İranın Azərbaycandakı sabiq səfiri: “İki ölkə arasında əlaqələrin perspektivi parlaqdır” Böyüt

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə müzakirə olunan əsas məsələlərdən biri Şimal-Cənub dəhlizi, İran dəmir yolunu Azərbaycan vasitəsilə Rusiyaya birləşdirmək məsələsi idi”.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Möhsin Pakayin deyib.

M. Pakayin bu dəhlizin tamamlanması üçün önəmli qərarlar qəbul olunduğunu vurğulayıb və bildirib ki, hazırda dəhlizin bir hissəsində işlər yekunlaşıb: “İran Astarasında Azərbaycan, Rusiya və Gürcüstana yüklərin əlverişli vaxtda göndərilməsi üçün terminal tikilməkdədir. Terminal elə hazırlanıb ki, qatar yük saxlanclarının yaxınlığına qədər gələ bilir”.

Səfir qeyd edib ki, müzakirələrdə razılaşdırılan digər məsələ özəl sektorda fəaliyyət göstərən şirkətlər üçün güzəştlərin tətbiqidir: “Üç ölkənin özəl sektoru arasında ticarət dövriyyəsini artırmaq və ticarətin əsasən qeyri-neft sektorunu inkişaf etdirmək razılaşdırılan məsələlərdəndir”.

M. Pakayinin sözlərinə görə, İranın elektrik enerjisini Azərbaycan və Rusiyaya, eləcə də Azərbaycan və Rusiyanın artıq qalan elektrik enerjisini İrana ötürmələri üçün işlər görülməkdədir və bu da 3 ölkə arasında əldə olunan razılıqlardandır: “Sevindirici haldır ki, Bakıda keçirilən ilk üçtərəfli görüşdə əldə olunan razılıqlar yerinə yetirilib. Bu, çox yaxşıdır və tərəflərin nə qədər ciddi olduğunun göstəricisidir. Mövcud şəraitdə Tehranda əldə olunan razılıqların da gələn il Moskvada keçiriləcək görüşədək icra olunacağını proqnozlaşdırmaq olar”.

M. Pakayin Xəzər dənizinin hüquqi statusu və Konvensiya ilə bağlı 3 ölkə arasında danışıqların yaxşı səviyyədə aparıldığını vurğulayıb. O, Azərbaycan prezidenti İlham Əliyevin ali lider Ayətullah Xamenei ilə görüşünə toxunaraq bildirib ki, görüş səmimi atmosferdə keçib və faydalı müzakirələr aparılıb: “Düşünürəm ki, Azərbaycan və İran arasında əlaqələrin perspektivi parlaqdır. Hər iki ölkə arasında qarşılıqlı etimad var və iki ölkə iqtisadi sahə ilə yanaşı, informasiya mübadiləsi və təhlükəsizlik sahəsində də əməkdaşlıq edir”.

Səfir İranın Qafqaz regionunda ən yaxşı münasibətləri məhz Azərbaycanla qurduğunu söyləyərək iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə davam etdirildiyini vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR