Bitməyən erməni təxribatı barədə bir neçə söz

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Aprelin 11-də Gorus-Laçın istiqamətində erməni terrorçuları növbəti təxribata əl atdılar və layiqli cavablarını da aldılar. Təəssüf ki, bölgədə sülhü istəməyən Ermənistanın növbəti təxribatı da qanla bitdi. Mövqelərimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutan Ermənistanın təxribatının qarşısı rəşadətli Azərbaycan hərbçilərinin qətiyyəti ilə alındı və erməni terrorçularının atəş mövqeləri susduruldu.
Təxribatın qarşısını alarkən 3 hərbi qulluqçumuz şəhid oldu, 4 hərbçimiz yaralandı. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə ermənilərin itkisinin 4 ölü, 6 yaralı olduğu və yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə olduğu kimi bu dəfə də itkilərinin sayını gizlətməkdən çəkinmədi. Maraqlısı odur ki, yaralıların içində Ermənistan ordusunun korpus komandiri də olub. Deməli, erməni tərəfi əvvəlcədən bu təxribata əməlli-başlı hazırlıq görüb.
Hər zaman dezinformasiya yaymaqda mahir olan erməni tərəfi yenə də ziddiyyətli məlumatlar yaymağa davam etdi. Belə ki, Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentinin yaydıqları birinci məlumatda guya azərbaycanlı hərbçilərin danışıqlara gələn erməni hərbçilərə və korpus komandirinə atəş açdıqlarını qeyd etdilər. Bundan biraz sonra isə erməni təbliğat maşını tamamilə fərqli bir yalan uydurdu. Həmin dezinformasiyada isə Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığı qeyd olundu. Erməni mediasının yaydığı məlumatların ziddiyyət təşkil etməsi onu göstərir ki, təxribatı məhz Ermənistan tərəfi törədib, Azərbaycan Ordusu isə buna adekvat cavab verib.
Həmişə havadarlarının arxasında gizlənən Ermənistan, gah Rusiyadan, gah İrandan, gah da ki, Qərbdən mədət umur. KTMT-ni Qərbin NATO missiyasına dəyişən ermənilər aprelin 11-də Avropa İttifaqının müşahidə missiyasının komandiri Markus Ritterin üstünə qaçıblar ki, Azərbaycan Ordusu Ermənistan hərbçilərinə divan tutur. Ermənistan Xarici İşlər Nazirliyinin bütün səy və təkidlərinə baxmayaraq Markus Ritter toqquşmanın baş verdiyi erməni mövqelərinə getməyib. Hətta Avropa İttifaqının müşahidə missiyası erməni hərbçilərinin müşayiəti ilə Dığ kəndinin özünə belə getməkdən imtina edib. Hələ də erməni terrorçuları dərk etmirlər ki, hər dəfə havadarlarının fitnəsi ilə təxribat törətdikcə Azərbaycan hərbçisinin əlindən onları nə rus sülhməramlıları, nə İran mollaları və nə də ki, Avropanın Markusu ala bilər.
Beləliklə, hər zaman olduğu kimi bu gün də əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bizə zəfəri yaşadanlarla, düşmənlə üzbəüz mövqelərdə xidmət aparan gənclərimizlə fəxr edirik! Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik!

Nəriman Nəcəfov
Hərbi jurnalist

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR