Füzuli rayonu yenidən qurulur
Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə, o cümlədən Füzuli rayonunda da böyük quruculuq işləri aparılır. Prezident İlham Əliyevin şəxsi nəzarəti, tövsiyyə və tapşırıqları istiqamətində rayonun işğaldan sonra yeni inkişaf dövrünə qədəm qoyulub. Bir faktı qeyd etmək lazımdır ki. Ötən dövr ərzində, cənab Prezidentin Füzuli rayonuna yeddi dəfə səfəri olub. Hər səfər çərçivəsində yeni-yeni layihələrin əsası qoyulub, tikintisi başa çatdırılmış sosial obyektlərin açılış mərasimləri həyata keçirilib.
Prezident İlham Əliyevin Füzuliyə səfərləri çərçivəsində 16.11.2020-ci tarixdə Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılıb, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyulub, 14.01.2021-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulub, 14.02.2021-ci il tarixdə Füzuli şəhərlərinin Baş planın təsdiqlənib, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi keçirilib, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış olub,15.03.2021-ci ildə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi keçirilib, 29.08.2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub, 17.10.2021-ci ildə Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”inin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoymalarını həyata keçirib, 26.10.2021-ci ildə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanını açıb, 10.05.2022-ci ildə Peşə Liseyinin təməlini qoyub və 27.09.2022-ci ildə rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarət edib.
Ermənilərin dağıtdığı və xarabalığa çevirdiyi Füzuli şəhəri artıq ölkə Prezidentinin rəhbərliyi ilə yenidən qurulur. Şəhərin təməlqoyma mərasiminin keçirilməsi də ondan xəbər verir ki, Füzuli şəhəri yenidən daha müasir standartlara uyğun formada və ağıllı şəhər prinsipinə uyğun olaraq yenidən canlanacaq. Rayon strateji baxımdan Qarabağın vacib bölgələrindən biridir. 44 günlük savaşda Füzuli şəhərinin işğaldan azad olunması müharibənin sonlandırılmasında və zəfərimizin əldə edilməsində xüsusi əhəmiyyətə malik oldu. Bu baxımdan artıq işğaldan azad olunmuş ərazilərimizdə yeni mərhələ başlayır. Füzuli şəhərində inşa edilən beynəlxalq hava limanı nəticə etibarilə həm Füzulini Qarabağın hava qapısına çevirir, həm də bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə edilməsinə imkan yaradır. Şərqi Zəngəzur iqtisadi zonasına aparan dəmir və avtomobil yollarının tikintisi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Zəfər yolu”nun, ikinci Füzuli-Şuşa avtomobil yolunun tikilməsi Füzulini Azərbaycan iqtisadiyyatı üçün ən müasir daşıma imkanları olan rayona çevirir. Zəngəzur dəhlizi açılacağı təqdirdə Füzuli rayonu həm də regional və beynəlxalq bazarlara çıxış baxımından rəqabətqabiliyyətli nəqliyyat qovşağına çevriləcək.
Əminə Kərimova
Nizami rayonu 229 saylı məktəbin direktor müavini