Süleyman Camalov: “Paşa Əfəndiyev bizim üçün örnək olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Paşa Əfəndiyev 1928 – ci ildə Qax rayonunun təmiz havası və saf suyu olan İlisu kəndində müəllim ailəsində anadan olub. Onun atası Şərif Əfəndiyev Qori Müəllimlər Seminariyasında təhsil alıb, uzun illər İlisu kənd orta məktəbində rus dili müəllimi işləyib. O, Əməkdar Müəllim adına layiq görülüb, Qırmızı Əmək Bayrağı və Lenin ordeni ilə təltif olunub. Anası Səhərnaz xanım 8 övlad dünyaya gətirib. O, 40 yaşı tamam olmamış, həmin dövr üçün xarakter olan həkim və dərman qıtlığı üzündən vəfat edib. Paşa ailənin birinci uşağı olub. O, kiçik yaşlarından zəhmətə alışıb. Ailənin dolanacağını yaxşılaşdırmaq üçün o da müəyyən işlər görüb.

Paşanın uşaqlıq dövrü müharibə illərinə düşdüyü üçün yarı ac, yarı tox dolanıb, amma buna baxmayaraq dəslərindən həmişə əla qiymətlər alıb. O, 1946 – cı ildə orta məktəbi qızıl medalla bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil- Ədəbiyyat fakultəsinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə başa vurduğu üçün həmin institutda saxlanılıb və aspiranturaya qəbul edilib. Elmi rəhbəri ədəbiyyatşünas Mikayıl Rəfili ona Koroğlu dastanını tədqiq etməyi tapşırıb. Paşa Əfəndiyev ona verilən mövzu barədə saysız- hesabsız mənbələri araşdırıb, dissertasiyanı yazıb və vaxtından 2 ay əvvəl onu təhvil verib. 1953- cü ildə onu müvəffəqiyyətlə müdafiə edib, elmlər namizədi alimlik dərəcəsi alıb. İnstitutda müəllimlik edən Paşa müəllim görüb ki, Azərbaycanda folklor, yəni şifahi xalq ədəbiyyatı nümunələri nəzərdən kənarda qalıb. Onlar kifayət qədər toplanmayıb, öyrənilməyib və nəşr edilməyib. Bu barədə dərs vəsaiti yoxdur. Çox az yazıçılar onları toplayıb xalqa çatdırıblar. Elə adamlar da olub onlar xalqın yaradıcılığına sahib çıxıb, onları öz malı kimi qələmə veriblər.

Paşa müəllim özü qərara gəlib folklorşünas olsun. O böyük zəhmətlə tədqiqat işləri aparıb və topladığı materiallar əsasında “Folklorşünaslıq Problemləri” adlı doktorluq dissertasiyasını yazıb, onu müvəffəqiyyətlə müdafiə edib, elmlər doktoru adına layiq görülüb. Paşa müəllim əvvəl ali məktəb tələbələri üçün “folklor kursu” yaradıb, sonra onlar üçün “Azərbaycan Şifahi Xalq Ədəbiyyatı Tarixi” adlı dərslik yazıb. 1970 – ci ildən bu günə qədər tələbələr folkloru həmin dərslikdən öyrənirlər. Bu dərslikdə folklorun bütün nümunələri, yəni nağıllar, bayatılar, xalq mahnıları, dastanlar və mərasimlər haqqında mükəmməl məlumatlar verilib. Paşa müəllim yazır: folklor xalq yaradıcılığıdır: o xalqımızın milyon illər ərzində yaratdığı və dilinin ucunda bu günə qədər gətirib çıxartdığı bənzərsiz və əvəzsiz mədəni sərvətdir: o xalqın dilində yaranıb, onun yiyəsi yoxdur, kimsəsizdir, özbaşına gəlib çıxandır. Folklor el malıdır, çörək kimi müqəddəsdir. Paşa Əfəndiyev həm müəllim , həm alim kimi fəaliyyət göstərib. O aşıq ədəbiyyatının əlçatmaz ustadlarından olan Molla Cümənin şeirlərini toplayıb kitab şəklinə salıb. Sonra isə onun həyat və yaradıcılığı barədə monoqrafiya yazıb nəşr elətdirib. Paşa müəllim Pedaqoji Universitetdə 72 il işləyib. O, 16 il “Azərbaycan Ədəbiyyatı Tarixi” kafedrasının müdiri, Filologiya fakultəsinnin əyani və qiyabi şöbələrinin dekanı, dissertasiya üzrə müdafiə şurasının üzvü olub. Paşa müəllim 14 folklorşünas alim yetişdirib. Onun 30-dan çox kitabı, çoxlu məqalələri nəşr olunub. O, Pedaqoji Universitetin yarandığı gündən sonra keçdiyi dövrü araşdırıb “63 il Universitetin divarları arasında” adlı kitab yazıb, Universitetin yaranmasının 80 – illik yubileyində bu barədə ətraflı çıxış edib. Respublikamızda “Dədə – Qorqud” elmi mərkəzi təşkil olunanda Paşa müəllim ora dəvət olunub. O həm Universitetdə, həm də həmin mərkəzdə çalışıb. “Dədə – Qorqud” elmi mərkəzinin folklor institutuna çevrilməsini istəyən və bu təşəbbüsü irəli sürənlərdən biri də Paşa müəllim olub. O deyib, folklor xalqın mənəvi mədəniyyətidir, folklor institutu müqəddəs məbəd olmalıdır. Nəhayət onun arzusu həyata keçib, Prezidentin fərmanı ilə “Folklor institutu” yaradılıb. Həmin institutda Paşa müəllim “Klassik folklor”şöbəsinin aparıcı elmi işçisi, müdafiə şurasının üzvi, həmsədri və sədri olmuşdur. O. gənc kadrların yetişməsi üçün çox əmək sərf etmişdir. Folklor institutunda işləyərkən Paşa müəllim Azəbaycanın görkəmli yazıçılarının yaradıcılığının folklorla əlaqəsini öyrənmək üçün araşdırmalar aparmış, sonra bu barədə iri həcmli “Folklorşünaslıq Məsələləri” adlı kitab yazmış və onu nəşr elətdirmişdir. Həmin kitaba Paşa müəllimin tələbəsi, onun yetişdirdiyi filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı redaktorluq etmiş və çox gözəl müsbət rəy yazmışdır. Mahmud müəllim yazır: mənim əziz müəllimim Paşa Əfəndiyev ömrünü Azərbaycan folklorunun öyrənilməsinə həsr edib: Ulu tanrı onun ürəyini folklorumuza sonsuz sevgi ilə doldurub: o bal arısı kimi çalışıb, ömrü boyu yazıb və yaradıb: elmə qədəm basdığı gündən Azərbaycan folklorşünaslığının köklü problemlərini aydınlaçdırıb, məhsuldar folklorşünas alim kimi folklorumuza dəyərli töhfələr verib: o böyük yükü çiyninə götürüb və folklor elminə sədaqətlə xidmət edib. Paşa müəllim ədəbiyyatımızın, milli – mənəvi mədəniyyətimizin, Azərbaycan folklorşünaslığının görkəmli tədqiqatçısıdır. O, öz səyi və zəhmətilə, heç bir himayədarı olmadan adi tələbədən filologiya elmləri namizədi, doktoru, professor və əməkdar elm xadimi səviyyəsinə yüksəlib. Paşa müəllim tələbələrinin, işlədiyi kollektivlərin, oxucularının və xalqın hörmət və izzətini qazanmış böyük şəxsiyyətdir, dəyərli ziyalıdır, yaxşı müəllim, həm də yaxşı alimdir. Respublikamızda həm yaşda, həm də başda hamıdan böyük folklorşünasdır. O bütün Azəbaycan folklorşünaslarının müəllimi və ağsaqqalıdır. Son zamanlar özünü folklorşünas adlandıran bəzi yazarlar peyda olublar. Onlar yüksək rütbəli himayədarlarının köməyi ilə dissertasiya yazır, onu müdafiə edir, alim adını alır, kitab yazır, hətta dərs vəsaiti yazmağa cəhd edirlər. Amma onların yazdıqları ilə tanış olanda görürsən ki, onun içində elm yoxdur. O nə dərslikdir, nə vəsaitdir, nə də kitab. Paşa müəllimin 91 yaşı tamam olub. O indi yataq xəstəsidir. Onun tək qızı Rəna xarici əlkələrdən birində yaşayır, oranın vətandaşıdır. Paşa müəllimə onun ömrünün – gününün sirdaşı Lyudmila xanım Yusif qızı xidmət edir. Mən Paşa müəllimi ad günü münasibətilə təbrik edir, ona Allahdan şəfa diləyir, tezliklə sağalmağını arzulayıram.

Süleyman Camalov

  09.09. 19

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR