Gözlərə nur saçan nəcib qəlbli görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyeva

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İşgüzarlığı, xeyirxahlığı, qayğıkeşliyi, nəcibliyi, istiqanlılığı və qeyri-adi nikbinliyi ilə seçilən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gözlərini açmışdır. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk qadın oftalmoloqu olmuşdur.

Azərbaycan oftalmologiyasının iftixarı akademik Zərifə xanım respublikamızın hüdudlarından kənarda da kifayət qədər tanınmış alim idi. Aftolmologiya sahəsinə gətirdiyi neçə-neçə elmi yenilikləri, məqalələri və kitabları dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilirdi. Yüksək dünyagörüşlü mütəxəssis, dərin tədqiqatçı alim Zərifə xanım müxtəlif mükafatlar laureatıdır. Alimliyi, həkimliyi ilə yanaşı bu gözəl və kövrək qəlbli insan həm də qayğıkeş ana və sevimli nənə kimi də sevilirdi.
Saf və büllur vicdana sahib Zərifə xanımın hələ gənc yaşlarından əyninə geyindiyi ağ xalatı ömrünün sonunadək zərrə ləkələnmədən tərtəmiz qaldı. Həkim-aftolmoloq sənətinin vurğunu olan Zərifə xanım xalqı və xəstələri qarşısında borcunu müqəddəs bildiyindən tibb elminə uzun illər təmənnasız xidmət etdi. Elmi tədqiqatlara çox vaxt sərf edən istedadlı alim Zərifə Əziz qızı çox çətin və az öyrənilən bir sahəni araşdırmış və bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir.
Aftolmologiya elminin inkişafında ölçüyəgəlməz xidmətləri olan görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində çoxşahəli tədqiqatlar aparmışdır. 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsini alan Zərifə xanımın birbaşa rəhbərliyi ilə yüksək ixtisaslı kadrların-həkim aftolmoloqların böyük bir nəsli yetişmişdir. 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən görkəmli alim Zərifə xanım Əliyevanın yaşadığı mənalı və pak ömrü, keçdiyi şərəfli həyat yolu hər kəs üçün kamillik və müdriklik məktəbidir. Apardığı müxtəlif və zəngin tədqiqatlar nəticəsində Azərbaycan tibb elminin parlaq səhifəsini yaratmağı bacaran Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə cənazəsi Bakıya gətirilərək, Fəxri xiyabanda-atasının məzarı yanında dəfn olunmuşdur.
Bütün ömrünü tibb sahəsinə həsr etmiş və ona pənah gətirənlərin gözlərinə şəfa vermiş Zərifə xanım Əliyeva eyni zamanda müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur.
Sonda fikirlərimi ümümmilli lider Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm. “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR