YAP-ın nümayəndə heyəti AK Partinin İzmir təşkilatını ziyarət edib
Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İzmir il başqanlığını (təşkilatını) ziyarət edib.
AK Partinin İzmir il başqanı (təşkilat sədri) Bilal Saygılı Azərbaycan nümayəndə heyətini qəbul edib.
Agsaqqallar.com xəbər verir ki, görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, deputatlar Anar İsgəndərov, Azər Badamov, YAP Təftiş komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və digər şəxslər iştirak ediblər.
Toplantı zamanı tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyi qeyd edilib.
YAP ilə AK Parti arasındakı münasibətlərin hazırkı durumu və perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb. 2021-ci ildə iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək mühüm addımların atıldığı, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.
Görüşdə çıxış edən Əhliman Əmiraslanov vurğulayıb ki, Azərbaycan və Türkiyənin hakim partiyaları arasında sıx əlaqələr mövcuddur:
“Bura səfərimizin məqsədlərindən biri də zəlzələdə həyatını itirənlərə başsağlığı vermək, yaralananlara şəfalar diləməkdir. Azərbaycan dövləti bu təbii fəlakət baş verən dəqiqələrdən etibarən qardaşlarımızın yanında oldu”.
O qeyd edib ki, Türkiyə demokratik bir ölkədir:
“Burada seçkilərin taleyini xalq həll edir. Bizim nümayəndə heyətinin bir arzusu var ki, qardaş ölkənin xalqı düzgün seçim etsin. Əminəm ki, bu seçkilər bütün türk dünyası üçün uğurlu və xeyirli olacaq”.
Daha sonra çıxış edən Bilal Saygılı vurğulayıb ki, Azərbaycan və Türkiyənin bərabərliyi bundan sonra da davam edəcək:
“Azərbaycan nümayəndə heyəti İzmirə səfəri zamanı bir daha bizimlə birlikdə olduqlarını ifadə etdilər. İnşallah seçkilərdən qalib çıxacağıq və bu qalibiyyəti birlikdə qeyd edəcəyik”.
Azərbaycan və Türkiyəni bir-birilərinə bağlayan tarixi bağların olduğunu deyən partiya funksioneri dünyada bir-birilərinə yaxın olan belə bir ölkələrin olmadığını söyləyib: “Seçkilərdə “AK Parti gedəcək” deyənlər Azərbaycanın və Türkiyənin gələcəyini istəməyənlərdir. Onların bu arzuları ürəklərində qalacaq. İnşallah bu seçkilər Azərbaycan və Türkiyə üçün xeyirli olacaq”.
Çıxışlardan sonra xatirə şəkli çəkdirilib.