Erkən nigaha yox deyək!- Gənclər oxumalı, savadlanmalıdırlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara, cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən nikah – yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır.

Mən bu aktual problem üzərində çox araşdırma etmişəm və araşdırmalar nəticəsində beynimdə belə bir sual oyandı ki, 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyni analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməzdi. Ona görə də mən araşdırmamı davam etdirdim. Bir çox psixoloqlarla həmsöhbət oldum. Gəldiyim qənaət o oldu ki, ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Bununla yanaşı bəs 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur.

Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Ən əsas nüans isə bir çox ailələrin savadsızlığıdır. Yetkin düşüncəsi olmayan ailələrdə uşaqlar psixoloji travma yaşayırlar. Bu da bilavasitə onların həyatına təsir edir. Çünki erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.

Biz özümüz gənc olaraq belə problemlərə qarşı mübarizə aparır, psixoloji durumu çətin olan həmyaşıdlarımıza, bizdən balaca qızlara dayaq olmağa çalışmaq üçün təbliğat aparırıq. Təmsil olunduğumuz Türk Ağsaqqalları Birliyində bizə yaradılan şəraitdən bəhrələnərək belə layihələrə üstünlük verir, psixoloqlarla görüşlər təşkil edirik. Sağlam vətəndaşı olan ölkənin vətəndaş cəmiyyəti dövlətin dayaq sütunudur!

Fatimə Hacıyeva
TAİB GT-nin Mətbuat və sosial şəbəkələr üzrə sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR