“Ermənistan və Azərbaycan arasındakı münaqişə tarixi ilə bağlı Hazaryanın və həmkarlarının bəzi açıqlamalarına aydınlıq gətirməyə çalışırıq.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağ işğal edilib və orada erməni qüvvələri tərəfindən etnik təmizlənmə aparılıb ki, bu da beynəlxalq hüququ kobud şəkildə pozur. Münaqişənin başlanğıcından – 1980-ci illərin sonlarından başlayaraq bir milyondan çox etnik azərbaycanlı evlərini tərk edib ki, bu da böyük humanitar fəlakətlə nəticələnib. Beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, sülh razılığı əldə edilməyib. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün bölgələrindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi.
Hazaryan və həmkarları son hərbi əməliyyatlar zamanı erməni tərəfindən çoxsaylı mülki şəxslərin öldürülməsindən bəhs edirlər. Bununla yanaşı onlar Ermənistanın Azərbaycanın sıx məskunlaşmış şəhər və kəndlərinə hücumlarının 414 mülki şəxsin yaralanması və 94 nəfərin ölümü ilə nəticələndiyini yada salmayıblar. Əlavə olaraq Ermənistan Silahlı Qüvvələri bu hücumlar zamanı ağır artilleriyadan, qadağan edilmiş döyüş sursatlarından və uzun mənzilli raketlərdən istifadə ediblər.
Biz 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan və hərbi əməliyyatların dayandırılmasına, beynəlxalq hüququn bərpasına və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə nəticələnən atəşkəsi alqışlayırıq.
Səhiyyə işçiləri olaraq hamımızı insan hüquqlarının tanınması və insan həyatının dəyərinə inam birləşdirir. Elmin etnosentrik baxışlarla siyasiləşdirilməsi onun həyatımıza müsbət təsirini sarsıdır. Elmimizi siyasi məqsədlər üçün istifadə etmədən hamımızın sülhü təbliğ etməyə və hərbi münaqişələrin qarşısını almağa çalışmağımız vacibdir”, – deyə məqalədə bildirilir.