq salıb.” Bir ustadın dilindən şagirdi barədə çıxan bu sözlər Eyvaz Hünbətovun aqil və müdrik bir rəhbərlə yol getdiyinə, işlədiyinə istinaddır.

Zaman  ayları, illəri öz dəyirmanında üyütdükcə insan daha çox yaşam həvəsli olur. Böyük dramaturq Bernard Şounun yaxşı bir kəlamı var. Deyir, həyatda səadəti edən şeylər çox kiçik parçalardır. Bir yaxşılıq, bir gülümsəmə, şirin bir baxış, yaxşı bir dilək… Əslində xoşbəxt olanlar, bu kiçik şeylərin dincliyinə çatanlardır. Dahi yazıçının kiçik dediyi əslində çox böyük şeylərdir. Bunu yaratmaq, bunu yaşatmaq məhz Eyvaz Hünbətov kimi aqil insanların hünəridir. Bu gün o, gözəl ailə başçısı, gözəl qardaş, gözəl baba, yaxşı dostdur. Köhnə dostlarını o qədər yaxşı tanımasam da, şuradakı dostları onun haqqında hər zaman yüksək fikirlər söyləyirlər. “Eyvaz aramızda olanda maraqlı olur!”. Nə gözəl ifadə olunur! Kimlərəsə lazım olduğunu bilmək, kimlərinsə sənə ehtiram bəslədiyini hiss etməkdən gözəl nə var həyatda?! Bunun üçün özün gözəlqəlbli olasan gərək. Gözəlqəlbli deyincə, bir nüansa da toxunum. Eyvaz Hünbətov vəzifədə olduğu dövrlərdə bir çox xeyriyyə tədbirlərinin təşkilatçısı olub. Onun xeyriyyəçiliyə meyli uşaqlıqdan yaranıb. 1999-cu ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən dövlətçiliyə xidməti və xeyriyyə işlərinə görə fəxri fərmanla, bir çox təşkilatlar tərəfindən təşəkkürnamələrə layiq görülüb. Bu günə qədər də bu ənənəni davam etdirən Eyvaz müəllim bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət medalı” ilə təltif olunub. Azərbaycan Ağsaqqallar Şurasının təşkil etdiyi xeyriyyə tədbirlərindəki iştirakına görə, “Türk dünyası ağsaqqalları” qəzetinin həyata keçirdiyi layihələrə dəstək verdiyi üçün təşəkkürnamə ilə təltif olunub.

Eyvaz Hünbətov keçmiş günləri xatırladıqca şərəfli bir ömür yaşadığını vurğulayır. Deyir, “ən xoşbəxt olduğum gün Ulu Öndərin öz adına salınmış parkın açılışındakı sevinci və onun mənə ünvanladığı böyük təşəkkür aldığım gün, ən unudulmaz və ağrıdıcı gün isə Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın abidəsinin açılışında gözündən yuvarlanan yaşı gördüyümdə oldu. Və o gündən bu böyük dahiyə, bu böyük şəxsiyyətə, yaxşı ailə başçısı, yaxşı valideyn və yaxşı lider kimi bir daha simpatiyam birə min artdı. Həmin illərdə 5 parkın salınmasına rəhbərlik etdim, onunla çiyin-çiyinə ağac əkdik. Və mənə hər dəfəsində tövsiyyəsi bu oldu ki, həmişə ək, becər, abadlıq yarat. Hər şey bu xalq üçün, gələcək nəsillərimiz üçündür! Mən bu gün böyük fəxarət hissilə yaşayıram ki, elə bir dahi ilə yaxın olmuşam!”.

Abşeron rayon Ağsaqqallar Şurasının sədr müavini Cəfər Quliyev ilə yaxın dostluq əlaqələri yaranan Eyvaz Hünbətov şura üzvlərinin ehtiramla “Cəfər baba”-dedikləri sayılıb-seçilən, xeyriyyəçi insan, hamının sevimlisi, dəyərli el ağsaqqalı ilə tez-tez görüşür. Cəfər baba Eyvaz müəllimdən söz düşəndə deyir:”Bu gün Azərbaycanda hər zaman öz müdrikliyi və zəhmi ilə, elin başında olduğunu öz hərəkətləri ilə isbatlayan qarapapaq kişilərimizin timsalıdır Eyvaz. Dürüstlüyünə görə, sözübütövlüyünə görə ona ehtiramım birə mindir. Bu gün elimizdə Eyvaz kimi insanlar nə qədər çox olsa, cəmiyyətdə yaşamaq da rahat olar. Dövr dəyişib, fikirlər müxtəlifləşib, psixologiyanın pozuq halda olduğu bir vaxtda Eyvaz kimi bir insan tapmaq nadir tapıntı kimidir. Var olsun! Onunla dostluğumdan qürur duyuram!”. Onun sözünə qüvvət verirmiş kimi Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev onun barəsində danışarkən vurğulayır ki, Eyvaz müəllim şuraya gələndən mənim işim xeyli yüngülləşib. Onun işə olan həvəsi, tədbirlərə olan məsuliyyəti təqdirəlayiqdir. “Xeyirsevər insanlar həmişə məsuliyyətli və diqqətli olurlar. Deyir, qardaşımı tanımıram, yol yoldaşı olmamışam. Biz Eyvaz müəllimlə yol yoldaşı da olmuşuq, iş yoldaşı da. Onun barəsində rayon rəhbərliyi necə yüksək fikirdədirsə, mən də o cür yüksək fikirdəyəm. Etimadım böyükdür! Rayonun və şuranın bütün tədbirlərində aktiv fəaliyyəti ilə seçilir”.

Eyvaz müəllimin şurada yaxınlıq etdiyi, dost kimi qəbul etdiyi insanlar onu mehribanlığına görə çox sevirlər. Nizami rayon Ağsaqqallar Şurasının digər sədr müavini Vahid Hətəmov deyir ki, mən zarafatcıl insanam. Pozitiv insanları da çox sevirəm: “Eyvaz müəllim şən, zəngin biliyə malik bir şəxsiyyətdir. Onun ən gözəl xüsusiyyəti pozitivliyidir. Zarafatcıl insanlar həm də çox duyumlu və həsas olurlar. Onlarla ünsiyyət həmişə xoş aora yaradır. Özü də xeyriyyəçi bir insanla.. Eyvaz müəllimin çox gözəl yolçuluğu var. Onunla uzaq yola çıxmaq məxsusi zövq verir. Allah bu cür insanları qorusun. Hətta adı çəkiləndə belə üzə təbəssüm qonur”.

Qəlbi dolub daşan, ruhu pərvaz, qarapapaq timsalllı Eyvaz atamız!

Bu gün onun adı öz elinin ağzında yüksək pafosla çəkilir. Bu gün o, ağsaqqallarla birgə yorulmadan çalışır. Bütün bu gərgin əməyinin içində isə 7 nəvənin də məxsusi payı var. “Ded”, “baba”, “dədə” səsləri həyətindən uçan quşların civiltisinə qarışır, abad bir yuvanın, isti bir ocağın örnək ömür nəğməsini ellərə yayır. Bu bir insan həyatının ən gözəl yaşamının ən xoş akkordlarla bitən bir nəğməsidir.

“Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!”. Böyük şairimiz Məmməd Arazın bu misralarını hər addımda pıçıldayan dəyərli el ağsaqqalı hələ də özündən gileylənir. Deyir, mən bu Vətən üçün daha çox iş görməliyəm. Mənim ki, gücüm hələ yerindədi.

Dekabrın 5-i Eyvaz Hünbətovun yubileyidir. Mən redaksiyamız adından, Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından dəyərli el ağsaqqalımız Eyvaz Hünbətovu ad günü münasibətilə təbrik edir, ona sağlam canla 100 illiyini keçirməyi arzulayıram!

Sevgi və ehtiramla,

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR