BİR TƏSADÜF, BİR GÖRÜŞ
Həyatda xoş təsadüflər çox olur. Bu təsadüflərdən biri də Gülnarə
müəllimə ilə rastlaşmağımdır.
Yayın isti günlərindən biri idi. Parkdakı ağacların kölgəsində olan
skamyalardan birində əyləşmişdim. Yaxınlıqdakı skamyalarda da
əyləşənlər vardı. Baxdım boylu-buxunlu, gülərüz bir gənc xanım xeyli
aralıda dayanıb. Gah mənə, gah skamyalarda əyləşənlərə baxır. Məsələni
anladım, xanım bir yerdə əyləşib dincəlmək istəyirdi. O biri skamyalarda
yer yoxdu. Xanımın məqsədini anladım, fikirləşirdi ki, görəsən burada
əyləşmək olar, ya yox, yəni mən buna razılıq verəcəyəmmi. Mən ona
səsləndim:
-Buyurun əyləşin.
Xanımın üzü güldü:
-Çox sağ olun.
-Siz müəlliməyə oxşayırsınız.
-Hardan bildiniz?
-Nəzakətinizdən, hərəkətlərinizdən. Siz gələn kimi də bu skamyada
əyləşə bilərdiniz, amma fikir verdim ki, bayaqdan götür-qoy edirsiniz.
Yəni nəcib və həssassınız. Fikirləşdiniz ki, mən razı olmasam, buranı tərk
edib başqa bir yerdə dincəlməyi münasib biləcəksiniz.
Gülümsündü:
-Deyəsən Siz də müəllimsiniz.
-Elədir.
Ağlıma nə gəldisə dedim:
-Yəqin siz də bizim Pedaqoji Universiteti bitirmisiniz.
-Xeyir. Mən Tümen Dövlət Pedaqoji Universitetinin rus dili və
ədəbiyyatının tədrisi fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm.
-Maraqlıdır.
-Bəli, mən həmin ali məktəbi bitirmişəm. Çünki atam da, anam da
uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Mən də, qardaşım
da Tümen vilayətində doğulub boya-başa çatmışıq. Adım Gülnarədir.
Paşayeva Gülnarə Yusif qızı.
Ona baxıb gülümsədiyimi görəndə müsahibimin də üzünə təbəssüm
qondu. Mən onun söhbətinə müdaxilə etdim:
-Dediklərinizdən məlum olur ki, balalarımıza rus dili və
ədəbiyyatından dərs deyirsiniz. Başqaları kimi siz də özünüzü rus dilli
sayırsınız?
-Xeyr. Çünki biz – qardaşımla mən orta məktəbdə də, ali məktəbdə
də rus dilində təhsil alsaq belə, evimizdə həmişə ana dilimizdə danışmışıq.
Valideynlərimiz milliliyə, adət-ənənələrə xüsusi fikir verən, soya-kökə
bağlı adamlardır. Onlar xalqımızı, adət-ənənələrimizi, Vətənimizi çox
sevirlər. Biz də elə bu ruhda böyümüşük. Orta məktəbdə də, ali məktəbdə
də həmişə ermənilərlə söhbətim tutmayıb. Onlar hər zaman bizim xalqa
qarşı şər, böhtan yağdırıblar. Mən də buna görə narazılığımı bildirəndə
ruslar da ermənilərin tərəfini tuturdular. Ermənilər torpaqlarımıza göz
dikdiklərini hər zaman açıq-aşkar deyir, bu torpaqların onlara məxsus
olduğunu sübut etməyə çalışırdılar. Mənim təmkinli cavablarımı, onların
qabağından qaçmadığımı görüb təəccüblənirdilər. Mənin dirənişim,
faktlarla, dəlillərlə danışmağım hiss edirdim ki, onları həm qəzəbləndirir,
həm də heyrətə gətirirdi.
-Peşəniz sizi məmnun edirmi?- deyə soruşdum.
-Əlbəttə. Mən uşaqlara rus dili və ədəbiyyatını səylə öyrədirəm.
Eyni zamanda onlara ana dilimizin incəliklərini də xatırladıram.
-Necə? Siz Azərbaycan dilinin qrammatikasını da uşaqlara
öyrədirsiniz?
-Bəli. Bilirsinizmi, təxminən on beş ildir pedaqoji işlə məşğul
oluram. Sizdən nə gizlədim, əvvəlcə Azərbaycan dilinin qrammatikasını
yaxşı bilmirdim. Bunu özümə qüsur kimi qəbul edib dilimizin
qrammatikasını öyrənməyə başladım. Kurslara getdim, dərsliklərə
baxdım… Nəhayət, məqsədimə nail oldum. Çünki ana dilini bilmədən
digər dilləri həm öyrənmək, həm də tədris etmək çətin olur. Bir də hansı
peşə, sənət sahibi olursa-olsun, mənsub olduğu xalqın dilini, ədəbiyyatını,
tarixini bilməlidir.
-Söhbətimizdən məlum olur ki, siz müəllimlikdən, pedaqoji
fəaliyyətdən, bir sözlə, bu sənətdən zövq alırsız. Sevirsiniz bu sənəti.
-Dünyada ən yaxşı sənət müəllim peşəsidir. Çünki dünyavi aləm
yaranandan hər bir sənət və peşə sahibi, kim olursa-olsun müəllimlərin
əməyinə möhtacdır. Onların nəsihətləri, tapşırıq və göstərişləri, verdiyi
bilgilər olmadan irəli getmək, həqiqətin yolunu tapmaq mümkün deyil.
Azərbaycanın tanınmış şəxsiyyətləri Mirzə Cəlil, Məhəmməd Tağı Sidqi,
Cavid Əfəndi, daha kimlər müəllim olmayıblarmı? Bunlardan M.S.Sidqi
Ordubadda “Əxtar” (“Ulduz”), Naxçıvanda “Məktəbi-tərbiyə”
məktəblərini açıb. Bir sözlə, tanınmış maarifçilərimiz az olmayıb. İnsanın
sənətinə, peşəsinə sevgisi, vurğunluğu olmasa onun ustalaşması,
kamilləşməsi mümkün ola bilməz.
-Maraqlıdır, Sizin Azərbaycan dilinin qrammatikasını səylə
öyrənməyiniz məni heyrətləndirdi. Burada ana dilimizə tükənməz sevgi
və məhəbbətinizin olduğunu görürəm. Mənə təəccüblü gələn odur ki, siz
rus dilində təhsil almağınıza rəğmən, dilimizə marağınız azalmayıb,
əksinə artıb.
Bilirsinizmi, buna görə mən valideynlərimə borcluyam. Atam
həmişə deyir:
-Rusiyadan baxanda doğma Azərbaycan bir az daha gözəl görünür.
Deyirəm:
-Ata, bu nə deməkdi.
Deyir:
-Rusiya- bura qürbətdi, qızım. Odur ki, qürbətdən vətən daha gözəl
görünür. Qaldı Azərbaycan dilinin qrammatikasını səylə öyrənməyim…
Axı doğma dilin incəliklərini bilmədən irəli getmək olmaz. Hər bir adamı
onun yazısı ilə də tanıyırlar. Zənnimcə, adam nə qədər ana dilinin qaydaqanunlarını yaxşı bilir, bir o qədər yazı-pozusu qəlblərə yol tapar. Həm də
mən istəyirəm ki, şagirdlərim hər tərəfli biliyə malik olsunlar. Üstəlik, hər
birinin özünəməxsus üslubu olsun.
-Deməli, Siz balalarımıza ana dilimizin incəliklərini də öyrədir,
onun əhəmiyyətini, gələcək həyatda böyük rol oynayacağını anladır, bir
sözlə, onlara doğru yol göstərirsiniz.
-Əlbəttə. Onların hər birinin uğuru, xeyirli xəbəri məni
qanadlandırır, məni öz sənətimə daha da möhkəm bağlayır, özümə inam
yaradır.
Bəli, mənim Gülnarə müəllimə ilə görüşüm bir təsadüfdü, amma
yaddaqalandır. Belə cəfakeş, ürəyi balalarımıza sevgi və məhəbbətlə dolu
pedaqoqlarımızı görəndə ürəyim dağa dönür. Sevinirəm ki, nə yaxşı belə
qabiliyyətli, dünyagörüşlü müəllimlərimiz var. Bunu da qeyd edək ki,
oktyabr ayının 5-i “Müəllimlər Günü”dür. Bu münasibətlə Gülnarə
müəlliməni ürəkdən təbrik edir, ona pedaqoji fəaliyyətində uğurlar və can
sağlığı arzu edirəm.
-
Tacir Səmimi,
Filologiya üzrə fəlsəfə doktoru,
dosent