TAİB nümayəndələri Aqrar Universitetdə şəhidlərin xatirə abidəsini ziyarət edib, tələbələr üçün yaradılmış şəraitlə tanış olublar
Gəncədə səfərdə olan Türk Ağsaqqalları Birliyi – #TAİB-in nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris korpuslarını, tələbə parkı və şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət ediblər. I və II Qarabağ müharibəsi şəhidlərini ehtiramla yad edən TAİB nümayəndələri onların ruhuna dualar oxuyub, abidələrin üzərinə tər çiçəklər qoyublar.
Qonaqları müşayət edən ADAU-nun rektoru, professor İbrahim Cəfərov Dövlətin aqrar sahənin inkişafı və kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi istiqamətində həyata keçirdiyi proqramlardan söz açaraq, Aqrar Universitetdə tələbələr üçün yaradılmış təhsil və istirahət şəraitinin müxtəlif istiqamətlərinə diqqət yönəldib.
İbrahim Cəfərov qeyd edib ki, bilavasitə Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ADAU-nun tədris infrastrukturu müasir standartlara uyğunlaşdırılıb, bir neçə yeni korpus inşa edilib.
Tədrisin keyfiyyətindən söz açan professor ADAU-da tələbələrin bilik və bacarıqlarının artırılması yönündə tətbiq olunan fərqli mexanizmlərdən də ətraflı şəkildə bəhs edib.
TAİB-in nümayəndə heyətinin üzvləri də öz növbələrində ADAU-da tələbələr üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını bildirib və aqrar sahə üzrə yüksək səviyyəli mütəxəssilərin yetişdirilməsinin ölkəmizin təminatlı gələcəyi üçün əhəmiyyətindən danışıblar.
Xatırladaq ki, ötən gün Gəncə şəhərində Türk Ağsaqqalları Birliyi – TAİB və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Günü ilə bağlı konfrans təşkil olunub.
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyin nümayəndə heyətinə TAİB sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev rəhbərlik edir.