“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan bayrağı” adlı tədbir keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi İlqar İbrahimov adına 167№-li tam orta məkəbdə 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan bayrağı” adlı tədbir keçirdi.
Ulu Öndər Heydər Əliyevin və erməni işğalından azad olunmuş torpaqlarda bu bayrağın yenidən dalğalanması üçün canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə baş kitabxanaçı Gülnarə Cəlilova açaraq, əlamətdar gün münasibətilə müəllim və şagirdləri təbrik etdi, Azərbaycan bayragının yaranması, şanlı tarixi haqqında məlumat verdi.
Abonement bölməsinin müdiri Lalə Səlimova çıxışında Azərbaycanın suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş torpaqlarında yenidən dalğalanmasının xalqımıza sevinc hissi bəxş etdiyini vurğuladı və bildirdi ki, Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.
Tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsində Talış-Tərtər, Suqovuşan döyüşlərində düşmənlə üz-üzə vuruşan mayor Cəfər Cəfərov çıxışını Ulu Öndər Heydər Əliyevin sözləri ilə başladı: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. O öz çıxışında qeyd etdi ki, bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb.
Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla mübarizə aparan polkovnik Rəşad Atakişiyev işğaldan azad olunmuş torpaqlarımızda bayrağımızın dalğalanmasından çox böyük qürur hissi duyduğunu bildirdi.
Tədbirdə çıxış edən məktəbin kitabxana müdiri Məlahət Rəvanova məktəblilərə bayragımızı qürur, sevinc və fərəh hissi ilə sevməyi tövsiyə etdi.
Tədbirin sonunda şağirdlərdən Mədinə Əliyeva, Həmidə Cavadova, Elnur Fərəcli, Asya Əliyeva Zəfərə, Bayrağa, Vətənə həsr olunmuş şeirlər söylədilər.
.