TAİB-in sədri, akademik Sudeif İmamverdiyev: 20 Yanvar ildən-ilə xalqımızın yaddaşında daha da əbədiləşir
TAİB-in sədri, akademik Sudeif İmamverdiyev: 20 Yanvar ildən-ilə xalqımızın yaddaşında daha da əbədiləşir
20 Yanvar ildən-ilə xalqımızın yaddaşında, qəlbində daha da əbədiləşir. 20 Yanvar faciə olmaqla yanaşı, həm də xalqımızın həmrəy olduğu günüdür. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizə öz ehtiramını bildirir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək, qan yaddaşımızı təzələməklə, gələcək nəsillərə tariximizi unutmamağı ehtiva edir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) sədri akademik Sudeif İmamverdiyev söyləyib. “Həmin qanlı hadisələrdən otuz üç il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini unutmur və şəhidlərimizin xatirəsini əziz tutur. Rus imperiyasının təcavüzkar siyasəti Azərbaycan xalqının başına çox müsibətlər açıb ki, onlardan biri də 20 Yanvar faciəsidir. Həmin ağır günlərdə – 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb və bu tarix Azərbaycanın müstəqilliyinin bünövrəsi olub. Hər şey ermənilərin Qarabağı Ermənistana birləşdirmək üçün başladığı çirkin oyunlarından qaynaqlandı. 1987-ci ildən başlayan oyunlar 1990-cı ilin Qanlı Yanvar faciəsi ilə nəticələnməklə bitmədi. Azərbaycanlılar öz tarixi torpaqlarından, yurd-yuvalarından didərgin düşdülər. Azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası dədə-baba torpaqlarımız olan Qarabağı da əhatə etdi. 250 min azərbaycanlı qaçqın düşdü. 1987-ci ildən uzanan mübahisələr 1990-cı ilin yanvarında Bakıya sovet qoşunlarının yeridilməsinə səbəb oldu. Bakıda, Azərbaycanın digər şəhər və rayonlarında olan kütləvi qırğınlar xalqımızın qan yaddaşına həkk olundu. Baxın, 150 günahsız insan, vətənpərvər insan qətlə yetirildi, şəhadətə yüksəldi. Bu milli birlik, həmrəylik nümunəsi idi. Xalqımız 30 il yurd sevdasından əl çəkmədi, mücadilə apardı. Şəhidlərimizin narahat ruhları zəfərə səslədi. Nəhayət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfər bütün yanar ürəklərə su çilədi. Şəhidlərimizin narahat ruhları dinclik tapdı. Bu gün abadlaşan yurdlarımız, Qarabağın dirçəlişi, Zəngəzur dəhlizinin açılması Qərbi azərbaycanlıları da ümidləndirdi. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, ümumən region üçün strateji əhəmiyyətə malikdir”.
Alim vurğulayıb ki, ermənilər yenə öz xislətlərindən əl çəkmirlər. Xankəndidə bizim sərvətlərimizi talamağa davam edirlər. Bu gün Laçın-Xankəndi yolunda Vətəndaş Cəmiyyətinin təşəbbüsü ilə başlayan aksiya artıq bir aydan çoxdur davam edir. Ekofəallar ekoloji terrora son qoyulmasını, tarixi torpaqlarımıza rahat getməyimizi, dövlət qurumlarının rus sülhməramlılarının olduğu ərazidə monitorinq keçirməsinə şərait yaradılmasını tələb edirlər. Bizim təşkilatımızın gəncləri də orada aktiv iştirak edirlər. Ermənilər birmənalı qaydada bilməlidirlər ki, o torpaqlar bizim qədim yurdlarımızdır.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdışı yeni prioritet kimi müəyyən edib. Bu qayıdış bizim azərbaycanlı olaraq milli ideyamızın əsasını təşkil edir. Biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Necə ki, artıq bu gün qarabağlılar qayıdırlar. Bütün azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə qayıdacaqlar! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi xalqımızın qəlbində, yaddaşında əbədi yaşayacaq!”, – deyə Sudeif İmamverdiyev bildirib.