Göyçayda “Yolun düşsə bu dünyaya bir də gəl” adlı musiqili-bədii gecə keçirilib
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsinin ikinci mərhələsi iyulun 15-də Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində “Yolun düşsə bu dünyaya bir də gəl” adlı musiqili-bədii gecənin təqdimatı ilə işini davam etdirib.
Tədbir öncəsi Əli Kərimin anım mərasimi şairin adına olan parkda keçirilib. Tədbir iştirakçıları şairin uyuduğu Əli Kərim adına parka doğru gələrək gül dəstələrini məzarı üstünə düzüblər.
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova anım mərasimini açıq elan edib: “Hər şeydən öncə anım mərasiminə toplaşan dəyərli ziyalılarımızı, şəhid ailələrini və Əli Kərimin əzizlərini salamlayıram. Bir çox əsərləri ölümündən sonra dərc olunmuş Əli Kərimin yaradıcılığı bu gün ədəbiyyatımıza təsir gücünü saxlayır, xatirəsi xalqımızın qəlbində yaşayır. 1969-cu ilin 30 iyununda Bakıda 38 yaşında vəfat etmiş, Göyçayda dəfn edilmiş şairin dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb, heykəli ucaldılıb. Hər dəfə şairimizi ziyarət edərkən böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misralarını xatırlayıram: “Əli Kərimin şair ömrü onun ölümündən sonra başlanır. O, həm də gələcək zamanın şairidir”. Bu fikir 55 ildir aktuallığını saxlayır və hər birimiz əminik ki, əsrlər sonra da bu belə olacaq”.
Sonra Göyçay rayonu Uşaq və Gənclərin İnkşaf Mərkəzinin Dram dərnəyinin üzvüləri Dəniz və Murad Aydınovlar Əli Kərimin “Azərbaycan” şeirini səsləndiriblər.
Sonda ölməz şairin əziz xatirəsinə dualar oxunub.
Saat 11-00 da isə Göyçay rayon Heydər Əliyev Mərkəzində ədəbi-bədii gecənin təqdimatı olub. Bədii gecədə Jalə Cəfərova öncə torpaqlarımızın düşmən tapdağından azad edən igidlərimizi xatırladaraq sayğı duruşunu təklif edib. Şəhdlər yad edildikdən sonra Jalə Cəfərova qonaqları salamlayaraq təqdimatı açıq elan edib.
Tədbir başlayan kimi Göyçay rayon İcra Hakimiyyətinin birinci müavini Zivər Zeynalova çıxıç edərək Jalə Cəfərovanın fəaliyyətindən danışıb: “Jalə xanıma böyük hörmətimiz var. O, artıq Göyçayın əzizinə çevrilib. Bir neçə belə uğurlu layihələr keçirən Jalə xanıma öz adımdan, icra başçımız adından təşəkkür edirəm və uğurlar arzu edirəm”.
Sonra Dəniz və Murad Aydınovların ifasında Əli Kərimin həyat və yaradıcılığı təqdim olunub.
Tədbirdə görkəmli publisist, “Ədalət” qəzetinin redaktor müavini Məzahir Əhmədoğlu, “Göyçay” qəzetinin baş redaktoru Adil Məmməd, yazıçı, şair Aqil Kəngərli, Göyçay rayon ziyalısı, rejissor, ssenarist Əhliman Qafarov çıxış ediblər.
Tədbirdə Əli Kərimin həyatı ilə bağlı səhnəcik göstərilib. Əli Kərimin obrazını aktyor Əlisəfa Bəykişiyev səhnədə canlandırıb.
Bədii gecədə Xəzər Universitetinin müəllimi, tərcüməçi professor Firəngiz Nəsirova Əli Kərimin ingilis dilinə tərcümə etdiyi “İki sevgi” şeiri ingiliscə oxuyub.
Şair Qalib Nuri Arif isə Əli Kərimə həsr etdiyi şeirini səsləndirib.
Uzun müddət Almaniyada yaşayan göyçaylı ziyalı Gülər Tahirqızı və bədii qiraətçi Mircabir Cavadzadənin ifasında “Qayıt” şeiri, eləcə də Əminə Yusifqızın ifasında Əli Kərimin “Qaytar ana borcunu” şeiri monitorda səslənib.
Bədi gecədə Əli Kərimin şeirlərinə bəstələnmiş “Nə gəlməz oldun” mahnısını Göyçay Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən Fərid Nəbiyev və “Yar gəldi” mahnısını isə müğənni Mətləb Şirinov ifa ediblər.
Tədbirdə Milli Mədəniyyətin Təbliği İctimai Birliyi tərəfindən Əli Kərimə həsr olunmuş musiqili-bədii gecənin təqdimatında yaxından iştirak edən iştirakçıların bir qisminə FƏXRİ FƏRMAN təqdim olunub.
Rəssam Ehtiram Kərimov Əli Kərimin portretini ailəsinə hədiyyə edib. Hədiyyə üçün və belə bir gözəl təqdimat üçün Əli Kərimin bacısı oğlu Vaqif Mehdiyev sonsuz təşəkkürünü bildirib. Həmçinin Əli Kərimin bacısının həyat yoldaşı 93 yaşıl Arif Mehdiyev də təşəkkür edib.
Bədi gecənin sonunda Jalə Cəfərova iştirakçılara öz minnətdarlığını bildirib: “Öz adımdan, rəhbəri olduğum Milli Mədəniyyətin Təbliği İctimai Birliyi adından böyük şairimiz Əli Kərimin vəfatının 55 illiyi münasibət ilə düzənlənən “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsinin həyata keçirilməsində zəhməti keçən insanlara və təşkilatlara sonsuz təşəkkür edirəm. Xüsusən Regional Mədəniyyət Mərkəzinə, Göyçay rayon İcra Hakimiyyətinə, Göyçay rayon Heydər Əliyev Mərkəzinə, Göyçay Mədəniyyət Mərkəzinə, Göyçay Uşaq və Gənclərin İnkşaf Mərkəzinə sonsuz təşəkkürümü bildirirəm”.
Təqdimat Əli Kərimin öz səsi ilə “Atamın xatirəsinə” şeiri ilə bitib. Bundan sonra 120 ədəd hazırlanmış xatirə qovluqları qonaqlara təqdim olunub. Bədii gecə Mərkəzin kafesində çay süfrəsi ətrafında yekunlaşıb.
Xatırladaq ki, avqust ayında layihənin 3-cü, sonuncu mərhələsi icra olunacaq.