Ulu Öndər Heydər Əliyev və Milli İqtisadiyyat

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müxtəlif vaxtlarda xalqımız çətin və kəşməkəşli həyat yolu keçmiş və bu sınaqlardan həmişə üzüağ çıxmışdır. Ölkəmizin şərqlə-qərb arasında olduqca strateji nöqtədə yerləşməsi dünya dövlətlərinin diqqətindən yayınmamışdır. Azərbaycana yağlı tikə kimi göz dikən qonşularımız hər vəchlə çalışmışlar ki, min bir hiylə qurub bu zəngin diyarı qəsb etsinlər. Ancaq çox şükürlər olsun ki, ulu yaradan çətin vaxtlarda xalqımıza uzaqgörən, müdrik bir rəhbər göndərmişdir.
XX əsr müstəqillik tariximizin yaddaşında Heydər Əliyev fenomeni özünəməxsus yer tutmuşdur. Hələ 90-cı illərin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş bu Azərbaycan xalqını qarşıda çətin və məşəqqətli illər gözləyirdi. Bir tərəfdən keçmiş SSR–nin varisi Rusiya kimi nəhəng qonşumuz, digər tərəfdən cənubdan seperatçılığı dəstəkləyən İran İslam Respublikası, daxildən isə dövləti parçalamağı qarşılarına məqsəd qoymuş bir çox ölkələrin siyasətinə xidmət edən qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar.
1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan bu gənc respublika dövlətçiliyini itirmək təhlükəsi yaşayırdı. Erməni işğalçıları tərəfindən torpaqlarımızın bir hissəsinin zəbt edilməsi, eyni zamanda daxili intriqalar hakimiyyət böhranını dərinləşdirirdi. Belə olan halda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqımız bu qanlı-qadalı günləri geridə buraxdı. Xalqını canından belə çox sevən bu müdrik siyasətçi dəhşətli hadisələrin gözlənilən bəlalarından xalqımızı zamanındaca xilas etdi.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq o, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.  Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilməyə başlandı.
Həmin dövrdə müstəqillik qazanmağımız ilkin şərt idisə, ən vacib məsələ onu qoruyub inkişaf etdirmək və baş verəcək təhlükələrdən qorumaq idi.
Heydər Əliyev milli dövlətçiliyimizin fəlsəfəsini yaratdı. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi.
1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Əbülfəz Elçibəy Bakını tərk etdiyinə görə, Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qarşıda hələ görülməli mühüm tədbirlər-Dövlət Müstəqilliyinin təmin olunması, xalqı düçar olduğu müharibədən sülh danışıqları yolu ilə qurtarmaq üçün daxili və xarici siyasəti həyata keçirmək, dağıdılmış və talanmış iqtisadiyyatı bərpa etmək dayanırdı.
Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən o dövrdəki Müdafiə nazirinin müavini separatçı Əlikram Hümbətovun rəhbərliyi ilə Lənkəranda qondarma “Talış-Muğan Respublikası” qurulmasının, eyni zamanda şimal ərazisində separatçı qüvvələrin müqavimətinin qarşısı vaxtında alındı. Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Qısa zamanda ulu öndərin siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Onun ilk vacib qərarlarından biri işğalçı Ermənistanla müvəqqəti sülh sazişinin bağlanması oldu. 1994-cü ilin may ayının 12-də Bişkekdə atəşkəs əldə edildi. Atəşkəsin mühüm əhəmiyyəti ondan ibarət idi ki, dövlətin inkişafına əngəl törədən maneələr aradan qaldırılsın, ordu quruculuğuna başlanılsın və bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndirilsin.
İqtisadi və enerji təhlükəsizliyinin qarantı kimi 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin Müqaviləsi” və onun gerçəkləşdirilməsi, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “Hasilatın pay bölgüsü” müqaviləsi sonradan Azərbaycana xeyli dividentlər gətirəcəkdi. “Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsi (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Norveç və Səudiyyə Ərəbistanı) iştirak etmişdir.
“Əsrin Müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birlikdə işlərə başlanıldı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin Müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. 1997-ci ildə Çiraq neft hasilatına başlanıldı.
1993-cü ilin dekabrında Azərbaycanın “mənfəət  nefti” ilə doldurulmuş ilk tankeri dünya bazarlarına çıxarıldı. Bundan əlavə, Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi.
Qərb istiqamətində Bakı-Supsa boru kəməri inşa edilərək 17 aprel 1999-cu ildə işə salındı.
1999-cu ilin noyabrında İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Neft Boru Kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 18 sentyabr 2002-ci ildə Bakıda, Səngəçal terminalında ulu öndər Heydər Əliyev Türkiyə və Gürcüstan prezidentləri ilə birlikdə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşının qoyulmasında iştirak etmişdir. 2006-cı ilin iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Neft Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Ulu Öndər milli iqtisadiyyatın yaradılması, inkişaf etdirilməsi, ən əsası bazar iqtisadiyyatına söykənən yeni sistemin yaradılması üçün bütün resursları səfərbər etdi. Ulu Öndərin təbirincə desək:” İndi biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.”
Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Heydər Əliyev izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir.
Azərbaycan gəncliyi bu gün qürurla və iftixarla bu Vətənin övladı olmaqdan məmnunluq duyur. Çünki Prezident-Xalq, Xalq-Prezident birliyi vəhdət təşkil edir.
Ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq və xalqımız müdrik rəhbərinin xatirəsini ehtiramla yad edəcəkdir.

Mürvət İbrahimov,
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR