ÖMÜR GÖDƏK, ÖLÜM LABÜD, GÜLŞƏN XALA
Adətimdi, gəzib-dolanmağı çox sevirdim. Odur ki, rayonumuzun, yəni Amasiyanın
(yaşlılar ona həmişə Hamasa deyirdilər) bütün kəndlərini gəzib-dolaşmışdım.
Şifahi xalq ədəbiyyatına könül verdiyimdən həmişə sinədəftərləri, yaşlıları axtarar, onlarla həmsöhbət olar, eşitdiklərimi yazıya alardım. Kəndlərin içində Qaraçantaya daha çox gedib-gələrdim. Bunun bir səbəbi qohumlarımın (Cəlil babamı, Bəşir əmimi nəzərdə tuturam) burda yaşamağı olsa da, bir səbəbi də Kərim müəllim (Kərim Əskərov), Baxşəli müəllim kimi şəxslərin adamı cəlb eləyən söhbətləri idi.
…Yadımdadır, bir dəfə necə oldusa Qaraçantaya gedəndə fikirli olduğumdan səmti itirdim. Bir həyətdən keçəndə baxdım içəridən səs gəldi:
– A bala, gəl, gəl içəri.
Bu səsdə o qədər mehribanlıq və xüsusi məlahət vardı ki, etiraz edə bilmədim, içəri
keçdim. Ev sahibi dedi:
– Yağı təzəcə əritmişəm. Təzə çörək də bişirmişəm. bir düymənc eləyim…
İstədim “yox” deyəm, amma bu mehriban qadının xoş baxışları, üzündəki təbəssüm
məni necə sehrlədisə heç nə deyə bilmədim.
Düymənci yeyib qurtaran kimi baxdım qabağıma kartof kababı da qoyub:
– Bir bunun da dadına bax.
– Ay xala, bu çox oldu axı.
– Ay bala, o ayrı, bu ayrı. Hərəsinin öz dadı var.
Utana-utana yedim. Gördüm doğrudan da, bu xalanın bişirdiyi kartof kababı dadlı
imiş. Ayağa qalxanda baxdım dəsmala bükülü nədisə mənim qoltuğuma verdi:
– Gülşən xalana qonaq olasan, onun İrəvan, Ağbaba kətələrindən yeməyəsən… Yox,
olmaz.
Yolu necə gəldiyimi bilmədim, bir də baxdım qarşı tərəfdən səs gəlir:
– A bala, harda qalıbsan? Bəşir əmin deyir Tacir gəlib. Bə hanı, harya getdi?
Maxbulə mamamdı. O, qoltuğumdakı bükülünü görüb dedi:
– A bala, bu nədi?
– Yolda bir xalaya rast gəldim.
– Kimiydi?
– Gülşən xala.
Maxbulə mamam əlini əlinə vurub gülümsündü:
– Hə, bala, Gülşən xalan çox qonaqpərvərdi.
– Necə?
– O, Vila dayının həyat yoldaşıdı. Bu kənddə onun qədər qabiliyyətli, səliqəli, danəndə qadın az olar, bala. Yəqin bu gətirdiklərin də kətələrdi… İrəvan, Ağbaba kətələri…
Sən hələ ucuz qurtulmusan.
– Necə?
– Utancaqsan… Yoxsa Gülşən xalan beçə, xoruz kəsdirib səni əməlli-başlı qonaqlayacaqdı…
– Ay Maxbulə mama, bu Gülşən xala maraqlı adamdı.
– Ay səni sağ olasan, onun əlindən hər iş gəlir… Yaxşı dərzidi, xalça, kilim toxuyandı.
Arada gülümsünüb özünü göstərdi:
– Sənin Maxbulaə maman kimi deyil, hər işin ustasıdı. Üstəlik, səliqə-sahmanda
Gülşənin tayı-bərabəri yoxdu. Bax, Vila dayın zurnaçıdı, toylara, xeyir işlərə gedir. Gül-
şən xalanın belə bir xasiyyəti var, kim olur-olsun xeyir işi olanları yaxşı qonaqlayır, onları yedirib-içirməmiş yola salmaz. Özü də qonşuluq haqqını gözləyəndi, heç kimdən heç
nə əsirgəməz. Bilirsən niyə belədi?
– Yox.
– Ot kökü üstə bitər, bala. Bir atalar sözümüz də var: “Əslində olan dırnağında göstərər”. Bu Gülşən xalan Məşədi Abdullanın nəvəsidi. Atası Həsən kişi yaxşı bir şəxs
olub. Anası Zəhrabəyim təhsilli olub. Quran oxuyan, ibadət eləyəndi… Belə ailənin övladı da belə olmalıdı, bala. Hə, Gülşən xalanı tanıdın, yaxşı. Yaxşı sinədəftərdi, arada gə-
ləndə get söhbətlərinə qulaq as, nə yazacaqsan, yaz.
…88-ci ilin məlum hadisələri ilə bağlı hərə bir tərəfə üz tutdu. Ağbabalılar, Şörəyellilər də Azərbaycana pənah gətirdilər. Hərə bir yerdə binə bərkitdi, məskunlaşdı.
…Neçə illərdən sonra Teyfəyə rast gəldim. Qaraçantadan söhbət açınca kövrəldi.
Dedim:
– Gülşən xala yaxşı insandı, heyif ki, bu sinədəftərdən bir şey yaza bilmədim.
Gülümsündü:
– Gülşən mənim anamdı.
– Nə yaxşı oldu.
Amma Gülşən xala ilə görüşə bilmədim. Vacib və qeyri-vacib işlər araya düşdü.
…Bir gün də acı bir xəbər eşitdim: Gülşən xala vəfat edib.
– Gecikdim, Gülşən xala, gecikdim… Bir də sözünə-söhbətinə qulaq asa bilmədim.
Maxbulə maman deyirdi ki, Gülşən xalanın sinəsində oxunmamış biur kitab var… Sözsöhbətdə o kitabı oxuya bilmədim.
Ömür gödək, ölüm labüddür. Bu, dünyanın qanunudur. Dədə Qorqud yaxşı deyib:
“Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı, gəlimli-gedimli dünya, son ucu ölümlü
dünya”. Ömür gödək, ölüm labüd, Gülşən xala. Müqəddəs ruhun qarşısında baş əyir, sənə qəni-qəni rəhmət diləyirəm, Gülşən xala.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent