DİN: Tərtərdə minaya düşənlər əvvəllər azad edilmiş ərazilərə qanunsuz səfərlərinə görə cəzalandırılıbmış
Dünən Tərtərdə minaya düşən şəxslərlə bağlı DİN açıqlama yayıb.
Bildirilib ki, Tərtər rayon sakini Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar bu ilin yanvar və fevral ayları ərzində iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib.
“Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib. Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd edib və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölüb.
Odur ki vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”.