2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. 8 namizədin iştirak etdiyi seçki marafonu yüksək səviyyədə təşkil olunduğundan, seçkiyə ictimai maraq çox böyük idi.

Səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara və görülən işlərə səs vermiş oldu. Xalqın iradəsini əks etdirən 2018-ci ilin Prezident seçkilərindən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.
2018-ci il seçkilərinin nəticələri bir daha göstərdi ki, gələcəyə çox böyük nikbinliklə baxan xalqımızın növbəti illərdə görüləcək işlər haqqında çox aydın təsəvvürü var. Əlbətdə hamımızın amalı və arzusu ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar.
Cənab Prezident İlham Əliyevin növbəti prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, onun qüdrəti və iqtisadiyyatı daha da artmışdır. Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində mövqeyi də xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetini təşkil etmişdir.
Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli dərəcədə böyümüşdür. Ölkənin su təchizatının yaxşılaşdırılması, yol və nəqliyyat infrastrukturunun genişləndirilməsi, kənd təsərrüfatının inkişafı üçün böyük layihələr həyata keçirilmişdir. Ardıcıl qəbul olunan genişmiqyaslı dövlət proqramları nəticəsində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 26.6 dəfə artmışdır. Qlobal rəqabətlilik indeksi göstəricilərində Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”na görə Azərbaycan 35-ci pillədə qərarlaşaq MDB məkanında liderliyini qoruyub saxlamışdır.
Milli həmrəyliyin qorunmasına xidmət edən fəaliyyətə əsasən cənab Prezident İlham Əliyev bütün Azərbaycan xalqını milli ideya ətrafında birləşdirdi. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar oldu. Uzun illər boyu davam edən işğala tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatların daha da sürətləndirılməsinə ehtiyac var idi.
Bu illər ərzində ordu quruculuğu sahəsində sürətli inkişaf dövrünü müşahidə edirik. Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasına daxil olmuşdur. Biz bunu öncə 2016-cı ilin aprel döyüşləri zamanı görmüşdük. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərmişdi.
Aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır.
Ümumilikdə 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır.
Siyasi müstəqillik yolunda öz taleyinin sahibi Azərbaycan qalib dövlət, beynəlxalq nüfuz, böyük iqtisadi potensial və yüksələn rifahla irəliyə doğru əmin addımlarla irəliləyir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR