Naxçıvanda NDU və TAİB-in təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” mövzusunda konfrans keçirilib – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür


Naxçıvan Dövlət Universiteti və Türk Ağsaqqalları Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə ali təhsil ocağında Ümummilli Liderimizin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Agsaqqallar.com xəbər verir ki, əvvəlcə ali təhsil ocağının İncəsənət fakültəsində “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgiyə baxış olub. Üç hissədən ibarət olan sərgidə Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq 99 sayda kitab, elmi əsər və konfrans materialları nümayiş olunub. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin sənət əsərlərindən ibarət sərgidə rəngkarlıq, heykəltəraşlıq, tikmə, böyük stenddə Ulu Öndərin güllərdən hazırlanmış portreti və imzası olmaqla, ümumilikdə, 50-yə yaxın əl işi nümayiş olunub.

Konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev konfransda çıxış edərək bildirib ki, mayın 10-da Azərbaycanı bugünkü inkişaf səviyyəsinə çatdıran Ulu Öndərin anadan olmasının 99-cu ildönümü tamam olur. Rektor Azərbaycan elminin böyük hamisi olan dahi şəxsiyyətin ali təhsil ocağında 4 dəfə olmasını onun Naxçıvan təhsilinə, muxtar respublika ictimai mühitinə verdiyi qiymətin təzahürü kimi qiymətləndirib. Qeyd edilib ki, Ulu Öndərin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. XX əsr tariximizin əlli ildən artıq dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Naxçıvanın ağır günlərində onu qoruyub və hətta ən çətin məqamlarda belə, muxtar respublikada qəbul etdiyi qərarlar, nəinki Naxçıvanın, həmçinin Azərbaycanın müstəqil gələcəyi naminə hesablanmış siyasətin təməl prinsipləri olub.
 
Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev sədri olduğu qurumun fəaliyyətindən və birliyin türkdilli ölkələrdə keçirdiyi birgə görüşlərdən danışıb. TAİB-nin əsas məqsədlərini diqqətə çatdıran akademik qeyd edib ki, son 30 ildə ölkəmizin qazandığı uğurlar, ictimai-siyasi sferada baş vermiş hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq, gənclərə dövlətçilik siyasətinin mahiyyətini düzgün çatdırmaq bizim əsas hədəflərimiz sırasındadır. Vurğulanıb ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Akademik Sudeif İmamverdiyev Ulu Öndərin apardığı məqsədyönlü siyasətin tarixi mərhələlərinə xronoloji ardıcıllıqla nəzər salıb, muxtar respublikada aparılan məqsədyönlü siyasəti Ümummilli Liderin ideyalarına sadiqliyin təcəssümü kimi qiymətləndirib.

 “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” mövzusundakı çıxışında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyər olan dahi şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. Naxçıvanı Azərbaycanın dövlətçilik, mədəniyyət, ideoloji paytaxtlarından biri adlandıran professor qədim yurd yerinin tarixi yaddaş, milli mənəviyyat körpüsü olduğunu qeyd edib. Hikmət Babaoğlu Heydər Əliyevin siyasi irsini bütün Türk dünyası ilə əlaqəli şəkildə təhlil edib. Professor 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirdiyini vurğulayıb.

YAP Universitet şəhərciyi ərazi təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyasından danışıb. Vurğulayıb ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Ümummilli Liderin siyasi irsini öyrənmək, müstəqil dövlət quruculuğunda tətbiq etmək, gəncliyin tərbiyəsində bir mayaka çevirmək elmi, siyasi-nəzəri və pedaqoji sahələrdəki ən mühüm vəzifələrdən biridir.

“Heydər Əliyev və milli şüur konsepsiyası” adlı çıxışında universitetin Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev vurğulayıb ki, Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin edib, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib. Bütün bunlara görə Ümummilli Lider XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyət, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi, dövlətçilik tariximizdə həmişəlik qalacaq və ehtiramla anılacaq Liderdir.
































  









reklam

FACEBOOK YORUMLARI

YORUMLAR