Türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişafının əhəmiyyəti
Son illər qloballaşan dünyada sivilizasiyalar arasında qurulan əlaqələr bir daha sübut edir ki, fərqli mədəniyyətə sahib olan ölkələr bir-biri ilə münasibət qurursa və ən azından buna cəhd olunursa bu təqdirə layiq bir hadisədir. Fikrimcə eyni dinə, mədəniyyətə sahib olan ölkələrin bir-biri ilə əlaqə qurması və öz müqəddəratlarını özləri həll etməsi üçün birliyə və bərabərliyə daha çox ehtiyacları vardır. Buna bariz nümunə kimi Türkdilli ölkələrin əməkdaşlığının əhəmiyyəti və rolunu misal çəkmək olar.
Eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaradılması sevindirici tarixi bir hadisədir. Belə bir təşkilatın fəaliyyəti siyasət, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat, təhsil, gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və media və s. kimi istiqamətləri əhatə etdiyinin şahidi oluruq.
Çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının yaranması və onun durmadan inkişaf etdirilməsi tarixi bir hadisədir. Bu da bir həqiqətdir ki, belə bir təşkilata böyük ehtiyac vardı və şükürlər olsun ki, bu təşkilat yaradıldı. Azərbaycan, Türkiyə, Qazağıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və KKTC-nin TDT-də eyni amal və məqsəd uğrunda birləşməsi bir daha sübut etdi ki, belə bir təşkilatın böyüməsi və güclənməsi vacib məsələdir.
SSRİ dağıldıqdan sonra müstəqil olmuş ölkələrin Azərbaycan timsalında iqtisadi, siyasi və.s sahələrdə eyni səviyyədə inkişaf etdiyini demək mümkün deyildir. Bu ölkələrin demoqrafik strukturu SSRİ-nin faydasız, heç bir işə yaramayan qalıq ideologiyasına yenidən qurban olmaması üçün qardaş ölkələrin bir-biri ilə əlaqələrin kəsilməməsinə böyük ehtiyac var.
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Daha sonraları 2019-cu ildə Özbəkistan Türk Şurasına üzv olmuşdur. Mətbuatdan məlum olduğu kimi 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır.
Türkdilli dövlətlərin başçıları arasında təmasların mütəmadi olaraq dəyişən və yenilənən müstəvidə davam etdiyinin şahidi oluruq. Bu münasibətlərin güclənməsi və yenilənməsi mütəmadi xarakter alaraq davam etməsində ölkə rəhbərliyinin siyasi duruşu və dəyişməz mövqeyi danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. İlham Əliyev Cənabları bu ölkələrlə iqtisadi, siyasi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
30 may 2024-ci il tarixində İstanbulda “Biz birlikdə daha güclüyük” şüarı ilə yayımlanan videoçarxda Türk Dövlətləri Təşkilatının (TDT) dünya üzrə 4,5 milyon kilometr ərazidə 300 milyon insanı əhatə etdiyi və bu dövlətlərin ümumi valyuta büdcəsinin 4 trilyon dollara çatdığı vurğulanmışdır. “Türk Dünyası-2040” baxışı ilə əməkdaşlıqların dərinləşməsinin və bu istiqamətdə işlərin durmadan getdiyinin şahidi oluruq. Başqa bir qürur verici hadisə ondan ibarətdir ki, TDT-nin Ticarət və Sənaye Palatası, İnvestisiya Fondu, Transxəzər nəqliyyat dəhlizi, Sağlamlıq Elmi Şurası, modern İpək Yolu, Qardaş limanlar və Tabarruk Ziyarət layihələri, Türk Universitetlər Birliyi və Orhun Dövrü, gənclik və idman layihələri kimi bir çox fərqli istiqamətdə üzv və müşahidəçilərinin rifahı üçün fəaliyyətini davam etdirir.
Bütün bunlar göstərir ki, Türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişafının əhəmiyyəti vacib məsələdir. Elə buna görə azərbaycanın apardığı səmimi sülhsevər siyasəti, beynəlxalq müstəvidə vasitəçiliyi və beynəlxalq təşkilatılarla əlaqəsi bir daha sübut edir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına böyük töhfə verir və bu istiqamətdə məqsədyönlü siyasiti davam etdirir.
Orxan ORUCOV,
politoloq, Beynəlxalq Diaspora Mərkəzinin Müşaviri.
Oxşar Xəbərlər
- Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib
- AK Partiyasının İqdır Təşkilatı Sənaye və Texnologiya Naziri Mustafa Varank ilə birgə vətəndaş cəmiyyətləri ilə görüş keçiriblər
- Naxçıvanda NDU və TAİB-in təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” mövzusunda konfrans keçirilib – FOTOLAR