Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əbədiyaşar milli dövlətçilik ideyaları

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müasir, müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası və onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə əvəzsiz işlər görmüş Ümümmilli Lider Heydər Əliyev hər zaman qurur hissi ilə xatırlayacağımız dahi bir şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan bir şəxsiyyətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqillik mübarizəsində misilsiz xidməti və şərəfli rəhbərliyi bütün xalqa aydındır və onun təsirləri hələ də qalmaqdadır.Böyük tarixi şəxsiyyətlərin ömrü onların yaşadığı illərlə ölçülmür. Bəzi insanların həyat tarixini yazmaq üçün bütünlükdə bir xalqın tarixini yazmaq lazımdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bu görkəmli şəxslərdəndir.
Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan xalqı firavan və rifah içində yaşayır və yaşayacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasətçi olmuş,bu uzaqgörənliyi isə ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir.Ulu öndərimizin rəhbərliyinin ilk dövründə – 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Ulu öndərHeydər Əliyev 1969-cu ildə Azərbaycanda KP MK-nın katibi seçilmiş və bu dövrdə Azərbaycanın gələcəyə aparan yollarını müəyyən etmişdir. Bu səbəbdən bu dövr ümummilli lider Heydər Əliyev dövrü kimi xatırlanır. Ulu öndər Heydər Əliyev rəhbərliyinin ilk dövründə təməli möhkəm olan inkişaf strategiyasına başlamış və bu strategiyanın həyata keçirilməsində böyük səy göstərmişdir.
DAXİLİ SİYASƏT
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin respublika partiya təşkilatının XXVIII qurultayına (10-12 mart 1971-ci il) hesabat məruzəsində respublikada vəziyyətin dərin təhlili verilmişdi. Təsərrüfat və mədəni quruculuq təcrübəsində, kadrların seçilib yerləşdirilməsində bir sıra ciddi çatışmazlıqlar və səhvlər meydana çıxarılmışdı. Rəhbərlik dövründə Heydər Əliyev bütün bu problemləri aradan qaldırmış, təsərrüfat istehsalını ixtisaslaşdırmış və rayonlaşdırmışdır. Bunun sayəsində həm kənd təsərrüfatı inkişaf etmiş, həm də kimyalaşdırma, meliorasiyadan daha geniş istifadə edilmişdir. Ulu Öndər Heydər Əliyevi daxili siyasəti çoxşaxəli olmaqla, sənaye, elm, kənd təsərrüfatı, mədəniyyət kimi sahələri əhatə edirdi. 1970-1985-ci illərdə, tarixən qısa bir dövr müddətində, bütövlükdə respublika ərazisində yüzlərlə zavodlar, fabriklər, istehsalat sahələri yaradılmışdır. 213 iri sənaye müəssisəsi işə salınmışdır. Bir çox önəmli istehsal sahələrinə əsasən Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının yaradılmasındakı xidmətləri onun sovet dönəmində seçdiyi xətlə çox əlaqəlidir. 1969-cu il iyulun 14-də Ulu öndər Heydər Əliyevin Azərbaycan partiya təşkilatına rəhbər seçilməsi onun liderlik keyfıyyətlərinin, təşkilatçılıq istedadının və intellektual qabiliyyətinin qiymət¬lən¬diril¬məsi idi. Azərbaycanın siyasi tarixində yeni bir mərhələ açmış bu hadisə ilə xalqımızın həyati problemlərinə, prinsipial məsələlərinə yeni ideoloji, konseptual və fəlsəfi yanaşmaların əsası qoyuldu. Bu, eyni zamanda gələcəyə istiqamətlənmiş strateji məqsədlər güdən özünəməxsus rəhbərlik və idarəetmə fəlsəfəsinin başlanğıcı idi.
Azərbaycana rəhbərlik etməyə başlayan 46 yaşlı Ulu öndər Heydər Əliyev elə ilk plenumda Azərbaycan dilində çıxış etməklə köhnə stereotipləri puça çıxardı. Təbii ki, o dövrün öz tələbləri vardı və veriləcək hər bir qərar mərkəzlə razılaşdırılmalı idi. Belə olan vəziyyətdə müstəqil dövlətçilik strategiyası hazırlamaqdan söz gedə bilməzdi. Bunu yaxşı dərk edən rəhbər zəngin təbii sərvətlərə, istehsal potensialına malik olan Azərbaycanın keçmis sovet məkanında geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıraraq elə ilk vaxtlardan peşəkar dövlət xadimi olduğunu sübuta yetirdi. Ulu öndərin qənaətincə, Azərbaycanda ilk növbədə milli-mənəvi ruh yuksəldilməli, azərbaycanlıların öz ənənələrinə, köklərinə bağlılığı möhkəmləndirilməli, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan maddi-texniki baza yaradılmalı idi. O, Azərbaycanın mövcud vəziyyətdə iqtisadi cəhətdən güclü məkana çevrilməsi yollarını axtarırdı və tarix göstərdi ki, bu vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev ilk olaraq ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqramlar hazırlatdı və dərhal onların icrasına başlandı.
Ulu öndər Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti və yüksək vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn respublikaya çevrildi. Böyük öndər öz tarixi missiyasını həm də artıq o dövrdə xalqın daxilində oyanmaqda olan milli ruhun yüksəlişini təmin etməkdə görürdü. Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi ilə sanki Azərbaycanda milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf edərək mustəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açılmış oldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ənənəvi təsərrüfat sahələri¬nin səmərəliliyinin artırılması ilə yanaşı, yeni-yeni istehsal istiqamətlərinin yara¬dıl¬ması yolunda çoxşaxəli fəaliyyətin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazasının genişlən¬diril¬məsi və müasirləşdirilməsi xətti yeridilməyə başlanmışdır ki, bunun da nəti¬cə¬sində bir tərəfdən Azərbaycanın iqtisadi potensialı qat-qat güclənmiş, digər tərəf¬dən isə respublikanın əvvəlcədən formalaşmış xammal bazası yönümü dəyişdirilmişdi. Bu dövrdə yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal obyektləri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqrar yönümlü respublikadan sənaye yönümlü respub¬lika¬ya çevrilməsinə zəmin yaratdı. Nəticədə 1980-ci ilın sonunda sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu ilin göstəricisindən 2 dəfə yüksək idi.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli gəlir 2,5 dəfə artmış, eyni zamanda sənaye istehsalı 2,7 dəfə artaraq əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən 2 dəfə çox olmuşdur. Həmin dövrdə Azərbaycanda böyük quruculuq, yaradıcılıq və inkişaf mərhələsi, cəmiyyətin bütün sahələrində yüksəliş və tərəqqi dövrü hökm sürürdü. Bütün bunların nəticəsi idi ki, Azərbaycan İttifaq büdcəsindən dotasiya almadan fəaliyyət göstərən iki resp.dan biri idi.
Ulu öndər Heydər Əliyev yaxşı başa düşürdü ki, mahiyyətcə gələcəyə yönəlmiş inkişaf strategiyasında əsas vasitə iqtisadiyyatın tezliklə dirçəlməsi, Azərbaycanın təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və mədəniyyət potensialından xalqın bəhrələnməsi üçün ən əlverişli şərait yaradılmasından ibarətdi
1969-1982-ci illərdə müdrik siyasi rəhbərlik sayəsində həyatın bütün sahələrində əldə etdiyimiz nəhəng potensial XX əsrin sonunda yenidən qovuşduğumuz müstəqillik üçün çox gərəkli oldu. Bununla bağlı Heydər Əliyev deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.
Həmçinin bu illər ərzində ən uğurlu addımlardan biri də güclü kadr potensialının, müxtəlif aparıcı ixtisaslar üzrə mütəxəssislərin yaradılması idi. İqtisadiyyatın sürətli şəkildə inkişafı sayəsində ali və orta ixtisas təhsili genişləndirilmiş, bununla da 3500 gənc həmin dövrün ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan başqa, Ulu öndər Heydər Əliyevin təhsil sahəsinə xüsusi diqqətinə görə hər il 800 gənc ölkədən kənara çıxırdı. 70-ci illərin sonlarında Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının, əsl rəhbər diqqətinin, övlad məhəbbətinin nəticəsi idi.Məhz Heydər Əliyev sayəsində 1978-ci ildə Azərbaycan dili rəsmi şəkildə dövlət dili elan olunmuşdur.
XARİCİ SİYASƏT
Xalqın dahi oğlu Heydər Əliyev rəhbərliyinin ilk dövründə uğurlu daxili siyasətlə yanaşı, uzaqgörən xarici siyasət də yürütmüşdür. Bu illər ərzində ermənilərin bizim torpaqlarımız olan Qarabağa da iddialarının qarşısı alınmışdır. 1969-1982-ci illərdə baş vermiş köklü dəyişikliklər səbəbindən Azərbaycanın müstəqillik tarixində ən dolğun və şərəfli səhifələri təşkil edir. Bu dövrdə Azrbaycan özünün de-fakto müstəqilliyi üçün etibarlı bir zəmin formalaşdıra bilmişdi.
Ulu öndər ümummilli lider Heydər Əliyev ilk öncə qonşu dövlətlərlə olan münasibətləri qaydaya salmaq istəyirdi. Buna görə o, qonşu dövlətlər ilə Azərbaycan arasında həm iqtisadi, həm də siyasi cəhətdən əməkdaşlıq yaratmışdır. Bu da, gənc Azərbaycanın xarici siyasətində mühüm addımlardan biri olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.(Heydər Əliyev)Ulu öndər yüksək vəzifələrə azərbaycanlı kadrları təyin etmiş, hüquq-mühafizə, partiya orqanlarında köklü dəyişikliklər etmişdir. Ədavət yaradan bütün daşnak qüvvələri isə cinayətə cəlb olunmuşdular.
1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.
DAXİLİ SİYASƏT
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev üçüncü minilliyin başlanğıcı münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: «XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur… Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. İndi artıq bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tutmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq». Belə ciddi problemlərdən biri Azərbaycanda səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılmasından ibarət idi.
Müstəqilliyimizin ilk illərində yuxarıda qeyd olunan uğurların böyük əksəriyyəti qanunvericilik və təşkilati baxımdan sona qədər formalaşa bilməmiş dövlət idarəetmə sistemi çərçivəsində, yalnız ümummilli lider Heydər Əliyevin gərgin əməyi, fitri istedadı və idarəçilik təcrübəsi hesabına əldə olunmuşdu. Çünki əvvəlki illərdə bütövlükdə dövlət idarəetmə sisteminin islahatlarına başlanılmamış, bu sahədə konkret proqramlar işlənib hazırlan¬ma¬mışdı. Nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının funksiyaları və praktiki olaraq yerinə yetirdikləri vəzifələr müasir dövlətin funksiya və vəzifələrinə uyğun gəlmirdi və formalaşmaqda olan bazar iqtisadiyyatının idarəetmə sisteminin tələblərinə cavab vermirdi. İqtisadi və sosial siyasətin həyata keçirilməsi zamanı ayrı-ayrı dövlət idarəetmə orqanları və təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi prosesi zəif idi. Azərbaycan Respublikasında peşəkar dövlət qulluğu institutu formalaşdırılmamışdı və s. Digər tərəfdən isə bazar iqtisadiyyatına və demokratik cəmiyyətə keçid siyasi, iqtisadi və sosial münasibətlərdə, dövlət idarəetmə sistemində əsaslı keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edirdi. Demokratik cəmiyyətə keçid ictimai resursların səmərəli idarə olunmasını, hakimiyyətin bütün qollarında və bütün səviyyələrdə funksiyaların və məsuliyyət hədlərinin, sərhədlərinin müəyyən edilməsini, yerli özünüidarəetmənin inkişaf etdirilməsini, mərkəzi və yerli özünüidarəetmə orqanlarının tərəfdaşlığının təmin edilməsini, rəhbər orqanların açıqlığını və ictimaiyyət qarşısında hesabatlılığını təmin etməyi, dövlət orqanlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsində ictimai təşkilatların təsirinin gücləndirilməsini, bu prosesdə vətəndaşların bilavasitə iştirakının təmin olunmasını tələb edirdi. Bu tələblər dövlətin rolunun dəyişməsinə uyğun olaraq dövlət idarəetmə sisteminin funksiyalarının dəqiqləşdirilməsini, dövlət aparatının rolunun, funksiyalarının, səlahiyyətlərinin və məsuliyyətinin dəyişməsini, idarəetmənin yuxarı səviyyələrində paralelliyi aradan qaldırmağı, mərkəzi və yerli orqanların qarşılıqlı fəaliyyətinin dəqiq tənzimlənməsini, dövlət qulluğunun səmərəliliyinin yüksəldilməsini, bütövlükdə dövlət idarəetmə sisteminin islahatlarının aparılması zəru¬rə¬tini və bütün səylərin dövlətin, dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətinə yönəldilməsini nəzərdə tuturdu. Eyni zamanda Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarının kompleks təminat mexanizmi yaradılmalı, başlıca inzibati dəyişiklikləri, xüsusi halda icra hakimiyyəti orqanları sisteminin, dövlət qulluğunun, inzibati-ərazi quruluşunun, dövlət idarəetməsinin ayrı-ayrı sferalarının transformasiyasını özündə əks etdirməli idi.
Bütün bunlan nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il dekabr ayının 29-da «Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərman imzaladı ki, bu da səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların başlanğıcını qoydu. Heydər Əliyevin rəhbərliyi altında komissiya dövlət idarəetmə sisteminin islahatlarının Konsepsiya layihəsini işləyib hazırladı. Bu konsepsiyada Azərbaycanın dövlət idarəetmə sisteminin müasir vəziyyəti təhlil olunaraq mövcud çatışmamazlıqlar aşkara çıxarılmış və dörd istiqamət üzrə islahatların (1-dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması; 2-audit sisteminin islahatı; 3-dövlət idarəetmə sisteminin (inzibati dövlət qulluğu) islahatı; 4-hüquq və məhkəmə sisteminin islahatı.) aparılmasının zəruriliyi əsaslandırılmışdı. Konsepsiyada icra hakimiyyəti sisteminin təkmilləşdiril¬məsinin strateji istiqaməti və bu məqsədlə yerinə yetirilməli olan işlərin məzmunu, islahatların hüquqi təminatı, Nazirlər Kabinetinin rolu və funksiyasınm təkmilləşdirilməsi, dövlət müəssisələrinin və dövlət mülkiyyə¬tinin idarə olunması, peşəkar dövlət qulluğunun formalaşdırılması məsələləri öz əksini tapmışdı.
Dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması, resursların daha səmərəli paylanmasını təmin etmək üçün, səmərəli büdcə sistemi və dövlət xərclərini idarəetmə sistemi yaratmaq məqsədi ilə Azərbaycan Respublikasının büdcə sistemi haqqında yeni qanun qəbul edildi, ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə fəaliyyətindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Dövlət idarəetmə orqanlarının fəaliyyətində paralelçiliyi və təkrarlanmaları aradan qaldırmaq, büdcə xərclərini rasionallaşdırmaq məqsədi ilə müxtəlif idarəetmə orqanlarının funksiyaları dəqiqləşdirildi, ixtisarlar aparıldı ( DYP, Vergilər Nazirliyi və s.).
Azərbaycanda səriştəli və peşəkar dövlət qulluğu sisteminin formalaşdırılması da tələb olunurdu. Çünki demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlı idi. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, düzgün, vicdanlı, qərəzsiz, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərdən ibarət dövlət qulluğu sistemi qurulmalı idi. Bu məqsədlə 21 iyul 2000-ci il tarixdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 2001-ci ilin sentyabr ayından qüvvəyə minən bu qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratdı. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndir¬məyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyət¬lə¬rindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratdı. Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin həllini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu İdarəetmə Şurası təşkil olundu və fəaliyyətə başladı.
XX əsrin əsrin 90 ci illərinin əvvəlində Azərbaycan bir sıra təhlükələr qarşısında qalmışdır və Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə köklü dəyişikliklərə səbəb olmuşdur. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Ulu öndər Heydər Əliyevprezidentliyi dövründə hüquqi, demokratik və dünyəvi dövlət yaratmaq məqsədilə ilk islahatlar keçirdi. 1995-ci ildə noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi. Həmçinin, həmin il noyabr ayının 12-də ilk parlament seçkiləri də keçirildi.
1996-cı ildə 6 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya gün kimi elan edildi. Həmin ildən başlayaraq hər il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Birinci bölmədə ümümi müddəalardan bəhs edir: Xalq hakimiyyəti və dövlətin əsasları. Konstitusiyaya əsasən xalq dövlət hakimiyyətinin yeganə mənbəyidir. İkinci bölmədə dövlətin əsasları yəni, əsas hüquq, azadlıqlar, vəzifələr, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların vəzifələri, üçüncü bölmədə dövlət, icra, məhkəmə hakimiyyəti və Naxçıvan Muxtar Respublikası, dördüncü bölmədə bələdiyyələr və nəhayət beşinci bölmədə isə qanunvericilik sistemi, konstitusiyaya dəyişikliklər və əlavələr yer alır.
1998-ci ildə məhkəmə islahatı keçirmiş və Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Məhz bu addımlar, xüsusilə Konstitusiyasının qəbulu Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda önəmli addım idi. 1996-cı ildə Hüquqi İslahatlar Komitəsi yaradılmışdır. Və Şərqdə ilk dəfə məhz Azərbaycanda 1998-ci ilin fevralında ölüm cəzası ləğv edilmişdir. Həmçinin, məhkəmə islahatı nəticəsində Konstitusiya Məhkəməsi də yaradılmışdır. Nəticədə bütün bu islahatlar nəticəsində ölkə dərin böhrandan çıxarılmışdır.
Ümummilli liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul edildi. Məhz həmin dövrdə “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları gündəmə gəldi. Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Ümummilli lider Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:
– səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;
– dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;
– vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;
– dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.
Ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” fərman imzaladı. Fərmanda islahatların həyata keçirilməsi ilə müəyyən nəticələrə nail olmaq qarşıya məqsəd kimi qoyulurdu. Ümumi olaraq dövlət idarəetməsi sistemində aşağıdakı dörd istiqamət üzrə islahatların aparılması nəzərdə tutulmuşdu:
1) dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;
2) audit sisteminin islahatı;
3) dövlət idarəetmə sisteminin islahatı;
4) hüquq və məhkəmə sisteminin islahatı.
11 oktyabr 1998-ci ildə Azərbaycanda prezident seçkiləri keçirilib və ulu öndər Heydər Əliyev səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da Azərbaycanda onun ikinci rəhbərliyi dövrü başlayıb. Təbii haldır ki, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə yenidən etimad etməsi səbəbsiz yerə deyildi.
Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Azərbaycanın çətin və zor keçən mürəkkəb dövründə Heydər Əliyev xalqın istəyi ilə yenidən rəhbərliyə qayıtdı və rəhbərliyin düzgün inkişaf strategiyasını müəyyənləşdirdi.
Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.
Heydər Əliyevin ikinci prezidentliyi dövründə 2001 ci ildə Ombudsman haqqında Konstitusiya qanunu qəbul edilmiş və Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəçisi olan Ombudsman təsisatı yaradılmışdır.

XARİCİ SİYASƏT
1994 cü ildə sentyabrın 20-də “Əsrin Müqaviləsi” imzalandı. Bu hadisə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyuldu.Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanın 13 məşhur neft şirkəti “Əsrin müqaviləsi”ndə iştirak etmişdir. Nəhayət, 1997- ci ildə bu müqavilə əsasında neftin ilkin hasilatına başlanıldı. Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.
1994 cu ildə Ulu öndər Heydər Əliyev BMT-nin Baş Məclisinin 49-cu sessiyasında və 2000-ci ildə minilliyin son sammitində çıxış etdi. 1997-ci ildə GUAM ( Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) yaradıldı. Heydər Əliyevin bütün bu islahatları və uzaqgörənliyi sayəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildi.
Ümumilli liderimiz Heydər Əliyev ölkəmiz üçün çox önəmli olan Dağlıq Qarabağ məsələsinə də biganə qalmamışdır. 1994 -cü ilin mayında ATƏT-in və digər vasitəçilərdən aparılan danışıqlar nəticəsində Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. Azərbaycan Prezidentinin 1993-1995 ci illərdə digər ölkələrə səfərləri, keçirdiyi görüşlər, həmçinin ayrı-ayrı ölkələrdən respublikamıza gələn xarici qonaqlarla aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. İlk dəfə olaraq Lissabon sammitində ATƏT- in 54 üzvündən 53 ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri dəstəklədilər. Məhz bu Azərbaycan xarici siyasətinin böyük uğuru idi, həmçinin ölkəmizin cəlb olunduğu münaqişənin nizama salınmasında keyfiyyətcə yeni mərhələ idi.
Ulu öndər Heydər Əliyevin 1993 cü ilin dekabrında Avropaya ilk dəfə olaraq rəsmi səfəri Fransaya olmuşdur. Səfər zamanı ümumilli lider Avropa üçün Paris xartiyasını imzalamış və Azərbaycan Paris xartiyasına qoşulmuşdur. Heydər Əliyev hakimiyyəti illərində Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya ilə də əlaqələr qurmuşdur. Heydər Əliyevin siyasəti nəticəsində ABŞ-ın Azərbaycana dair siyasətində dönüş oldu. Belə ki, ABŞ Azərbaycana silah satışına qoyduğu qadağanı ləğv etdi və Ermənistanı bir dövlət kimi təcavüzkar dövlət olaraq tanıdı. Bununla belə, Azərbaycan 1994- cü ildə Nato-nun “Sülh naminə Tərəfdaşlıq” Proqramına qoşulmuş, 2002 ci ildə isə AATŞ-nin Praqa Zirvə görüşündə iştirak etmiş, beynəlxalq terrorizmə mövzusunda geniş şəkildə çıxış etmişdir. Xarici iqtisadi əlaqələrə gəldikdə isə, Azərbaycan Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi layihəsini həyata keçirərək tranzit ölkəyə çevrilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə “Tarixi İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans” 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilmişdir.
Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldil¬mişdir.
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.
1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövləti hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklərlə üzləşmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı.
1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
“Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalan¬ması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
“Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənmə¬sinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda Şahdəniz yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünün beynəlxalq bazarlara ixrac etmək imkanını əldə etmişdir. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz¬ qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir.
Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil etmişdir. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlərlə neftin və qazın nəqlinin ildən ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlıverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

2001-ci ildə isə Azərbaycan, Türkiyə, Gürcüstanla sazişlər imzalanmışdır. Məqsəd isə ölkə qazının Bakı-Tbilisi- Ərzurum qaz kəməri ilə dünya bazarına çıxarılması idi. Bu gün ölkədə onlarca siyasi partiya sərbəst fəaliyyət göstərir. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdi. Sonrakı dövrdə də ümummilli liderimiz parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Bütün bu islahatlar Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqil Azərbaycan dövlətinin inkişaf etdiyinin, digər ölkələr arasında tanındığının, ölkədə sabitliyin əldə edilməsinin sübutudur.
“Heydər Əliyev çox az sayda olan tarixi şəxsiyyətlərdəndir ki, onun həyatı və fəaliyyəti ona üç prizmadan liderlik önəmini verməyə əsas yaradır. Heydər Əliyev tarixdə çox az olan şəxsiyyətlərdəndir ki, o həm qurucu lider adını daşıyıb, həm xilaskar lider missiyasını yerinə yetirib, həm də xalqın ümummilli lideri statusunu alıbdır. Bu onun sayəsində mümkün olubdur ki, Azərbaycan xalqının inkişafa, təkamülə ehtiyacı olanda Heydər Əliyev quruculuq missiyasını yerinə yetiribdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyevin yolunu davam etdirir. Cənab Prezidentİlham Əliyev, əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının hazırlanıb davam etməsində, bu siyasətin dünyada uğurlu olmasında, bu sahədə müxtəlif layihələrin hazırlanmasında, çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş və ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Cənab Prezident İlham Əliyev, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və”Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
– Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildirirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarlarının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu “olum ya ölüm!” çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yarandıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!
Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şaddır! Prezident İlham Əliyev Şuşa azad olunanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanından Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu.
Mənfur olan düşmən üzərində 2016-cı ildə qazandığımız Aprel zəfəri, həmçinin 2018-ci ildə qazanılmış Günnüt qalibiyyəti, məhz 2020-ci ilin 10 Noyabr qalibiyyətinə və zəfərinə doğru aparan şərəf yolu olaraq tariximizə yazıldı. Bu, eyni zamanda, Xalq-Dövlət-Ali Baş Komandan gerçəkliyinin uğurlu bir nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə qarşılandı və bəyənildi. Azərbaycan dövlətinin nə qədər dərin əsaslara, təməllərə söykənməsi faktının şahidi oldu.
“Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı təhlükədən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Mənim xatirimdədir, 1980-ci ilin sonu, 1981-ci ilin əvvəlində biz Ümumittifaq Sənaye Birliyində neftçi Qurbanın kabinetində oturmuşduq. Bizi iclasa çağırmışdılar. Bu zaman ümummilli liderimizlə birlikdə keçmiş SSRİ Nazirlər Sovetinin yanında Plan Komitəsinin sədri Baybakov, qaz sənayesi naziri Sabit Orucov, bir də respublika Nazirlər Sovetinin sədri Həsən Seyidov içəri girdilər. Sən demə, ümummilli liderimiz Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün 50 il qabaqcadan tələb olunan problemləri görürmüş. Əsas iki məsələni vurğuladı. Birincisi, kəşf olunan dəniz yataqlarının istismarı üçün tələb olunan qaldırıcı gəmi kranlarını, bir də Dərin Dəniz Özülləri Zavodunun tikintisini. O vaxt Baybakovun birinci müavini erməni idi və hər iki problemin həllinə çox maneçilik törədirdi. Amma buna baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin nəhəng səyləri nəticəsində bu iki zavod – həm Dərin Dəniz Özülləri Zavodu, həm də 2500 ton ağırlığında yük qaldıra bilən gəmi ilk dəfə sovetlər məkanında Azərbaycanda quraşdırıldı. Bu gün də Xəzərdə üzən yeganə gəmi Azərbaycanındır. Bu gün də Azərbaycan Respublikası neft strategiyasını uğurla yerinə yetirir və bunların köməyi olmadan Azərbaycanda çətinliklər ola bilərdi. Bu o deməkdir ki, ümummilli liderimiz cənab Heydər Əliyev Azərbaycanın neft strategiyasını, enerji təhlükəsizliyini 50 il qabaqcadan görürmüş və qarşıya çıxan problemləri pillə-pillə, yüksək səviyyədə yerinə yetirmişdir. Bu gün biz qətiyyətlə deyə bilərik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev bu işi uğurla davam etdirir və respublikanın iqtisadiyyatının davamlı inkişafını təmin edir.
Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Cənab Prezidentimiz “Dağlıq Qarabağ problemi”ni çözdü! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər gün dəyişən müasir dünyada, qloballaşan dövrdə, beynəlxalq görüşlərdə, yüksək səviyyəli danışıqların hamısında Azərbaycan mənafelərini uğurlu şəkildə müdafiə edir. Onun xarici siyasətinin uğuru sayəsində beynəlxalq və eləcə də regional problemlər daha yüksək səviyyədə həll edilir. Buna görədir ki, qətiyyətli mövqeyinə görə Azərbaycan Ordusu 30 illik işğala son qoymuşdur. Mənfur düşmənin ordusu məğlub edilmiş və “Dəmir Yumruq” əməliyyatı sayəsində Aərbaycanın Müzəffər Ordusu qələbə qazanmışdır.Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

s.e.f.d. Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR