Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Multikultural Beynəlxalq Uşaq Festivalı” keçirilib
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti Şimali Kipr Türk Respublikasında yaşayan yerli və əcnəbi ailələrin uşaqları üçün Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Multikultural Beynəlxalq Uşaq Festivalı” tədbiri keçirib.
Agsaqqallar.com xəbər verir ki, 13 may 2023-cü il tarixində Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbirə adada yaşayan 200-dən çox yerli və əcnəbi uşaqlar qatılıb.
Tədbirdə çıxış edən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki: “1923-cü il xalqımızın tarixində çox böyük əhəmiyyətə malikdir. Belə ki xalqımızın böyük lideri Heydər Əliyev həmin ildə dünyaya göz açıb. 2023-cü ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin daxilində və xaricində Həydər Əliyev ili çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Şimali Kiprdə aktiv fəaliyyət gösdərən bir təşkilat olaraq bu gün gələcəyimiz olan uşaqlar üçün keçirdiyimiz “Multikultural Beynəlxalq Uşaq Festivalı” təsadüfi deyil. Azərbaycan bütün millətlərin öz milli-mənəvi dəyərlərini ən yüksək səviyədə yaşadığı ölkədir. Ölkəmizin zəngin mədəniyyəti var. Bu mədəniyyətin yaşadılması və tanıdılması üçün daima çalışırıq”.
Festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları ayrı-ayrı xalqlara məxsus musiqi nömrələri sərgiləyib. Uşaqlar rəsmlər çəkiblər. Tədbirə dəvət olunan müxtəlif sənətçilər konsert proqramı ilə çıxış ediblər. Uşaqlar üçün müxtəlif aktivitələr həyata keçirilib.