Özbəkistanın “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı Heydər Əliyevin 100 illiyinə həsr olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin məşhur KİV-lərindən olan “Ədəbiyyat qəzeti” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bir nömrəsini tamamilə Azərbaycana həsr edib.

Agsaqqallar.com xəbər verir ki, mərkəzin təşəbbüsü və təşkilatçılığı, Özbəkistan Respublikası “Nuronilar” (Ağsaqqallar) Fondu eləcə də Özbəkistan Xarici İşlər Nazirliyinin yanında “Nurani” İctimai Şurasının həmkarlığı ilə sözügedən qəzetin xüsusi buraxılışı “Azərbaycan və Özbəkistan xalqlarının dostluğu əbədidir!” manşeti ilə nəşr edilib və qəzetin bütün səhifələrindəki mövzular Heydər Əliyevə, Azərbaycanın tarixinə, dövlətçiliyinə, ədəbiyyatına və mədəniyyətinə həsr olunub.

Qəzetin 2-3-cü səhifələrini əhatə edən “Məhəbbət, işıq, fərəhli dostluq” adlı məqalədə Özbəkistan-Azərbaycan ədəbi, mədəni, siyasi əlaqələrindən söz açılıb. Müəllifi “Nuronilar” (Ağsaqqallar) Fondu sədrinin birinci müavini olan Şərəf Ubeydullayev olan bu geniş məqalədə Azərbaycan-Özbəkistan dostluğunun Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığından başlayaraq Heydər Əliyevlə Şərəf Rəşidov arasında davam etdirilərək günümüzdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev arasında daha da möhkəmləndiyi bildirilir. Müəllif bu dostluğun, qardaşlığın əsrlər boyu əbədi olacağını vurğulayıb. Məqaləsində Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə xüsusi yer verən Ş.Ubeydullayev Ulu Öndərin sovetlər dönəmində hakimiyyətdə olduğu dövrlərdə ən çətin vaxtlarda özbək xalqının yanında olduğunu, cəsarətli şəkildə öz köməyini əsirgəmədiyini tarixi faktlarla xüsusi qeyd edib.

Qəzetin 4-5-ci səhifələrini əhatə edən “Heydər Əliyev fenomeni” adlı məqalədə Ulu Öndərin şəxsiyyəti və onun həyatı, siyasi-ictimai fəaliyyəti işıqlandırılıb. Müəllifi Özbəkistanın tanınmış yazıçısı, tərcüməçi-alim Babaxan Məhəmməd Şərif olan məqalədə Azərbaycanın Ümummilli Lideri olan Heydər Əliyevin şərəfli, məsuliyyətli ömür yolundan söz açılaraq onun xalqımızın taleyində oynadığı əhəmiyyətli roldan bəhs edilib. Heydər Əliyevi müasir Azərbaycanın banisi adlandıran müəllif Ulu Öndərin ölkəmizi dağılmanın, parçalanmanın astanasından qurtardığını, daxili ixtişaşların yatırılmasında böyük uzaqgörənlik, əzmkarlıq, səbr, təcrübə sərf etdiyini, yarıtmaz idarəçilik nəticəsində uçurumun kənarına gəlmiş bir dövlətdən güclü, qüdrətli ölkəyə çevirdiyini vurğulayıb.

Qəzetin 6-cı səhifəsində “Şərəf Rəşidovun dostu, Azərbaycan xalqının Ulu Öndəri” adlı məqalədə Ümummilli Lider Heydər Əliyevə və Azərbaycana həsr edilmiş ədəbi əsərlərdən söz açılıb. Müəllifi Özbəkistan Yazıçılar Birliyinin üzvü, tanınmış jurnalist Nəsir Tairov olan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Heydər Əliyevlə bağlı fikirləri ilə başlayan məqalədə özbəkistanlı müəlliflər tərəfindən Ulu Öndərə həsr edilmiş şeirlər, poemalar, əsərlərdən söz açılaraq Özbəkistanın xalq şairi Normurad Narzullayevin Heydər Əliyev və Şərəf Rəşidova həsr olunmuş şeirindən bir parça verilib. Müəllif daha sonra Belarus Yazıçılar İttifaqının üzvü, özbək əsilli publisist, yazıçı, şair, İsmət Koçiyev tərəfindən Azərbaycan xalqının böyük övladı Heydər Əliyevə həsr olunmuş “Триумф Гейдара Алиева” (Heydər Əliyev qələbəsi) adlı rus dilində qələmə alınmış böyük poemadan da geniş söz açır. Qeyd edək ki, poema Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və nəşrin Özbəkistanda geniş təqdimatı keçirilib. Məqalədə eyni zamanda Özbəkistanın xalq şairi Abdulla Aripovun məşhur “Azərbaycan” şeiri də öz əksini tapıb. Bu məşhur şeiri Abdulla Aripov ilk dəfə 1979-cu ildə Azərbaycana səfər etdiyi vaxt Heydər Əliyevlə görüş zamanı oxuyub.

Qəzetin 7-ci səhifəsində isə Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədovun müəllifi olduğu “İki qardaş ölkə – Azərbaycan və Özbəkistan” sərlövhəli məqalə dərc edilib. Məqalədə qardaş ölkədə yaşayan azərbaycanlıların dahi şəxsiyyət Heydər Əliyevlə fəxr etdikləri bildirilib. Ölkələrimiz arasında münasibətlərin uzun, möhkəm, sarsılmaz köklərə malik olduğu, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Özbəkistanda hər zaman böyük ehtiramla xatırlandığı vurğulanıb. Məqalədə müstəqil Azərbaycanın dünya dövlətləri arasında inamla irəliləməsi, qədim köklərini, tarixi keçmişini, zəngin mədəniyyətini qoruyub saxlayaraq türk dövlətləri, o cümlədən Özbəkistan tarixi dostluğu və əməkdaşlığı uğurla davam etdirməsi də qeyd edilərək, xalqlarımız, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müstəsna xidmətləri yüksək qiymətləndirilir.

Qəzetin 8-ci səhifəsində yer alan “Heydər Əliyevin ucaldığı şair” adlı məqalə isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkə həsr olunub. Müəllifi tanınmış özbək şairi, tərcüməçi, publisist Tahir Qahhar olan məqalədə Xəlil Rza Ulutürk yaradıcılığına geniş yer verilərək Ümummilli Lider Heydər Əliyevin bu böyük şairin həyatında oynamış olduğu önəmli roldan söz açılır. Qeyd olunur ki, Heydər Əliyev vətənpərvərlik, millətçilik, türkçülük ideyalarının təbliğatçısı olan şairi müdhiş sovet repressiyasından qoruyaraq müstəqil Azərbaycanın istiqlal şairinə çevirib. Məqalədə eyni zamanda Xəlil Rza Ulutürkün şeirlərindən tərcümələr də yer alıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR