Yaşadılan, yaşayan tarix – 28 may
Xalqımız tarixin müxtəlif dönəmlərində dövlətlər qurub, yüz illərlə bu dövlətin qüdrətini yaşadıb. Azıx mağarasında arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı və alt çənə sümüyü tapılmışdı. Bunlar Azərbaycanda insan məskənlərinin qədimdən də qədim olduğunu təsdiqləyirdi. Qobustan qayaüstü rəsmləri də, Gəmiqaya yazıları bu ərazilərdə ilkin mədəniyyətin nümunələıridir. Yəni Azərbaycanda həyatın da, mədəniyyətin də tarixi çox qədimlərlə səsləşir. Eləcə də dövlətçiliyi…
XIX əsrin ilk vaxtlarında Azərbaycanda milli düşüncə, milli məfkurə tarixi gerçəkliyə çevrilməkdəydi.
1917-ci ildə Rusiyadakı inqilablar dövründə Azərbaycanın xarici ölkələrdə təhsil almış ziyalıları dövrün siyasi elitası hesab edilirdi. Siyasi elita xalqın istəyinin ifadəçisi idi və onlar siyasi asılılıqdan xilas olma düşüncəsini qeyri-rəsmi ideoloji mübarizə bilirdi. Bunlar milli və dövlət müstəqilliyi ideyasının başlanğıcı idi. Tarixin müəyyən mərhələsində mübarizə vasitəsinə çevrilmişdi. O mərhələ 1918-ci il oldu. Bu mübarizə Azərbaycanda da gedirdi, Gürcüstanda və Ermənistanda da. Gürcüstanın, iki gün sonra həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycanda Azərbaycan Demokratik Respublikası kimi. Azərbaycan Demokrtik Respublikası şəraitə görə Tiflisdə elan olunmuşdu. Əvvəl Tiflisdə faliyyət göstərən hökumət, sonra Gəncəyə köçürüldü…
Azərbaycan Demokratik Respublikasında bütün dövlət təsisatları yaradıldı. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni, gerbi yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, ordu yaradılmağa başladı, ordu quruculuğu istiqamətində gərəkli tədbirlər görülməyə başladı, maarifin və mədəniyyətin inkişafı dövlətin ən çox diqqət yetirdiyi sahələrdən biri oldu, təhsilə əlahiddə yer verilməsi üçün Azərbaycanın ilk universiteti təsis edildi, digər gərəkli, müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilməyə başladı.
Azərbaycan Demokratik Respunlikası de-fakto tanındı. Antanta dövlətləri bolşeviklərin ağqvardiyaçı rəqiblərini müdafiə edirdilər, Azərbaycan Demokratik Respunlikasının de-yure tanınmasından imtina edirdilər. Bu, Azərbycanın xaricdəki diplomatik korpusunun fəaliyyətini çətinləşdirirdi. Yüksək təhsil almış Topçubaşov, Ceyhun Hacıbəyli diplomatlarla çoxsaylı görüşlər keçirmişdi, Azərbaycanın iqtisadi potensialını proqnozlaşdıran bukletlər hazırlatmışdı, lazımi instansiyalara paylatmışdı, lakin onlar Parisdəki beynəlxalq ictimaiyyəti Azərbaycanın tam tanımasına nail ola bilmədi. ADR-in siyasi dayağı olan Müsavat siyasətçiləri Avropanın siyasi mühitində az tanınırdı. Tanınmada bunun da təsriri vardı..
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli şurası ölkənin dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul etdi. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmişdi, onun hakimiyyətinin əhatələdiyi ərazinin hüdudları müəyyənləşdirilmişdi, dövlətin əsas prinsipləri öz əksini tapmışdı. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət hakimiyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaradacağını bildirirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramla məlumat verildi…
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi. Parlamentin rəhbər orqanları seçildikdən sonra hökumətin fəaliyyəti barədə məsələ müzakirə edildi…
Azərbaycan xalqının milli azadlıq mübarizəsi nəticəsində Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman şərqində ilk parlamentli respublika yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların kütləvi şəkildə yaşadığı ərazi təqribən 150 min kvadrat. Kilometr idi. 1918-ci ildə Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC hökuməti, həm də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanı da ermənilərə güzəştə getməyə, onu yeni yaradılan Ermənistan Demokratik Respublikasının siyasi mərkəzi, yəni paytaxtı kimi tanımağa məcbur oldu. Bununla da AXC Cənubi Qafqazdakə tarixi Azərbaycan torpaqlarının 113,9 min kvadrat kilometrə qədər azaldı. 2,8 milyondan çox əhalisi olan bu dövlət belə bir tarixi ədalətdizliyə məruz qaldı.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuq, buna görə Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Həmin dövr üçün olduqca mütərəqqi müddəalar əsasında hazırlanmış çoxsaylı qanunlar qəbul edildi. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququ verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, həyata keçirilmiş digər işlər XIX əsrin birinci rübü üçün böyük dövlətçilik uğurları idi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi əhəmiyyət verdi. 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilmişdi, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunmuşdu. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi. Sonradan Ulu Öndərin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla həmin gün – 22 noyabr ədliyyə qulluqçularının peşə bayramı günü kimi təsis olundu.
Qafqaz-İslam Ordusu Azərbaycan hökumətinin möhkəmlənməsində mühüm rol oynadı. Bu ordu Bakını azad etdi.
Sənədlər və arxiv materialları təsdiqləyir ki, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qanun yaradıcılığı işinə xüsusilə diqqət yetirilmiş, 7 dekabr 1918-ci ildə keçirilən ilk iclası ilə Parlament fəaliyyətə başlamış, Əlimərdan bəy Topçubaşov Parlamentin sədri seçilmişdir. Cəmi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmiş, 230-a yaxın qanun qəbul olunmuşdu.
Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Xosrov bəy Sultanovun, Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun və başqalarının adı tarixdə həmişə qalacaq…
Siyasi çalxantılar səbəbindən xarici müdaxilələrə görə ADR 23 aydan sonra süqut etdi.
ADR-ın dövlət bayrağını – üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Müstəqilliyə gedən yolun əsası qoyuldu.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olundu. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 100 illik yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar dövlətçilik tariximizə ehtiramın təzahürü kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məqamlara toxunaraq demişdi ki, bu il – 1918-ci il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib: “Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir”.
Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu;
Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın Silahlı Qüvvələri yaradıldı;
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu;
Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi tanınır, yaşadılır…
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
Oxşar Xəbərlər
- Bir qrup hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi – SƏRƏNCAM
- Azərbaycan Ermənistan bölgələrinin qaz təchizatını da sıradan çıxardı
- İsrailin Kiryat Yam şəhərində fəaliyyət göstərən İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində “Ana dili – Azərbaycan məktəbi” adlı tədbir keçirilib