TAİB üzvləri II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak ediblər
Bu gün Türk Ağsaqqalları Birliyi – TAİB üzvləri Elmlər Akademiyası parkında II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında olublar
İyunun 5-dən AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Agsaqqallar.com xəbər verir ki, Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Kitab festivalına qatılan təşkilat üzvlərindən Qadınlar Şurasının sədr müavini, tanınmış şairə Sara Göyçəli türk dünyası ədəbiyyatı nümunələrindən danışıb və Atatürkə həsr etdiyi şeiri səsləndirib. TAİB Gənclər Təşkilatın üzvləri də festivalda yeni kitablarla tanış olublar.
Qeyd edək ki, 11 iyun tarixinədək davam edəcək festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirlər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.
Mətbuat xidməti