Bu gün Laçın dövlətimizin və xalqımızın quruculuq əziminin nümunəsidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Laçın işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi genişmiqyaslı yenidənqurma və bərpa meydançasına çevrilib. Şəhərdə ümumilikdə 700 bina bərpa edilir, onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binası, 71-i isə inzibati binadır. Bundan əlavə şəhər ərazisində 7 park, idman kompleksi, istirahət mərkəzi, xəstəxanalar, məktəblər və digər infrastruktur layihələri tikilməkdədir. Görülən bütün işlər hazırlanmış Baş plana uyğun həyata keçirilir.

Bildiyimiz kimi Laçının özünəməxsus füsunkar təbiəti və coğrafi mövqeyi vardır. Rəngarəng landşafta məxsus ərazi yüksək turizm potensialına sahibdir. Şəhərin görünüşünə diqqət yetirdikdə sanki təbiətlə bir vəhdətdə olduğunu görürük.
Əhalinin məşğulluğunun təşkili baxımından gələcəkdə burada kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq və digər sosial xidmət sahələrinin yaradılması nəzərdə tutulur.
Ölkə rəhbəri cənab İlham Əliyevin cari ilin may ayının 28-də Laçında yerli əhali ilə görüşünün böyük rəmzi xarakteri var idi. Bu gün Laçın şəhərinin yenidənqurmadan sonrakı siması müstəqilliyimizin və dünya miqyasında mövqelərimizin nə qədər güclü olduğunu göstərir. İlkin mərhələdə 20 ailə artıq Laçında yerləşdirildi. Növbəti mərhələlərdə isə 4 min və daha artıq insanın yerləşdirilməsi planlaşdırılır. Dövlətimiz tərəfindən bütün Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi bir daha onu göstərir ki, bu torpaqların əsl sahibi bizik və biz öz doğma yurdumuzu yenidən qurub-yaradacağıq. Xatırlatmaq istəyirəm ki, işğaldan cəmi iki il yarım keçməsinə baxmayaraq, artıq Ağalı və Talış kəndlərinə sakinlərimizin birinci qrupu köçürülüb. Zabux kəndinin də sentyabr ayına qədər tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcəyi gözlənilir.
Laçın 1992-ci ilin mayında, Şuşadan sonra sonra işğal olunmuşdu. Laçının işğalı həqiqət faciə idi, çünki bu işğal nəticəsində Ermənistanla keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradılmışdı.
Artıq bu gün biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü bərpa etdik. Onsuz biz ərazi bütövlüyümüzü İkinci Qarabağ müharibəsində bərpa etmişdik. Sadəcə sərhəd-buraxılış məntəqəsi Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə tam nəzarəti həyata keçirir.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alsaq, artıq sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneə qalmayıb. Əgər Ermənistan tərəfi hər hansısa bir saxtakalıq və hiyləyə əl atmasa. Əlbətdə hər hansısa təxribatın qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaq. Düşünürük ki, Ermənistan tərəfi yaranmış bu tarixi fürsətdən istifadə edəcək və özünün təhlükəsizliyini və müstəqilliyini təhlükə altına almayacaq. Qaldı ki, Azərbaycan ərazisində yaşayan erməni azlıqlarına, onlarda gec-tez Azərbaycan qanunları çərçivəsində Azərbaycan bayrağı altın altında yaşamalı olduqlarını dərk etməlidirlər. Müstəqillik xülyası və yenidən baş qaldırmaq cəhdləri onların sonunu gətirə bilər.
Qısa zaman ərzində Laçının belə gözəlləşməsi və abadlıq-quruculuq işlərinin bütün istiqamətlər üzrə həyata keçirilməsi cənab Prezident İlham Əliyevin qətiyyətinin və verilən tapşırıqların icrasına nəzarətin güclü olmasından xəbər verir. Əminik ki, bunda sonra laçınlılar öz doğma yurdlarında xoşbəxt və firavan yaşayacaqlar.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR