TAİB-in Makedoniyadakı İdarə Heyətinin üzvü düşmənlərin Turan qorxusundan danışdı
“Türk dünyasında son zamanlarda baş verən olaylar bir yandan sevinc, bir yandan da kədər verdi. Səmərqənd görüşündən olan sevincimizi doğma İstanbulda baş verən terror hadisəsi böldü”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Şimali Makedoniyanın sabiq naziri, TAİB-in İdarə Heyətinin üzvü Elvin Hasan deyib.
O, bildirib ki, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının Bəyannaməsi bütün türk xalqlarının ürəyini riqqətə gətirdi.
Səmərqənd şəhərinin Türk Sivilizasiyasının Paytaxtı elan edilməsi, prosedur qaydalarının dəyişməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişikliklər edilməsi haqqında Protokol, Türk Akademiyasının prezidentinin təyin edilməsi haqqında qərar, Türk İnvestisiya Fondunun yaradılması haqqında qərar, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması böyük uğurdur. Can Azərbaycanımızın prezidenti sayın İlham Əliyev də çıxışında bəyan etdi ki, türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Hazırda bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir”.
TAİB-in bu yöndə gördüyü işlərdən bəhs edən Elvin Hasan İstanbulda törədilən terrordan da söz açıb. Ana Vətənində baş verən bu hadisədən hiddətləndiyini və üzüldüyünü bildirən TAİB üzvü düşmən təxribatlarının Türk dünyasına qarşı silsiləli şəkildə davam etməsinin Turan qorxusundan irəli gəldiyini bildirib. “Nə qədər ki, türk dünyası əl-ələdir, bizi heç bir hədə, heç bir təcavüz qorxuda bilməz”-deyə sabiq nazir vurğulayıb.