MARAQLI GÖRÜŞ
Ağbabada sinədəftərlər çoxdu, orda elə kənd yox idi ki, sazlı-sözlü adamları,
bədahətən şeir söyləyənləri olmasın. Avazla nanay oxuyanlar da bir ayrı… Mən
buna görə özümü həmişə nağıllar aləmində hiss edərdim. Çünki demək olar ki,
Amasiya rayonunun bütün kəndlərində olmuş, sinədəftərləri dinləyib onların sözsöhbətini olduğu kimi yazıya almışdım. Sözüm onda yox, belə sinədəftərlərdən biri
də Ağbabanın Çaybasar kəndindən olan Şahismayıl müəllimdi, Məmmədov Şahismayıl Hacı oğlu. Şahismayıl müəllim tanınmış pedaqoq-şair Xurşud Məmmədovun qardaşı idi. Onu dəfələrlə yazıya almışam, dinləmişəm.
…Xeyli vaxt idi ki, Şahismayıl müəllimlə əlaqə saxlaya bilmirdim. Araya
müxtəlif işlər düşürdü, onunla görüşə bilmirdim. Eşitmişdim xəstələnib, daha çox
yerə gedib-gələ bilmir. Bir tərəfdən yaşlılıq, bir tərəfdən xəstəlik kişiyə imkan vermir. Fikirləşirdim ki, bu günə, sabaha gedib bu xeyirxah, sinədəftər kişi ilə görüşüb
hal-əhval tutaram. Amma alınmırdı. Belə, belə xeyli vaxt keçdi. Axırda Məftun
Ənvəroğluna üz tutdum:
– Ay Məftun, hal-əhval belədi… Nə müddətdi Şahismayıl müəllimlə görüş-
mək istəyirəm, alınmır, hər dəfə bir iş çıxır. Axı bu kişi şəxsiyyətli bir adamdı,
şairdi, qələm əhlidi, dəfələrlə qonaq olmuşam.
Yəqin yadındadır, səninlə məni tanış edən də Şahismayıl müəllimdi. O, mənə
deyəndə ki, dostun Ənvər müəllimin oğlu Məftunu lap yaxşı tanıyıram, elə bil mə-
nə dünyaları bağışladılar. Axı 1988-ci ilin məlum hadisələrindən sonra Ənvər
müəllimdən xəbər tuta bilməmişdim.
Necə eləyək ki, bir dəfə Şahismayıl müəllimlə görüşək?
– Müəllim, düz deyirsən. Mən də çoxdandır Şahismayıl müəllimlə görüşmü-
rəm. Deyirəm elə bu günlərdə bərabər…
– Hə, çox yaxşı olar. Onda mən Sumqayıta gələn kimi sənə xəbər verərəm,
bərabər Şahismayıl müəllimgilə gedərik.
– Lap yaxşı olar.
Axır ki, Məftun Ənvəroğlu ilə bərabər Corata, Şahismayıl müəllimgilə getdik.
Ev sahibi bizi həmişə olduğu kimi gülərüzlə, xoş əhvalla qarşıladı. O, üzümə baxınca onun baxışlarından anladım ki, nə deyəcək. Dedim:
– Şahismayıl müəllim, nədən istəyirsən danış. Çoxdandı sənin sözünə-söhbə-
tinə həsrət qalmışdım.
Gülümsündü kişi:
– Bizim Ağbabanın havası, suyu, pencərləri, motalı, şoru, yağı, nemətləri orda
yaşayanları həm canı sağ, həm comərd, həm də onların bəzilərini şair eləmişdi. Elə
bizim kənddə şair Qənbər, əbəm (Aşıq Qənbərə biz belə deyirdik), bizim Xurşud…
Daha kimlər vardı. Onu deyim ki, Xurşud müəllimin mənim taleyimdə böyük rolu
var. O, mənim böyük qardaşımdı. Mən həmişə onun dalınca getmişəm, ona oxşamağa çalışmışam. Çünki qardaşım olduqca istedadlı idi, həmişə irəliyə can atırdı.
Tanınmış alim, şair və yazı-pozu adamı idi. Şükür Allaha ki, Allah mənə də az-çox
təb verdi. Özümü mətbuatda “Şahismayıl Məhəmməd” imzası ilə tanıda bildim.Amma uşaqlıq, gənclik illərindəki çətinliklər, çəkdiyim əzab-əziyyət bəzən misralara da çevrildi. Məncə, bu da təbiidir.
Heç yadımdan çıxmır. Qıtlıq illəri idi. Aclıq, səfalət hər yanı bürümüşdü. Arpaçaya balıq tutmağa getmişdik. Amma qarmağımıza balıq düşmürdü ki, düşmürdü. Düşünürdük ki, əliboş evə necə gedəcəyik. Anama nə deyəcəyik, axı evdəkilər
də acdılar. Elə bu vaxt bir də baxdım üz-gözündən nur tökülən bir kişi bizə yaxınlaşır. Kişini tanıdım. Bu, qaraçantalı Seyid Məhəmməddi. Salam verdi:
– Salam, balalarım, niyə kefiniz yoxdu?
– Neçə saatdı bircə balıq da olsun tuta bilməmişik.
– Eybi yox, balalarım, indi bir də mənim qismətimə qarmağı çaya atın. Bu də-
fə balıq olacaq.
Doğrudan da, qarmağımıza balıq düşdü. Seyid dedi:
– Durmayın, yenə suya atın qarmağınızı.
Belə-belə yalan olmasın, on beş-iyirmi balıq tutduq. Seyid getmək istəsə də
qoymadıq, onu evə qonaq apardıq. Onu yola salanda bir neçə balıq da verdik.
Onun möcüzəsi, xeyirxahlığı yadımdan çıxmır. Bax, belə adamlarımız da vardı. Bilirsənmi böyük Füzuli deyirdi:
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
Qocalıq da belədi. dərdi çox, can ağrısı çox… Bacım Zərniyar da sinədəftərdi,
nanay ustasıydı, bədahətən bayatı deyərdi. Ailə qurub uzaq Qazaxıstanda yaşayırdı. Xurşud da, mən də bacımızın ayrılığına dayana bilmirdik. Görüşəndə də özü-
müzdən biixtiyar gözlərimizdən yaş axırdı.
…Xurşudun dediyi kimi, Sumqayıta pənah gətirdik. Burda binə bərkitdik.
Aynadıq, artdıq… Şükür Allaha, əməli saleh övladlarım, ağıllı-kamallı nəvələrim
var. Ötənlərin-keçənlərin, xatirələrin işığında irihəcmli bir kitabım da var – “İlanlılı, Bozqalalı Çaybasar”. Bunu da sənə hədiyyə verirəm. Burda xeyli adət-ənənələ-
rimizi, yaxşı kişiləri yada salmışam. Allah imkan versə hələ yenə deyilməli sözlə-
rim var…
Bu maraqlı görüş məni çox məmnun etdi. Baxdım Məftun Ənvəroğlu da bu
görüşdən çox razı qaldı. Fikirləşdim ki, bunu olduğu kimi qələmə alım. Axı hər bir
qələm sahibinin borcu həqiqəti yazmaqdır. Mən də buna əməl etdim.
Tacir Səmimi
filologiya üzrə fəlsəfə doktoru, dosent