“Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Novruz bayramına həsr olunmuş məqalə və şeir kitabxanaya təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi beş ildən arıqdır ki, uğurla davam edir. Şair və yazıçılar, jurnalistlər, yaradıcı insanlar yeni yazdıqları əsərləri ilə oxucuları və izləyiciləri tanış edirlər.

Baharın gəlişi və Novruz bayramı ilə əlaqədar Mərkəzi Kitabxananın fəal oxucusu Ülkər Məmmədova türk mənbələrindən əldə etdiyi məlumatlar əsasında “Türk mədəniyyətində Novruz/Yeni gün bayramı” adlı material hazırlamışdır.

Müəllif oxuculara Novruz bayramı haqqında yeni məlumatlar təqdim edir, bəzi adlar, inanclar haqqında söhbət açır. Daha sonra o, Novruz bayramı ərəfəsində Azərbaycanda keçirilən “at çapma”, “qılınc oynatma”, “zorxana”, “əyləncə”, “kəndirbaz”, “sim pəhləvanı”, “masqara” və “fərdi tamaşa”lar  haqqında oxuculara məlumat verir.

Məqalədə bu bayramın qazax türkləri, qırğız türkləri, Dağıstan türkləri tərəfindən və Türkmənistanda da geniş qeyd olunduğu vurğulanır. “Türk mədəniyyətində son çərşənbələr” adlı bölmədə Novruzdan öncəki dörd çərşənbə haqqında geniş məlumat var. Qeyd olunur ki, “Novruz çərşənbələri” adlı mərasimlərdə ata-babalarımızın təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, günəşi çağırmaq diləyi təsvir edilir. Müəllif oxucuların diqqətinə çatdırır ki, ilaxır çərşənbə mərasim, inanc, oyun və şənliklərldə ən vacibi sayılan torpaq çərşənbəsi kütləvi xalq şənlikləri ilə qeyd olunur, bu çərşənbənin şənlik və mərasimləri özünəməxsusluğu ilə seçilir.

Məqalə “bütün bunların bariz nümunəsi və təsdiqedici sübütu türk igidlərinin həyatları bahasına öz dədə-babalarının Qarabağ torpağını məkrli düşmən tapdağından alınması və doğma xalqına qaytarılmasıdır”, – sözlərlə yekunlaşır.

“Türk mədəniyyətində Novruz/Yeni gün bayramı” adlı məqalə ilə oxucular aşağıdakı keçiddə tanış ola bilərlər:
https://drive.google.com/file/d/1-djcq1uZMLn-LlhUfWiBN5ZVoEFe93Ju/view?usp=sharing

Şair, yazıçı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis də kiçikyaşlı oxuculara yeni yazdığı “Novruz gəlir” şeirini hədiyyə edir. Şeirdə elimizin, obamızın, xalqımızın Novruzu böyük həvəslə qarşılaması təsvir edilir. Şair Novruz adət-ənənələrini, torpağın oyanmasını balaca oxuculara çatdırır.

Novruz gəlir

Yurduma Novruz gəlir,
Əlvan xalçanı sərir.

Oyanır torpağımız,
Gülür bağça-bağımız.

Gəldi çərşənbə günü,
Geyindi əlvan donu.

Su çərşənbəsi gəldi,
Torpaq içib dirçəldi.

Yaşıl geyindi çəmən,
Açdı gözün yasəmən.

Süfrəyə gəldi xonça,
Hamı yedi doyunca.

Gəldi Keçəl və Kosa,
Noğul yedi bir kasa.

Çiynində var xurcunu,
Hamı tanıyır onu.

Uşaqlara verdi pay,
Düşdü yaman hay-haray.

Paylandı noğul-nabat,
Coşub qaynadı həyat.

Boylandı novruzgülü,
Açdı üzündən tülü.

Novruz gəldi ellərə,
Nəğmə düşdü dillərə.

Hər bayramda, hər zaman,
Xoşbəxtdir Azərbaycan!

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR