COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan nümunəsi
İqlim dəyişikliyi ilə mübarizə bu gün bütün dünya ölkələrinin üzləşdiyi ən ciddi çağırışlardan biridir. Son onilliklərdə temperatur artımı, dəniz səviyyəsinin yüksəlməsi, su qıtlığı, eləcə də ekstremal hava hadisələri qlobal miqyasda böyük iqtisadi, ekoloji və sosial təhlükələr yaratmağa davam edir. İqlim dəyişikliyinin bu kimi nəticələrinin qarşısını almaq üçün 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) yaradıldı. Bu konvensiya çərçivəsində hər il Tərəflər Konfransı (COP – Conference of Parties) adlı beynəlxalq tədbir keçirilir və iqlim dəyişikliyi ilə bağlı qlobal səviyyədə əməkdaşlıq imkanları müzakirə olunur.
1997-ci ildə Yaponiyanın Kyoto şəhərində keçirilən COP3 konfransında ilk böyük razılaşmalardan biri olan “Kyoto Protokolu” imzalandı. Bu protokol, inkişaf etmiş ölkələrə karbon emissiyalarını azaltmaq üçün konkret hədəflər qoyurdu. 2015-ci ildə isə Parisdə keçirilən COP21 konfransında qlobal iqlim dəyişikliyi ilə mübarizədə yeni bir mərhələ başlandı və Paris Sazişi imzalandı. Bu saziş, bütün ölkələrin könüllü olaraq karbon emissiyalarını azaltma və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma öhdəliyi götürdüyü ilk razılaşmadır. Paris Sazişi qlobal temperatur artımını 1.5-2 °C səviyyəsində saxlamağı əsas məqsəd kimi qarşıya qoyur və bu yolda ölkələrin əməkdaşlığını və öhdəliklərini müəyyənləşdirir.
COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Konfransı, 29-cu sesiya) 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilir. Bu tədbir, qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm mərhələdir və dünya ölkələri arasında bu sahədəki əməkdaşlığı daha da gücləndirmək məqsədi güdür. Azərbaycan, ilk dəfə olaraq bu mötəbər tədbirə ev sahibliyi edir. Bu, ölkəmizin ekoloji məsələlərə olan diqqətini və ətraf mühitin qorunmasına verdiyi önəmi nümayiş etdirir. Azərbaycan, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq edərək, iqlim dəyişikliyi və dayanıqlı inkişaf sahəsində təcrübələrini bölüşməyə hazırdır.
Azərbaycanın bu tədbirdə iştirakı və ev sahibliyi etməsi, ölkəmizin iqlim dəyişikliklərinin qarşısını almaq və təbiəti qorumaq yönündəki səylərini bir daha göstərir. Eyni zamanda, bu cür qlobal tədbirə ev sahibliyi etməsi, Azərbaycanın beynəlxalq səhnədə nüfuzunun artmasına və ekoloji mövzulara daha geniş diqqət ayrılmasına da imkan verir. COP29 çərçivəsində Azərbaycan, həm regional, həm də qlobal səviyyədə yaşıl enerji, bərpa olunan enerji mənbələrinin inkişafı və ekosistemlərin qorunması istiqamətində yeni təşəbbüsləri irəli sürmək niyyətindədir. COP29 Azərbaycan üçün həm iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işləri dünyaya təqdim etmək, həm də digər ölkələrlə əməkdaşlığı möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
COP29-un əsas gündəliyi, bir neçə önəmli məsələni əhatə edir:
1. Karbon emissiyalarının azaldılması: Karbon dioksid və digər istixana qazlarının atmosferə buraxılmasının azaldılması məqsədilə daha sərt tədbirlərin görülməsi.
2. Bərpa olunan enerji mənbələrinin inkişafı: Günəş, külək və digər təmiz enerji mənbələrinin istifadəsinin genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi.
3. İqlim dəyişikliklərinə uyğunlaşma və risklərin azaldılması: Dəyişən iqlim şəraitinə uyğunlaşmaq və iqlim dəyişikliklərindən yaranan riskləri azaltmaq məqsədilə ətraf mühitin qorunmasına dair layihələrin həyata keçirilməsi.
4. Maliyyə dəstəyi və texnoloji kömək: İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək verilməsi, xüsusən maliyyə və texnoloji köməklik təmin edilməsi.
5. İqlim ədaləti və sosial bərabərlik: Ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələrin hüquqlarının qorunması və onlara iqlim dəyişikliyi ilə mübarizə üçün lazımi resursların təmin edilməsi[1].
COP29 İqlim Konfransının açılış mərasimi və onun çərçivəsində keçirilən Liderlər Sammiti Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki qlobal öhdəliklərini göstərmək və beynəlxalq əməkdaşlığı möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıdı. Bu mərasimə dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, iqlim siyasətinə dair qabaqcıl ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri və yerli təmsilçilər qatılıb. Açılışda çıxış edən natiqlər, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf naminə əməkdaşlıq üçün yeni təşəbbüsləri və konkret tədbirləri müzakirə ediblər.
“Liderlər Sammiti” konfransın əsas hadisələrindən biri oldu. Bu sammitdə dünyanın aparıcı dövlətlərinin liderləri və nümayəndələri iqlim dəyişikliyinə qarşı qlobal səyləri müzakirə edərək, Paris Sazişi çərçivəsində qoyulan məqsədlərə çatmaq üçün ölkələrin öhdəliklərini yenidən təsdiq ediblər. Liderlər, öz ölkələrinin emissiyaların azaldılması, təmiz enerji keçidləri və ekoloji davamlılığa nail olmaq üçün gördükləri tədbirlər haqqında geniş məlumat veriblər. Sammitin əsas mövzuları arasında bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, karbon emissiyalarının azaldılması və qlobal iqlim hədəflərinə çatmaq üçün texnoloji əməkdaşlığın genişləndirilməsi kimi prioritet sahələr yer alıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Liderlər Sammitindəki çıxışı xüsusilə böyük diqqət çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə oynadığı rolu və ölkənin bu sahədəki öhdəliklərini vurğulayaraq, Azərbaycanın “yaşıl enerji” mərkəzinə çevrilmək istiqamətində irəliləyişləri haqqında danışıb. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həmçinin Azərbaycanın bərpa olunan enerji potensialı, o cümlədən külək və günəş enerjisi layihələri haqqında ətraflı məlumat verib:”Bərpa olunan enerji resurslarının inkişafı Azərbaycanın əsas prioritetlərindən biridir. Bizim məqsədimiz, 2030-cu ilə qədər ölkəmizin enerji istehsalının böyük bir hissəsini bərpa olunan enerji mənbələrindən təmin etməkdir. Bu məqsədlə, günəş və külək enerjisindən istifadənin artırılması üçün bir çox layihələr həyata keçirilir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan bu layihələri reallaşdıraraq yalnız öz iqlim öhdəliklərini yerinə yetirməyi deyil, həm də regionda təmiz enerjinin ixracatçısına çevrilməyi qarşısına məqsəd qoyub. Prezident həmçinin qeyd edib ki, Xəzər dənizi ətrafındakı bölgələrdə külək enerjisi potensialının öyrənilməsi və inkişafı Azərbaycanı bu sahədə regional liderlərdən biri edəcək. Sammitdə iştirak edən digər liderlər də Azərbaycanın təşəbbüslərinə müsbət yanaşaraq, ölkənin qlobal səylərə verdiyi töhfəni təqdir ediblər. Azərbaycanın karbon emissiyalarını azaltmaq istiqamətindəki öhdəlikləri də diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin neft və qaz sektorunda modernizasiya tədbirləri gördüyünü, emissiyaları azaltmaq üçün yeni texnologiyalardan istifadə etdiyini və təbii qazın “kömürdən daha təmiz enerji keçidi” kimi təqdim olunmasının vacibliyini vurğulayıb. Azərbaycan, həmçinin, yerli iqtisadiyyatın yaşıl texnologiyalar və bərpa olunan enerji üzərində qurulmasına dair strategiyalar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışında bu hədəfləri daha da genişləndirmək üçün beynəlxalq əməkdaşlığın və xarici investisiyaların vacibliyini qeyd edib.
Açılış mərasimi və Liderlər Sammitindən sonra konfrans çərçivəsində müxtəlif mövzulara həsr olunmuş paralel tədbirlər və sessiyalar keçirilib. Bu tədbirlərdə iqlim dəyişikliyi ilə bağlı konkret problemlər, eləcə də ekoloji innovasiyaların və texnologiyaların nümayişi keçirilib. Xüsusi olaraq təşkil olunmuş sərgidə Azərbaycan özünün ekoloji davamlılıq və yaşıl texnologiyalara yönəlik inkişafını əks etdirən layihələri nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında vurğuladığı digər vacib bir mövzu isə Azərbaycanın beynəlxalq tərəfdaşlıqlara və təcrübə mübadiləsinə açıq olmasıdır. Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə dəstək vermək üçün müxtəlif ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında digər ölkələri də Azərbaycanda həyata keçirilən yaşıl enerji və ekoloji layihələrə qatılmağa və bu sahədə birgə işlər görməyə dəvət edib. O, Azərbaycanın iqlim dəyişikliyinin təsirlərinə qarşı adaptasiya tədbirlərini inkişaf etdirməkdə qlobal tərəfdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, “COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir”.
“Qlobal problemlərə yerli həll yolları” mövzusunda keçirilən sessiyalarda kənd təsərrüfatında ekoloji təmiz texnologiyaların tətbiqi, su resurslarının qorunması, meşələrin bərpası və yaşıllaşdırma təşəbbüsləri müzakirə edilib. Azərbaycanın bu sahələrdəki təcrübəsi və yeni layihələri beynəlxalq iştirakçılarla bölüşülərək digər ölkələrlə qarşılıqlı təcrübə mübadiləsi təşkil edilib.
Bu tədbirlər COP29-un Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığa verdiyi töhfəni gücləndirəcək və ölkənin ekoloji davamlılığa yönəlik strategiyalarını möhkəmləndirəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, təkcə ətraf mühitin qorunması sahəsindəki nailiyyətlərini nümayiş etdirmək deyil, həm də qlobal ekoloji siyasətə daha böyük təsir göstərmək üçün ölkəmizin öz mövqeyini gücləndirmək məqsədini daşıyır. Azərbaycan, ekoloji problemləri yalnız yerli səviyyədə deyil, həm də beynəlxalq miqyasda həll etməklə, bütün dünya üçün yaşıl və dayanıqlı bir gələcək qurmağa doğru irəliləyəcək.
COP29, Azərbaycanın enerji siyasətindəki dəyişiklikləri, iqlim dəyişikliyinə qarşı mübarizə və bərpa olunan enerji sahəsindəki təşəbbüslərini bir daha dünyaya tanıdacaq. Bu, ölkəmizin gələcək inkişafı üçün yeni perspektivlər açacaq və qlobal iqlim siyasətində daha güclü və məsuliyyətli iştirakını təmin edəcək.
S.e.f.d. dosent Murtəza Həsənov,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı