Memuar ədəbiyyatımızı zənginləşdirən dəyərli əsər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Onunla Respublika Ağsaqqallar Şurasında tanış oldum. Hər ikimiz eyni vaxtda Şuranın İdarə Heyətinə seçildik. Səmimiyyətlə deyirəm, çox az təşkilatların yığıncaqlarına belə həvəslə gedirəm. Təkcə ona görə yox ki, burada şuranın sədri, hörmətli Fəttah Heydərov başda olmaqla Dövlət və xalq qarşısında böyük xidmətləri olan Allahşükür Paşazadə, Arif Paşayev, Teymur Bünyadov, Südeyif İmamverdiyev, Bayram Yusifov, Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Adilə Namazova, Xoşbət Yusifzadə, Cəfər Qiyasi, Vasim Məmmədəliyev, Kərim Kərimov, Məhərrəm Məmmədyarov, Rəhim Rəhimov, Vəli Əliyev, Akif Rəfiyev, Musa Rüstəmov, Maqsud Qasımov, Musa Mirzəyev kimi sayılıb-seçilən keçmiş təsərrüfat rəhbərləri, alimlər cəm olublar. Bir də ona görə ki, buradakı şəxsiyyətlərin hər biri 70-80 illik tariximizi səhifə-səhifə qəlbində yaşadır, danışdıqca qürur mənbəyinə çevrilirlər. İbrət götürüləcək söhbətlərindən doymaq olmur. Onlardan biri də 80-i arxada qoymuş İmran Əbilovdur (Ona 70 yaş da vermək olmaz. Doğrudur ki, ürək genişliyi, xeyirxahlıq insanı cavan saxlayır).

Kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis İmran müəllim ədəbiyyatımızı, xüsusən də poeziyamızı dərindən sevən, təbliğ edən, sevdirən bir insandır. Bir çox şairlərimizin yaradıcılığını əzbər bilir. Bizi yaxın edən, hər şeydən əvvəl, onun bu xüsusiyyətləri oldu. Kitablarımın bəzisini ona  hədiyyə etdim. Bugünlərdə telefon açdı. Görüşmək istədiyini bildirdi. Məramı mənə təzəcə çapdan çıxmış kitabını bağışlamaq imiş.

“Vətənə vurğun ömürdən səhifələr” (“Araz” nəşriyyatı, 2017, 280 səh.) İmran Əbilovun memuar əsəridir. Doğrudur, onun ixtisası üzrə yazdığı 15-dən artıq monoqrafiya və əsərləri arasında professor Ağaxan Ağabəylinin anadan olmasının 100 illiyinə həsr etdiyi, şərikli yazdığı 288 səhifəlik kitabı, Ş.Ağayevlə birgə yazdığı “Bir ömrün salnaməsi” adlı 251 səhifəlik əsəri və “Azərbaycanın elm və mədəniyyət xadimləri” kitabı da memuar əsərlər səviyyəsindədir.

Nə gizlədim, son vaxtlar ən çox oxuduğum kitablar memuar ədəbiyyatdır. Sanki bir an kimi keçən ömrü vərəqləyirsən, həyatın anlarını yaşayırsan.

İmran müəllimin  bu maraqlı kitabına qədər qocaman ədəbiyyatşünas İmamverdi Əbilovun “Ömrün və elmin romantikası” və professor Yavuz Axundlunun “Xatirələr işığında ömür keçdi, gün keçdi” əsərlərini oxumuşdum. İbrət götürüləcək faktlarla zəngin olan hər iki əsər barədə fikirlərimi mətbuatda oxucularla bölüşmüşəm. İmran Əbilovun kitabı bədiilik cəhətdən bir az kəm-kəsirli görünsə də oxunaqlıdır. Bu kitabda da ibrət götürüləcək məsələlər çoxdur. Kitabdan göründüyü kimi Yaradan müdrikliyi ondan əsirgəməmişdir. Həyatda rast gəldiyi elə bir önəmli hadisə yoxdur ki, kitabda ona öz səmimi münasibətini bildirməsin.

Müəllifin avtoqrafla mənə ünvanladığı “Professor Qəzənfər Paşayevə xoş və səmimi arzularla kiçik bir xatirə” cümləsini oxuyuram. Xəttinə heyran qalıram. Hərflər muncuq kimi bir-birini tamamlayır. İllərcə öncə gözəl xətti ona öyrədən sinif müəllimi Ağarəhim Rəhimovu yada salır, ona rəhmət diləməyi belə unutmur.

Kitab müəllifin “Unutsaq unudularıq” adlı yığcam ön sözü ilə başlayır.

Kitabın redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Şahrza Ağayevin “Müdrik insan” başlığı ilə İmran Əbilovun həyat və fəaliyyətindən bəhs edən geniş məqaləsi əsərin sanbalını daha da artırır. O, yazır: “Alovlu vətənpərvər İmran Əbilovda xalq sevgisi, torpaq eşqi, vətən istəyi çox böyükdür”.

Bu, əsərin hər səhifəsində özünü bariz şəkildə göstərir. Kitabdan hasil olan qənaətlər çoxdur. Ömrü boyu hər cür yeyintinin, əyintinin, dağıntının baş verə biləcəyi sahələrdə yüksək vəzifələrdə çalışsa da nəfsini boğmağı, iddiasız yaşamağı həyat kredosuna çevirən İmran müəllim rahat həyat yaşamışdır. Gözəl şairimiz Tofiq Bayramın Qaysın Quliyevdən tərcümə etdiyi misralar sanki onun boyuna biçilmişdir:

Qoy şirin yuxuna girsin gecələr,

Ürəyincə olan gözəl bir həyat.

Ləkəli deyilsə vicdanın əgər,

Sən rahat yat!

Kitabda Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, İlyas Əfəndiyev, Nəbi Xəzri ilə bağlı ədəbiyyatşünaslar üçün maraqlı ola biləcək məlumatlar vardır. 1952-ci ildə Lənkəran Pedaqoji texnikomunda oxuyarkən müəllimi Qüdrət Xəlilovun məsləhəti ilə Səməd Vurğuna məktub yazmağından, cavab almağından, şairin məktubunun yerli qəzetdə çapından, 1955-ci ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən Səməd Vurğun və Nazim Hikmətin Gəncəyə gəlməsindən, Nazim Hikmətlə tələbələrin görüşündən, şairin yaradıcılığı haqda çıxış etməyindən, şairin “Oğlum Mehmedə” şeirini əzbər deməyindən, şairin onu öpməyindən, çox mütəəssir olmağından, kövrəlməyindən söz açır.

İmran Əbilov Mehdi Hüseyn və Rəsul Rzayla 1963-cü ilin noyabr ayında baş tutan görüşünə üç səhifə həsr edib. Müəllif yazarlarımızın Qızılağac qoruğuna ova gəlmələrindən, Mehdi Hüseynin balıq tutmaqla məşğul olmağından, Rəsul Rzanın qoşalülə tüfəngindən, lakin bir dəfə də onun tətiyini çəkmədiyindən, quşu, xüsusən də turacı vurmağa əlim gəlmir deməyindən, qeyd dəftərində fikirli-fikirli qeydlər aparmağından söz açır.

Xüsusi vurğulayır ki, Rəsul müəllim Bakıya qayıdarkən mənə tərəf dönüb dedi:

  • “Oğlum, sənin böyük gələcəyin var, unutma, bunu mən deyirəm”.

Həqiqətən də Rəsul Rzanın şair fəhmilə dediyi sözlər yerini aldı. O vaxt Masallıda rayon istehsalat idarəsinin rəisi işləyən İmran Əbilovun sədası nazirliklər və Mərkəzi Komitədən gəldi. Onun həddən artıq tələbkar olan, səhvi bağışlamayan Ulu öndərimizin hakimiyyəti dövründə uzun müddət Kənd Təsərrüfatı nazirinin müavini işləməsi çox mətləblərdən xəbər verir.

Kitabda etnoqrafiyamıza, adət-ənənələrimizə dair zəngin materiallar vardır.

Maraqlıdır ki, müəllif əsərdə Azərbaycanın bütün bölgələrinin yeməklərini sadalayır, bu və ya digər xörəyin hansı bölgəyə aid olduğu haqqında ətraflı məlumat verir. Təkcə yeməklərin adı iki səhifəni əhatə edir. Bu isə Azərbaycan mətbəxinin zənginliyindən xəbər verir.

Əsərdə müəllifin ürəkağrısı ilə söhbət açdığı ibrətamiz bir məsələdən yan keçmək olmur:

“Arxa cəbhədə müharibədən də çox dəhşətlər yaşanırdı. Hər tərəfdə aclıq tüğyan edirdi. Ac insanlar dilənir, nələri vardısa hamısını satır və ya çörəyə dəyişirdilər. Təkcə namuslarını qoruyurdular.

Tamahkar, xəbis adamlar ehtiyacı olanların qızıl əşyalarını bir çörəyə dəyişir, varlanırdılar. Çörəyə möhtac adamların əmlakını, var-yoxunu, dəyər-dəyməzinə əlindən alan həmin adamlar müharibədən sonra tamamilə məhv oldular. Bu, Allahın möcüzəsi idi”.

İnstituta girərkən əla qiymətlər alan İmran Əbilov 2-ci kursda Stalin təqaüdünə layiq görülüb. Buna görə müəllimlərinə minnətdar olduğunu xüsusi vurğulayır və yazır: “Tələbələr müəllim-professor heyətinə ən müqəddəs adamlar kimi baxır, nə dərdi olsaydı onlara müraciət edirdilər”.

Bizim dövrümüzdə də belə idi. Akademik Ağamusa Axundovun yazdığı kimi müəllimlər məhəbbət və hörmət obyekti, ümid istinadgahı idilər. Təəssüf ki, sonralar bütün bunlar gözlərimizin önündə itməyə, yox olmağa başladı.

Bu maraqlı kitabın böyük bir hissəsi Ulu öndərimiz Heydər Əliyevə həsr olunub. Burada bu böyük şəxsiyyətin möhtəşəm işlərindən söz açılır. Onun elmi səviyyəsi imkan verib ki, dahi şəxsiyyət Heydər Əliyev haqqında mötəbər söz deyə bilsin. Azərbaycan tarixində epoxa olan öndərimizin fəaliyyətinin elə məqamlarına toxunur ki, böyük marağa səbəb olur.

Ulu öndərimizin müasiri olduğumdan onun sahilsiz ümmana bənzər fəaliyyətini izləmək mənə də qismət olub.  Milli-mənəvi dəyərlərimizin hamisinin fəaliyyətindən bircə anı oxucuların nəzərinə çatdırmaq istərdim. Büdcədə pul, dəyirmanda un, tabaqda çörək olmayan ağır vaxtlarda (1994-cü il) 128 nəfərdən ibarət nümayəndə heyətini dövlət hesabına İraqa – Füzulinin 500 illik yubileyinə göndərdi. Həmin ilin noyabr ayında isə Ankarada böyük şairimizin yubileyinə həsr olunmuş şənliklərə nümayəndə heyətini öz təyyarəsində apardı. Bu, ədəbiyyatımıza, ümumən mədəniyyətimizə dərin məhəbbətin göstəricisi idi.

Müəllif kitabda İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Calal Bərgüşad, Habil Əliyev, İsmayıl Dağıstanlı ilə gözəl münasibətlərindən söz açır. Dost münasibətində olduğu 50-dən artıq şəxsiyyət haqqında yazıb. Onların arasında xalq şairi Nəbi Xəzri və ədəbiyyatşünas alim İmamverdi Əbilovun adına rast gəlmək xoş oldu.

Kitabda müəllifin ziyarətdə və ya elmi konfranslarda olduğu İsveçrə, Misir, Hindistan, Bolqarıstan, Səudiyyə Ərəbistanı, İran və keçmiş Sovetlər Birliyi ölkələri haqqında maraqlı yazıları, səfər təəssüratları da yer alır.

Yazıçı Məmməd Əfşar “Mən görən kişilər” kitabında bu müdrik adamın sanki portretini yaratmışdır:“Halallıq, paklıq, insanpərvərlik onun qanına-canına hopmuşdur”.

Bütün bunlar və özünün və ailəsinin iman sahibi olması bu ailənin respublikanın tanınmış ziyalıları ilə qohumluğuna, qız alıb, qız verməsinə gətirib çıxarmışdır. Özü də, həyat yoldaşı Gülsara xanım da, oğlanları Azər və Vüsal da, qızı Ülkər və kürəkəni Samir Vəliyev də müqəddəs yerlərdə, Həc ziyarətində olublar. Maraqlı odur ki, ailənin başçısı İmran Əbilov lap gəncliyindən iman sahibi olmuşdur. İkinci kursda ona Stalin təqaüdü verəndə Şah Abbas məscidinə gedib 10 manat nəzir verib və bu ənənə institutu bitirənə qədər davam edib.

Əsər boyu ədəbiyyat adamı olmayan İmran Əbilovun yazıçı və şairlərə belə şirin münasibətinin haradan qaynaqlandığı məni düşündürürdü. Əsərin sonuncu – “Bədii düşüncələr” bölməsinə çatanda hər şey aydın oldu. Məlum oldu ki, şair təbiətli İmran müəllim özü də şeir yazırmış. 1978-ci ildə Hindistanda beynəlxalq konfrans zamanı Aqra şəhərində dünyanın yeddi möcüzəsindən biri Tac Mahalı ziyarət etmiş və diqqəti cəlb edən şeir yazmışdır. 2011-ci ildə Nizaminin 870 illik yubileyində Dövlət nümayəndə heyəti tərkibində Hindistanda olmaq, ingiliscə “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda məruzə etmək və illərcə arzusunda olduğum Tac Mahalı ziyarət etmək mənə də qismət oldu. O təəssürat o qədər güclü idi ki, indi də unudulmur. Ola bilsin ki, İmran Əbilovun şeiri bu səbəbdən mənə əsl poeziya nümunəsi kimi təsir edib, bilmirəm. Bir onu bilirəm ki, əslən türk olan Cahanşahın tikdirdiyi bu möhtəşəm və bənzərsiz abidəni İmran müəllim çox gözəl tərənnüm edib:

Baxdıqca heyrətdən donub qalıram,

İnsan zəkasının qüdrətinə bax.

Dərin xəyallara, fikrə dalıram,

Keçmiş əsrlərdən verir o soraq.

 

Tac Mahal Aqranın başının tacı,

Gözəl abidələr dayanmış qoşa.

Sanki iki əkiz, iki cüt bacı,

Ey türk möcuzəsi, min illər yaşa.

“Ayrılıq” şeirindən götürdüyümüz misralardan göründüyü kimi İmran Əbilov dərindən duyduqlarını qələmə alır:

 

Ağladıb insanı, Habilsayağı,

Çalır ürəklərdə kaman ayrılıq.

Deyirlər, müdriklik, ləyaqət və istedad Allah vergisidir. Bu baxımdan İmran müəllimin “Ləyaqət” şeiri məni düşündürdü. Bu şeir keşməkeşli zəmanəmizdə xüsusi əhəmiyyət kəsb edir. Mənə qalırsa, həyatda ən böyük var-dövlət ləyaqətdir. Hər şeyi xərcləmək olar, qazanırsan xərcləmək üçün. Ləyaqət və vicdandan savayı. Onu xərcləmək olmaz. O insana ehtiram və başucalığı gətirir. Şeirdən verdiyimiz misralar deyilənlərə dayaq olur:

Ləyaqət deyilən bir qismət vardır,

Kimə pay düşərsə daim ucalar.

Ləyaqət sahibi nə bəxtiyardır!

Tanrı mükafatı başa tac olar.

Deyirəm, nə yaxşı ki, xalqımızın İmran Əbilov kimi ləyaqətli oğulları, nümunə ola biləcək şəxsiyyətləri vardır. Nə yaxşı ki, belələrini Yaradan xalqa bəxş edir.

 

QƏZƏNFƏR PAŞAYEV,

filologiya elmləri doktoru, professor

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR