Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Ana tarla” tamaşasının premyerası keçiriləcək
Aprelin 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək
Agsaqqallar.com xəbər verir ki, fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib.
Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Qeyd edək ki, Fond tərəfindən 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi təntənə ilə qeyd olunub, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilib.