ÜÇ BAYATI, BABALARIN ÜÇ SÖZÜ
Həmişə bir neçə sözü, cümləni çox işlədirəm. Mənim çox şeydə bəxtim gətirməsə də,
dostlarda, yaxşı insanlara rast gəlməkdə bəxtim gətirib. Elə şəxslərlə qarşılaşmışam ki, onların
həyatımda təsiri rol oynayıb. Belələrindən biri də Əhməd əmidir, yəni Əhməd Cəfərzadə, bö-
yük yazıçımız Əzizə Cəfərzadənin kiçik qardaşı.
Əhməd əmi bütün varlığı ilə el-obaya bağlı adamdı. Üstəlik, dostluğa, yoldaşlığa böyük
önəm verəndi. Bizim Amasiya rayonu sərhəd, üstəlik, ucqar bir ərazi olsa da Əhməd əmi dəfə-
lərlə Ağbabanın, eləcə də Şörəyelin kəndlərini gəzib-dolanmışdı. Olduqca insafsız və sərt sərhədçilərlə Əhməd əmi necə dil tapmışdı, buna hələ də mat qalmışam. Bəli, onu heç vaxt sərhəddə incitmirdilər. Üstəlik, Əhməd əmi buraya təkcə dostları ilə görüşməyə deyil, folklor toplamağa da gəlirdi. O, bizim musiqi folkloruna vurğundu. Nanayları ilk dəfə onunla Əzizə xanım toplayıblar. Sağ olsun dostum Turan İbrahimov. Həmin toplama kitabını çap etdirib.
Əhməd əmiyə olan sevgi məni onun arxivinə də istiqamətləndirdi. Turan bəyin köməyi
ilə alimin oğlu Aydın Cəfərzadədən aldığımız toplama materialları arasına Ağbaba ilə bağlı
olanlarla da tanış oldum.
…Bu toplama işini işləyərkən rastlandığım üç bayatı diqqətimi çəkdi:
Gümrü eli bizimdi,
Həyətləri üzümdü.
Mən gəldim sizə qonaq,
İndi növbə sizindi.
Qarapapaq elimiz,
Türk dilidi dilimiz.
Türkdən ayrı düşmüşük,
Əyilibdi belimiz.
Qoyun gələr quzuynan,
Ayağının tozuynan.
Erməni yüz illərdi
Düşmən olub biziynən.
Burada rəhmətlik Əzizə xanımı da xatırlayır, ona qəni-qəni rəhmət diləyirəm. Çünki o
deyirdi: “Hər bayatıda bir tarix, bir olay, əhvalat, hikmət yatır. Ona diqqətlə baxmaq lazımdır.
Bayatılar dədə-babalarımızın, ağbirçəklərimizin səsləri-sədalarıdır”.
Yaşlılar həmişə Gümrüdən şirin-şirin danışmağı çox sevər, çox vaxt danışıqda “Gümrü”
əvəzinə “şəhər” sözünü də işlədərdilər. Bir də “şəhər” deyəndə hamı Gümrüdən söhbət getdiyini anlayardı.
Yadımdadır, payızda, qış günlərində Gümrüyə gedərdik. Dayım məni gümrülü Mehdi babanın evinə aparardı. Orda qonaq qalıb onun nağıllarına qulaq asardıq. Mehdi baba çox tanınmış nağılçı sayılırdı.
…Dayım deyərdi:
– Bizdə adətdi, həmişə Əliqulu ağa, Şaban katda, Məmmədqasım ağa, Rəhim ağa – bunlar Gümrünün tanınmışları idilər. Ağbabaya gələrdilər. Burda onların yaylaqları da vardı, qonaq da olardılar. Söz arasında da deyərdilər:
– Ay Həmzə ağa, Şütü Yusif, Ağsaqqal Vəli, Balagədə, siz nə vaxt Gümrüyə gəlirsiniz?
İndi də nobat sizin deyilmi? Gələndə Aşıq Nəsibə də deyin. O da gəlsin, Aşıq Əbdül də. Əhməd əminin topladığı birinci bayatıda bu qeyd etdiklərim öz ifadəsini tapmayıbmı? Bəli, Gümrü türklərinin şəhəri, yurdu olub.
…Bizim tərəfdə, Ağbabada Türkiyəyə yaşlılar “Alosman”, ya da sadəcə “türk” deyirdilər.
Məsələn, danışıqda belə deyirdilər: “Filankəs türkə getdi”. Yəni filankəs Türkiyəyə getdi. Bu
günlərə qədər köhnə pasportlar qalmışdı. Orda milliyyəti qabağında “qarapapaq” yazılmışdı.
Yadımdadır, Gülxanım nənənin (Çıldırlı Aşıq Şenliyin qızı) pasportunda “türk” yazılmışdı.
…Axırıncı bayatı da yaddaşımızı bir də təzələyir, düşmənimizin erməni olduğunu göstərməklə bərabər bu düşmənin düşmən olaraq qaldığını da deyir.
…Mən burda cəmi üç bayatının təsirini, məni tərpətdiyini yazdım. Üç bayatı, babaların üç
sözü, düşüncələri, səsləri… Hər birinin öz hikməti, söz hikməti var.
Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
2