GÜMRÜLÜ CAVAHİR NƏNƏNİN ƏHVALATI

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Cavahir nənə bizim qonşuluğumuzda yaşayırdı. Yəni bizim yaxın qonşumuz
Abbasqulu dayının anası idi. Bu ortaboylu, qarayanız qadın yaşlı idi. Qəribədir,
heç vaxt söz-söhbətə qarışmaz, həmişə xəlvətə çəkilib ozalanardı. Astadan nəsə
desə də onun dediklərini eşitmək olmurdu. Bu, məni maraqlandırdığından həmişə
ona göz qoysam da Cavahir nənənin niyə belə elədiyini anlaya bilmirdim.
Amma qəribədir, Cavahir nənə həmişə məni görəndə xoş əhvalla qarşılardı:
– Necəsən, ay Nədir?
– Mənim adım Tacirdi, Nədir niyə deyirsən?
– Belə deyəndə mənə xoş gəlir.
…Bir dəfə söz Cavahir nənədən düşəndə nənəmə dedim:
– Ay nənə, bu Cavahir nənə niyə heç adamlara qarışmır, həmişə xəlvətə çəkilir?
Mən belə deyəndə nənəm dərindən bir ah çəkdi:
– Ay bala, onun dərdi çoxdu. Yazıq buraya da qaçaqaçda gəldi.
– Qaçaqaçdamı?
– Hə, bala, o, əslən Gümrü şəhərindəndi. Gözəl-göyçək bir qadındı. Allah ermənilərin evlərini yıxsın. Ərini, iki oğlunu öldürdülər… Bu da zorla qaçıb canını
qurtarıb… Yazıq o olanları unuda bilmir, ozalanır… Dərdi başından aşır, ağa arvadı
gör gəlib nə olub…
Nənəm susdu, mən də dillənmədim. Cavahir nənənin qəmli keçmişi, başına
gələnlər məni çox kövrəltdi.
Bir gün yenə Cavahir nənə ilə görüşəndə o səsləndi:
– Ay Nədir, necəsən?
– Ay Cavahir nənə, axı mənim adım Nədir deyil.
– Bilirəm, qadan alım, bilirəm. Xoşuma gəlir deyirəm. Mənim iki qardaşım
var idi. Nədirlə Qədir. Səni hər görəndə qardaşım Nədir yadıma düşür, ona görə
sənən Nədir deyirəm.
Cavahir nənə birdən söhbətinə ara verib üzümə baxdı:
– Deyəsən səndə söz var, amma… De görüm məndən nə istəyirsən, de.
– Nənəm deyir sən Gümrü qızısan, Gümrüdən gəlibsən. Qaçaqaçda…
– Elədi, mənim balam.
O dərindən bir ah çəkdi:
– Gümrüdə mülkümüz vardı. Qapımızda nökər, qulluqçu… Dünya dəyişdi elə
bil… Bu günə düşdüm.
Başındakı yaylığın ucu ilə gözünün yaşını silib üzümə baxdı:
– Dərdim çoxdu, bala. Həmişə qapımıza poşa gələrdi, qoyun-qoltuğunda da
ələk-xəlbir, yanında da uzun, arıq bir cavan oğlan. Oğlanın burnu uzun, ayaqları
iri, üzünün bir tərəfi çopurdu. Elə çopurdu daha demə. Əgər onun üzünə bir ovuc
darı atsaydın biri yerə düşməzdi. Adına Akop deyirdilər. Yazığım gələrdi, ona
həmişə yemək-zad verərdim.
…Qəza gələndə gəldim demir… Yağı qəfil gəldi, ermənilər şəhərə doldular,
əllərinə nə keçir taladılar, soydular, adamları ucdantutma öldürdülər. Qaçan qaçdı, qırılan qırıldı… Cavax Vəli – mənim həyat yoldaşım, iki oğlum, bir də mən birtə-
hər şəhərdən qaçıb uzaqlaşdıq, amma baxdıq dalımızca on-on beş nəfərlik bir dəstə
gəlir. Vəli mauzerini mənə verdi:
– İçində bircə güllə qalıb. Gördün ələ keçirsən, özünü vur, amma yağının
əlinə düşmə. Mənim də 5-6 badronum qalıb. Sən qaç get irəli…
Bu vaxt güllələr bizə tərəf yağış kimi yağdı. Baxdım uşaqları da, Vəlini də
vurdular. Mauzeri mənə tərəf yaxınlaşan atlıya çevirib tətiyi çəkdim, güllə açıldı.
Dəydi, dəymədi – kəsdirə bilmədim, amma qəflətən partapart düşdü, güllələr dalbadal açıldı. Özümü atın üstündə zorla saxladım. Elə bu vaxt üç atlı, bir silahlı
adam mənə yaxınlaşdı. Vahimə məni basdı: “Yəqin ermənilərdi”. Bunlardan ortaboylu, zəhmli olanı mənə səsləndi:
– Qorxma, bacı, mən Qara bəyəm. Dələverdənəm. Güllə səsinə gəldik. Deyə-
sən, bu itlərin də (əli ilə yan-yana sərilən erməniləri göstərdi) hamısı gəbərib. Sənə
halal olsun, düz bu kafirin alnının ortasından vurmusan!
O, mənə yaxındakı ermənini göstərəndə diksindim:
– Bu ki Akopdu, poşanın yanında olurdu. Bunun qudurmağına bax!
– Demək, sən bunu tanıyırsan?
– Yaxşı tanıyıram, bu itə dəfələrlə yemək, pul vermişəm. Yazığın, acın biri
idi, amma bu gün əlində tüfəng dalımızca düşmüşdü.
Bir az qorxum çəkilsə də, vahiməm hələ vardı: “Doğurdanmı, Akopu mən vurdum? Demək, mən adam öldürdüm? Mənim ərimi, oğlanlarımı öldürmədilərmi?!”.
Qara bəyin adamları meyitləri götürüb dəfn etdilər. Məni də İbişə – Həmzə
ağanın yanına gətirdilər. Sonra da Zeynalabdin gəldi. Bu kişinin bir neçə arvadı
vardı, məni də aldı. Mənim də bundan bir oğlum, bir qızım oldu.
Cavahir nənə yenə söhbətinə ara verdi. Baxdım fikirlidir, düşünür, daşınır.
Dillənmədim, fikirləşdim ki, bu mənə nəsə deyəcək. Mən çox maraqlansam bəlkə
deməz. Odur ki, ona maraqla baxmağı başlayınca Cavahir nənə də bayatıya baş-
ladı, nə başladı:

Gümrünün gülü mənəm,
Şeyda bülbülü mənəm.
Yandım, yandım qınımda,
Gümrünün külü mənəm.
Çəkmərəm əl Gümrüdən,
Əsirmi yel Gümrüdən.
Yağı qəfildən gəldi,
Dağıldı el Gümrüdən.
Gərək elə dərd yeyim?
Oyuldum oyum-oyum.
Ürəyimdə yara var,
Dərdimi kimə deyim?!
Qaçaqaçda gəldim mən,

Bəla nəymiş – bildim mən.
İki oğul itirdim,
Yaşamıram, öldüm mən.
Başıma daş düşübdü,
Gözümə yaş düşübdü.
Dərddi – ağır, çəkilməz,
Mənə sirdaş düşübdü.
Fələk bizə nə etdi,
O gözəl günlər getdi.
Cavahir, ağla, durma,
El dağıldı, yurd itdi.
Dərdli, üzün bərk idi,
Dərdin başda börk idi?!
Sayı gəlməz hesaba
Dərdim birdi, ikidi?!
…Aradan uzun illər keçib. Cavahir nənə çoxdan rəhmətə gedib. Bu illər necə
gəlib-keçib – bilməmişəm. Ömür belədir – adamın xəbəri olmur. Amma Cavahir
nənənin o qəmli əhvalatını unuda bilmirəm. Həm də Gümrü də bizim əski, qədim
yaşayış yerlərimizdən biridir. Ağbabalıların, Şörəyellilərin həmişə “şəhər” deyə
andığı bu yer xatirələrimizdən, yaddaşımızdan silinməyəcək. Bu xatirə Gümrünü,
gümrülüləri bir də yada salır.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR