Şərafət Şəfa:”Tanrıdan verilən paydı qocalıq” 

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Bir arzunun qucağında mən də yolumu Kür-Araz ovalığının mərkəzindən saldım. Yolum Saatlı rayonunun Mollavazlı kəndinə idi. Dəyərli sənətkar, əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadənin qonaqpərvərliyi və diqqəti sayəsində gözəl keçən səfərimin təəssüratlarını sizlərlə bölüşürəm, əziz oxucular!

Xeyirxah, dəyərli bir ağsaqqalın sorağına gəlmişdim illər öncə.

Elin nüfuzlu ağsaqqalı, Mollavazlı kənd Ağsaqqallar Şurasının sədri olan Hacağa Fərəc oğlu Mehdiyevin! 1939-cu ilin yanvar ayında dünyaya gələn Hacağa kişinin də pöhrə vaxtı ömrün ayaz vaxtına düşüb. 4 yaşında atasını, 10 yaşında anasını itirib. Əmisi Mehdiyev Rüstəməli kişinin himayəsində yaşayıb. İki bacının bir qardaşı olan Hacağa kişi də ömrün sərt döngələrində iradəsini qoruya bilib. Taleyin sərt üzünə sinə gərib, öz həyat yolunu cızmağa nail olub. Ağlı-qaralı, şirinli-acılı ömür! Hər bir kəsin tale yazısı, alın yazısı deyilən bir qismət payı, həm acılı, həm də şirinli günləri vardır. Bunları dərk edib yaşaya bilmək, həyatın nemətlərindən bəhrələnərək elə, vətənə layiqli vətəndaş olmaq yalnız Hacağa kimi sayğıdəyər insanların işidi. Onun uşaqlığı da Böyük Vətən müharibəsi vaxtına düşüb. 1947-ci ildə Mollavazlı kənd məktəbinin birinci sinfinə gedən Hacağa 8-ci sinifi bitirdikdən sonra Səməd Vurğun adına orta məktəbinə gedib. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Rusiyanın keçmiş Kuybışev ( indiki Samara) vilayətində hərbi xidmətdə olan Hacağa Mehdiyev tikinti sahəsində çalışıb. Əsgərlikdən sonra doğma kəndinə dönərək müxtəlif sahələrdə işləməyə başlayıb. Əməyə olan sevgisindən ruhlanaraq yorulmadan çalışıb. Bir müddət sonra biznes sahəsinə baş vurub. Əvvəl kafedə işləyən Hacağa kişi sonra dükan açıb. Elin xeyir-şərindən kənarda qalmayan bu dəyərli insan bir gün öz isti yuvasını qurub. Dünyanın ən böyük sərvətininin, 6 övlad, 17 nəvə, 5 nəticənin  sahibi olan ağsaqqalımız övladlarından fəxrlə danışdı. Övladları Fərəc, Təranə, Lətafət, Pəri, Pərviz, Əbülfət hər biri ayrılıqda gözəl bir yuvaya sahibdilər. Kənd sakinləri də Hacağa kişinin övladlarından fəxrlə danışdılar. Hər 3 oğlu yurd təəssübkeşliyindən irəli gələn duyğuların qoynunda kənddən kənarda yaşamaqlarına baxmayaraq elin hər bir işində camaatla birgədilər. Buna bir misal gətirmək istəyirəm. Mollavazlı kəndinin mərkəzində yerləşən balaca məscid kənd camaatının təşəbbüsü ilə yenilənməli idi. Bunu eşidən Fərəc, Əbülfət, Pərviz Mehdiyevlər özlərini kəndə yetirirlər. Və onların maddi-mənəvi dəstəkləri nəticəsində gözəl bir məscid xalqın istifadəsinə verilir. Ot kökü üstə bitər – deyib atalar. Onların damarında axan qanın təmizliyi, validlərinin tərbiyəsi nümunəvi övladlar verib cəmiyyətə. Əgər cəmiyyətdə nüfuz sahibi olmaq istəyirsənsə, ilk, öncə övladına nümunə olmağı bacarmalısan. Hacağa kişi də məhz bunu bacara bilib! Əhsənlər olsun bu şövkətə, əhsənlər olsun bu ülviyyətə! Və bu yolun davamçıları olan bu cür övladlara!!!

 

 

Əslində, misal gətirdiyim bu ailənin xalq üçün gördüyü işlərin cüzi bir hissəsidi. Mollavazlı kəndindən rayon mərkəzinə getmək üçün iki kilometr yolu qət etməli idin. Camaatın əziyyətinə dözə bilməyən Hacağa kişi diri ikən özünə min rəhmət qazanaraq kəndin kənarından axan kanalın üstündən dəmir körpü çəkir. Və xalqın istifadəsinə verir!

İslama qəlbən bağlı olan dəyərli el ağsaqqalı peyğəmbərimizin qoyduğu yolla, pak imanla irəliləyir. Modernləşən, sivil cəmiyyətdə qarapapaq kişiləri özündə ehtiva edən Hacağa Mehdiyevi köhnə kişilər nəslinin davamçısı adlandırmaq olar. Zəhimli baxışı, sözünə sadiqliyi, keçmiş milli adət-ənənələri qoruyan və yeni dəyərlərin çoxunu qəbul etməyən,  mərd, qətiyyətli duruşu çox şey deyirdi insana. Hər bir kəsin hayına yetən, qəlbi  boyda Vətən idi Hacağa kişi! Hər bir ailənin, məhəllənin, kəndin və daha böyük yaşayış məskənlərinin sözünə sayğı duyduğu ağsaqqalları var ki, bunlardan biri də Hacağa kişidi! Bu cür ağsaqqallar öz əhatəsində olanları idarə edir, onların yanlış hərəkət etmələrinə mane olurlar. Nəticədə cəmiyyətdə qarışıqlıqlar daha az olur, ailədaxili münaqişələr, cinayətlər daha az törədilir. Boşanmalar, demək olar ki, barmaqla sayılacaq qədər az olur. Təbii ki, ağsaqqal sözü uca tutulan yerdə. Ən əsası isə dövlətin, millətin hansısa təhlükə ilə üz-üzə qaldığı zaman ağsaqqallar qısa zamanda milləti təhlükəyə qarşı səfərbər edə bilirlər. Hacağa kişiylə söhbət əsnasında bir həssas məqama da toxundum. Gənclərlə ağsaqqallar arasındakı münasibətə. Bildiyimiz kimi, bu gün gəncliyin  ruhuna hakim kəsilən mənəmlik iddiası bir çox problemlərə, fəsadlara yol açır. Bir çox gənclər ağsaqqallarla hesablaşmır, onlardan yan qaçmağa çalışırlar.

 

Hacağa kişi köksünü ötürüb, başını buladı. Görünür yaralı yerinə toxunmuşdum. Dedi: “Bu gün müasir gənclərin bəzilərinin davranışları, danışıqları bizi çox düşündürür. İctimai yerlərdə davranışları, danışıqları ətrafdakıların narazılığına səbəb olur.  Əsas məni narahat edən nüanslardan biri də gənclərimizin yalana meyilli olmasıdır. Bu çox pis haldı. Onların bu hərəkətlərinə nə qədər  irad bildirsək də, qarşısını almaq olmur. İnsanlara dərketməni təlqin yollarını düşünməliyik. Bilirsizmi, uşağın tərbiyəsi lap kiçik yaşlarından ailədən başlayır. Onun vətəndaş kimi formalaşmasında ailənin böyük rolu var. Sonra bağçada, məktəbdə davam etdirilir . Bizim təşkilatımız, Azərbaycan Ağsaqqallar Şurası da həmişə fəaliyyətlərimizi bir çox istiqamətlərdə quraraq gənclərimizin vətənpərvər ruhda formalaşmasına, respublikamızın  ictimai-siyasi həyatı ilə bağlı ən aktual məsələlərə, ölkəmizdə həyata keçirilən demokratik proseslərə, islahatlara vətənpərvər və müdrik ağsaqqal kimi təəsübkeşliklə,  məsuliyyətlə münasibət bildirir,  öz əməli fəaliyyətlərimiz ilə bu proseslərdə fəal iştirak edirik. Dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvəmizi, bacarığımızı əsirgəmirik. Hər şeyin kökü islam əxlaqından başlanır. Bir əxlaq nizamının qiyməti onun nə qədər dinimizə bağlı olmasıyla ölçülür. Təbii ki, islam fəzilətindən bəhrələnən hər bir kəs cəmiyyətdə də, ailədə də öz mövqeyini dürüst qura biləcək.  Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılıb ki, bunun da kökü qədimlərə gedir. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə yüksəkdə duran amillərdən biri olub. Mən 3 dəfə Həcc ziyarətində olmuşam. Hər dəfə ora gedib-gələndə ruhum təzələnir. Daha gümrah oluram. Dövlətimçün, millətimçün daha böyük, səmərəli işlər görmək istəyirəm. Gəncləri də islam fəzilətindən bəhrələnməyə çağırıram. Bu gün hər yanda abadlıq işləri görülür. Hər bir gənc dərk etməlidi ki, görülən hər bir iş, hər bir söz onların gələcək rifahı naminədi. Azərbaycanın gözəl guşəsi olan Saatlı rayonunda aparılan islahatlar da göz önündədi. Ağsaqqallara sayğı ilə yanaşan möhtərəm prezidentimiz İlham Əliyev Saatlıya son illərdə tez-tez  səfər edərək görülən işlərlə tanış olub, əhali ilə görüşüb və regionların sosial, iqtisadi inkişaf dövlət proqramının yüksək səviyyədə icra olunduğunun şahidi olub. Əlavə tədbirlər haqqında sərəncamlar imzalayaraq dövlət büdcəsindən rayonda görülən işlərin sürətləndirilməsi üçün vəsait ayırıb. Saatlı rayonu barəsində ölkə rəhbərliyinin xoş təsuratları bizə də qürur verir. Bunda bizim icra başçımız Siraqəddin Cabbarovun da böyük əməyi var. Bildiyiniz kimi, Saatlı rayonunun təşkil edilməsi 1941-1945-ci illər müharibəsi dövrünə düşmüşdür. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958-1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988-1989-cu ildə başlanan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşmışdır. Bütün bu qarışıq əhaliylə xoş davranmaq böyük səbr, təmkin tələb edir. Dualarım həmişə ölkəmizin rifahına, torpaqlarımızın azadlığına, ölkə başçısının çətin dönəmdən qəzasız qutarmasına yönəlib. Allah bizləri doğru yola yönəltsin, Vətənimizi qorusun! Hər şey onun əlindədi! ( əllərini açıb ölkəmiz üçün dua edir)”.

 

Söhbətimizə Mehdi müəllim də qoşulur:- “ Ağsaqqalımızın sözlərində böyük həqiqət var. Qlobal və qabaran məsələyə toxunub. Bu gün qeyri-peşəkarlıq, eqoizmin güclü fırtınası cəmiyyətdə bir çox fəsadlara yol açır. Gənclik biz ağsaqqalların sözünü dinləmək istəmir. Etimadı doğrultmaq barədə çox az düşünürlər. Baxın, Hacağa kişinin övladları da gənc olublar. Lakin tərbiyənin əsası düz qoyulduğundan bu gün həm elimiz, həm ağsaqqal özü onlarla fəxr edir. Dürüstlüyü qavramaq çox çətindi indi çoxlarına. Əslində isə bütün doğrular dürüstlükdən bəhrələnir!”.

Diqqətimi çəkən məqamlardan biri də Hacalı kişinin oğlu Pərvizin davranışı oldu. Geyimi və hərəkətləri ilə kökəməxsusluğunu amadə edən, xeyriyyəçi insan kimi tanınan eloğlumuzun atasınn yanında balaca uşaq kimi məsum və həyalı olması sadəcə ürəyi riqqətə gətirir və qürur verirdi. Hacalı kişinin ayrıca bir hücrəsi var. Bu hücrəyə çəkilib ibadətini edən bu mömün bəndə hücrəsində füsunkar bir ortam yaratmışdı. Nəzərimdən yayınmayan ömrün bu çağında da ata-ana sevgisindən vaz keçməyən ağsaqqalın ülviyyəti idi. Anasının şəklini böyüdüb, başı üzərində saxlayan, titrək əlilə sığallayan bu adam cənnət mələkləri kimi uca idi gözümdə!  Xeyir-duası altında vidalaşıb ayrıldıqdan sonra oğlu Pərvizin inşa etdiyi “Səma” şadlıq sarayına gəldik. Sakinlərdən biri qulağıma pıçıldamışdı ki, şadlıq sarayının yanında ayrıca xeyir-şər yeri tikdirib Pərviz. Heç bir təmənna güdmədən sakinlərin istifadəsinə verib. İmkansızlar həmin yerdə xeyir-şər məclislərini yola verirlər. Atasının yoluyla addımlayan Pərviz Mehdiyev təvazökar olduğu qədər də, səmimiyyətilə el içində özünə böyük hörmət qazanmışdı. Müasir standartlara uyğun tikilən şadlıq sarayı möhtəşəm gözəlliyə malikdi. Sarayın bütün bəzək işlərinin öz beyin məhsulu olduğunu vurğulayan Pərviz Mehdiyevin təmkinli danışığı yüksək əxlaqdan qaynaqlanır. Deyir, əxlaq elə bir elmdir ki, insanın qəlbində qərarlaşan xasiyyətlərdən, bu xasiyyətlərdən qaynaqlanan hərəkət, rəftar və fikirlərdən, qəlbin mənfi xasiyyətlərdən təmizlənməsindən, qəlbin müsbət xəsiyyətlərlə əxlaqlanmasından, əbəbi səadət yollarını təqdim etməkdən və s. bəhs edir. Onun bu gün ölkənin həyatında baş verən hadisələrə baxışı, fikirləri, danışığı  ahıl bir insanı, bir ağsaqqalı özündə ehtiva edirdi ki, bu da onun kökündən, ailə tərbiyəsindən qaynaqlanır. Ağsaqqallıq yaşla ölçülmür ki… Əsas olan el içində qazanılan nüfuzdu ki, Hacalı kişinin övladları da bunu bacarmışdılar!!!

 

Tanrıdan verilən paydı qocalıq!

Üzdən payız, qış fəslinə oxşada, ömürdə bahar, yazdı qocalıq. Cəmiyyətin yazılmamış qanunlarının, əxlaq kodeksinin, pis vərdişlərdən imtinasının mərkəzidi ağsaqqallıq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər  Əliyev ağsaqqallara  böyük ehtiramla yanaşırdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətininin böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi.

 

Bu da gəzdiyim bir taleyin yolları! Şərəfli bir ömrün ruhları oxşayan ekzotik görüntüsü! Böyük Atatürk deyir ki, heç bir mübarizə yoxdur ki, əxlaq əsaslarına söykənmədən gedə bilsin. Əxlaq əsaslarına söykənən ailənin klassik modeli məhz bu ailədi. Mehdiyevlər ailəsi! Arzu edirəm ki, gənc ailələrimizin hamısı bu cür formalaşıb, elimizə dəyərli övladlar bəxş etsinlər!! Arzular, istəklər də çoxluğu ilə yollar ayrıcında gözləyir bizi!…

 

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR