Tacir Səmimidən ibrətamiz hekayələr
USTA YUNİS
Namazov Yunis Səfər oğlu 1922-ci ildə Ağbaba mahalının İlanlı kəndində
dünyaya gəlib. Atası Səfər ağa kəndin ağası, hörmət-izzət sahibi, geniş əraziləri,
biçənəkləri, əkin yerləri, sürüləri, naxırı olan mötəbər bir şəxsdi. Ermənistanda
Sovet hakimiyyəti qurulandan sonra Ağbabada da varlı-imkanlı adamları qaralamağa başladılar. Bu vaxt cildlərini dəyişən daşnakların əlinə fürsət keçdi. Belələrindən biri də türk ermənisi (axbar) Yediyar idi. Yediyar gündən-günə təzyiqini artırırdı. Odur ki, Səfər ağa işi anlamışdı, amma arada arvad-uşaq vardı. Onu da anlayırdı ki, Sovet hökuməti mal-heyvanı çox olanı qaralayıb “kulaq, qolçomaq”, ya da “sinfi düşmən” deyib Qazaxıstana, Sibirə sürgün etdirir. Səfər ağa bütün
mal-heyvanını kolxozlara verdi, kotanlarını, arabalarını da, bir sözlə, kənd-kəsək
üçün önəmli olan, əkin-biçinə yararlı hər şeyi könüllü təqdim etdi. Buna baxmayaraq Yediyar ondan əl çəkmədi. Onu bir gecə həbs edib Gümrüyə, Qaraqalaya apardılar. Bu əhvalatdan sonra bir də Səfər ağadan bir xəbər bilinmədi. Bu hörmətli kişini sürgün etdilər, güllələdilər – bəlli olmadı.
Yunis erkən vaxtlardan ailənin ağırlığını çiyinlərində hiss etdi. Müharibə başlayan kimi onu da müharibəyə apardılar. Yunis hələ uşaq vaxtlarından fizik cəhətdən olduqca qüvvətli idi. Odur ki, qonşu kəndlərdə, ya da Gümrüdə tez-tez erməni dığaları ilə qarşılaşmalı olurdu. Adətən, ermənilər onun üstünə dəstə ilə gələr, amma başı-gözü əzilib çaqqal sürüsü kimi uzaqlaşardılar.
…Döyüşlərin birində minomyotun mərmisi Yunisin yanına düşüb dərin bir çökək açdı. Zərbə dalğası Yunisi oraya atdı… Onun üstünə torpaq töküldü. Bu əhvalatdan sonra Yunisdən xəbər-ətər məlum olmadı. Müharibə qurtaranda da zənn edirdilər ki, Yunis müharibədə həlak olub. Amma sən demə o, mərmi nəticəsində ayağından yaralanıb, almanlara əsir düşübmüş. Ayağının birini itirsə də, bədənində hələ bir neçə qəlpə də qalıbmış. Yunis gəlib vuruşa-vuruşa Avstriya ərazisinə çı-
xıbmış. Almanlar 1944-cü ildən vəziyyətin dəyişdiyini görüb bütün əsirləri bir gəmiyə doldurub partlatmaq qərarına gəlirlər, amma bu vaxt Amerika hərbçiləri işdən xəbər tutub əsirləri labüd ölümdən xilas edirlər. Yunis baxır adamların bəziləri Türkiyəyə, bəziləri də başqa ölkələrə üz tutdular. Fikirlərşir ki, mən dil-zad bilmirəm, hara gedim. Yaxşısı budur ki, qayıdım vətənə. Belə də edir, amma sərhədi keçən kimi baxır vəziyyət dəyişdi. Əsirləri sorğu-sual edir, məhkəməyə aparırlar.
Sürgünlər, həbslər başlanır. Yaxşı ki, onunla əsir düşənlərin içində kəşfiyyatçılar da olur. Onlar Yunisin dürüstlüyünü təsdiqləyəndən sonra ayağının birini müharibədə itirən ağa oğlunu rahat buraxırlar. Yunis müharibədən qayıdandan kənddə dəmirçi kimi işə başlayır. Maraqldıır ki, bu zəhmət adamı müharibədə ayağının birini itirsə də ona nə müharibə iştirakçısı, nə də digər imtiyazlar verilmir. Amma Usta Yunis təxminən əlli il Düzkənd və İlanlının (bu kəndlər bir sovetlikdi) dəmirçisi işləyir. Bu gözü-könlü tox kişi bütün kənd təsərrüfatı alətlərini sazlayar, araba bağlayar, kimin nə işi olsa canla-başla görər, kimdənsə bir təmənnası olmazdı. Kişi nə qədər adamın evlərinin üstünün örtüyünü, döşəməsini, otkəsənini, kərəntisini, bir sözlə, nə işi olsa onu yerinə yetirmişdi. Xeyirxahlığı Usta Yunisi eloba arasında böyük hörmət-izzət sahibi etmişdi. Digər tərəfdən usta öz işi, xeyirxahlığı ilə fəxr edirdi. Üstəlik, bu hörmətli kişi olduqca işgüzar, xoşrəftardı. Hardan qonaq gəlsə adətən, onları Usta Yunis aparıb ağırlayardı. Həm də usta həqiqətpərəst bir adamdı, yalanı, riyanı, əyri adamları heç sevməzdi, sözü üzə şax deməyi çox sevərdi. Kim olur-olsun, həqiqəti deyər, kimsənin onu təhqir etməsinə, aşağılamasına imkan verməzdi. Buna görə rayonun yüksək vəzifəli erməniləri də Usta Yunisdən çəkinirdilər. Bilirdilər ki, dəmir iradəli bu türk əyilən adam deyil.
Bu mərd, cəsur adam əsl türk xarakterli kişidir. Onu nə qorxutmaqla, nə pul-para
ilə ələ almaq olmaz. Usta Yunis xeyli vaxtdır ki, dünyasını dəyişsə də el-oba arasında hələ onun sağlığında yaranan rəvayətlər indi də yaşlıların söz-söhbətlərində xatırlanmaqdadır.
USTA YUNİSLƏ BAĞLI ƏHVALATLAR
KƏND SOVETİNİN ƏDALƏTİ
Bir gün Usta Yunis eşidir ki, pay torpaqlarını yenidən ölçüb-biçəcəklər. Narahat olur, fikirləşir ki, bunun pay torpağının başındakı xeylax yerin xam otu qoyun-quzu yemidi. Bunu alsalar mal-heyvanın yemində əksiklik olacaq. Bəs neyləsin, qalır fikirləşə-fikirləşə. Ona kimi oğlu Şahin də atasının fikirli olduğunu görüb deyir:
– Nə olub, ay ata?
– Bir şey olmayıb. Deyirlər yerləri yenidən ölçüb-biçirlər. Kənd Sovetinin
sədri Allahqulu müəllim dəqiq adamdı – bilirəm, bizim yerin başındakı sahəni kəssə bizim qoyun-quzu otu olmayacaq. Nə eləyim? Bax, bunu bilmirəm.
Doğrudan da, Allahqulu müəllim, yanında da bir-iki nəfər yerləri ölçə-ölçə gəlirlər. Elə onlar Usta Yunisin pay torpağına çatanda Allahqulu müəllim deyir:
– Dayanın.
– Niyə? Buranı da ölçməyəkmi? Artıq yeri kəsmək lazımdır.
Allahverdi müəllim bu sözləri eşidəndə əli ilə bütün ətrafı onlara göstərib deyir:
– Baxın, bu ərazilər, biçənəklər, əkin yerləri, yalan olmasın qırx hektardan çox torpaq bu Usta Yunisin atası Səfər ağanın deyilmi? Bu kişinin torpağına kol-xoz əl qoyub. İndi kişinin bu qədər torpağından onun oğluna bir azca yer çoxmu görünür? Ona pay düşmür? Əlbəttə, düşür. Buna görə də Usta Yunisin torpağı yenidən ölçülməyəcək. Biz həmişə ədalətdən danışırıq. Bunu pozsaq adamlar ədaləti harda axtararlar?
ŞƏMKİRLİ OĞLANLA USTA YUNİS
Gümrüdə bir nəfər Şəmkirdən həmişə gilas gətirib satırmış. Oğlanın mərdliyi,
xasiyyəti Usta Yunisin xoşuna gəldiyindən onunla dostluq edirmiş. O da həmişə
gələndə Yunis kişiyə gilas gətirirmiş. Bir dəfə Yunis kişi baxır ki, ermənilər bu oğ-
lanı qaralayıblar. Yəni bir bəhanə edib bunun pulunu soymaq istəyirlər. Deyir:
– Oğul, özünü gözlə. Bu kafirlərin fikri başqadı.
Bəli, ermənilər bir bəhanə ilə araya qarışıqlıq salıb oğlanın üstünə cumanda
Usta Yunis deyir:
– Oğul, möhkəm dur, deyəsən bunların baş-gözünün əzilmək vaxtı gəlib.
Az keçmir ki, onların üstünə tökülən dığalar başı-gözü əzilmiş geri çəkilirlər.
Milis-filan da Usta Yunisi orda görüb dərhal uzaqlaşırlar, çünki bu kişini hamı tanı-
yır. Xasiyyəti, mərdliyi də bəllidir, əlimdə də əsası. Bəhanə də tapılmalı deyil ki.
GƏDƏNİN SALAMI, MƏRDİN KƏLAMI
Bir dəfə Şahin müəllim yoldan keçib gedəndə bir neçə cavan ona 54 kiloqramlıq çəki daşını göstərir:
– Bunu qaldıra bilərsənmi?
– Əlbəttə.
Şahin müəllim həmin daşı birəlli havaya qaldırır. Cavanlar bunu gözləmədiklərindən bir-birilərinə baxa-baxa qalırlar. Nə fikirləşirlərsə ona bir dərs vermək qərarına gəlirlər. Bir dəfə beş-altı nəfər onun yolunu kəsir:
– Sən burdan gedəndə niyə salam verib keçmədin? Bizi adam saymırsan?
– Sizin fikriniz ayrıdı, bəhanə axtarmayın.
– Bəhanəni sən axtarırsan.
Sən demə, Usta Yunis kənardan buna göz qoyurmuş. Dərhal özünü ora yetirib
onların hərəsini bir-iki ağac çəkir:
– Adama dərsi belə verərlər. Gədə nə qanır salamın qədəri nədi, salamı da bə-
hanə eləyə. Mərdin salamı da olar, kəlamı da
ADAM MƏRD OLAR
Bir dəfə Usta Yunis dəniz kənarına gedəndə baxır dörd nəfər düşüb bir nəfə-
rin üstünə. Vur ki vurasan. Təpikləyirlər. Deyir:
– A bala, belə də olmaz. Dörd adam bir adamın üstünə düşmüsünüz.
– Sənə nə, o bilər, biz bilərik.
Bunlar onu yenə təpikləyəndə Usta Yunisin səbri tükənir, cumur bunların üstünə. Dördünü də yumruqla qatır bir-birinə. Ona kimi polisə də xəbər çatır, gəlib
onu ayırırlar:
– Ağsaqqal, burax bunları. Biz məşğul olarıq.
Usta Yunis gülümsəyir:
– Sizin işinizi başqası görməlidir? Bu oğlanı mən əllərindən almasaydım dö-
yə-döyə öldürəcəkdilər. Mərdlik harda qalıb? Bir adamın üstə dörd adam düşər?
Adam mərd olar, yoxsa əyri, şər?!
Tacir Səmimi
filologiya üzrə fəlsəfə doktoru, dosent