" />

Sabiq səfir: “Türkiyə Ordusu lazım olanda Azərbaycana gələ bilər” – MÜSAHİBƏ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan və Türiyə arasında münasibətlər getdikcə daha da inkişaf edir.

Türkiyə-Azərbaycan münasibətlərində “Bir millət, iki dövlət” anlayışı bütün sahələrdə özünü göstərir. Türkiyə və Azərbaycan xalqları kimi hər iki ölkənin lideri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm qardaşlıq münasibəti də unikal bir nümunədir. Dünyada heç bir dövlət və prezidentlər arasında bu qədər səmimi və sıx qardaşlıq münasibəti yoxdur. Azərbaycan və Türkiyə tək yumruq, tək ürək olduğunu bütün dünyaya qürurla göstərir və göstərməyə davam edir.

Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasının qonağı Türkiyənin Azərbaycandakı sabiq səfiri, məşhur diplomat Hulusi Kılıçdır. Onunla Türkiyə-Azərbaycan münasibətlərindən və gələcək addımlardan bəhs etdik.

– Hulusi bəy, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atıla bilər?

– Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hər il daha da inkişaf edir. Bunların ən önəmlisi 2021-ci ildən tətbiq olunan şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişdir. Digər önəmli gəlişmə isə tərəflər arasında imzalanan Preferensial Ticarət Sazişidir. Bu da iki ölkə arasındakı ticari əlaqələrin inkişaf etməsinə kömək etdi. Amma bunun da yetərli olmadığını anlayırıq. İnşallah, Türkiyənin Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrlə imzaladığı Sərbəst Ticarət Sazişinin Azərbaycanla da imzalanması gerçəkləşər. Bu addım da ikitərəfli ticarəti daha çox artıracaq.

– Türkiyənin indiyə qədər çox böyük layihələrə imza atdığını görürük. Bəs qardaş cümhuriyyətin 100-cü ilində başqa hansı böyük addımlar atılacaq?

– Türkiyə “G-20” adlanan inkişaf etmiş ölkələr sırasında 17-cidir. Dünyada 200-dən çox ölkə olduğunu nəzərə alsaq, 17-ci sırada yer almaq önəmlidir. Cümhuriyyətimizin 100-ci ilində Türkiyənin bu siyahıda 10-cu olması üçün çalışacağıq. Bu, adambaşına düşən gəlirin artırılması mənasına gəlir. Dolayısı ilə Türkiyə 100-ci ilindən etibarən ticarətini artıraraq dünyada iqtisadi güc baxımından ən önəmli 10 ölkə arasında girməyə çalışacaq. Bunu bacaracağımıza inanıram. Həmçinin, müdafiə sənaeyi sahəsində də mühüm addımlar atılacaq. Kosmosa peyk göndərmək layihəmiz var və bu sahədə də inkişaf edəcəyik. Bununla yanaşı, özümüzün milli döyüş təyyarəsini istehsal edirik və 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

Pilotsuz Uçan Aparatlarla (PUA) bağlı önəmli addımların atılacağını gözləyirik. “Bayraktar TB2” ilə “Bayraktar TB3” PUA-ları daha da inkişaf edəcək və həqiqətən də dünyada önəmli yer tutacaq. ABŞ-ın “F-35”-ləri ilə yarışacaq qırıcı təyyarələr də istehsal edəcəyik. Dəniz və dəmiryolu sahəsində də inkişaf yaşanacaq. Ölkənin hər tərəfinə qatarla getmək mümkün olacaq. Türkiyənin yolları onsuz da dünyaya nümunə göstəriləcək yollardır. Ümumiyyətlə, hər sahədə inkişaf olacaq. Yəni Türkiyə Cümhuriyyətinin 100-cü ilində atılacaq önəmli addımlar olaraq bunları saya bilərik.

– Türkiyənin ilk yerli elektromobili olan “Togg” artıq satışa çıxarıldı. Avtomobil çox böyük marağa səbəb oldu. Bununla bağlı düşüncələrinizi bizimlə bölüşə bilərsiniz?

– Türkiyənin özünün yerli və milli avtomobilini istehsal etmək üçün daha əvvəl də təşəbbüsləri olmuşdu. Təəssüf ki, bu təşəbbüslər yarımçıq qaldı. Ancaq bu dəfə yerli və milli “Togg” avtomobili istehsal olundu. Bu, elektriklə işləyən və zamanın nəbzini tutan bir avtomobildir. “Togg” son dərəcə inkişaf etmiş və Avropada istehsal olunan avtomobillərin parametrlərinə sahibdir. Təbii ki, bu, böyük bir qürurdur. Sadəcə Türkiyənin deyil, bütün türk dünyasının qürurudur. Bildiyimiz kimi, ikinci “Togg” avtomobili Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə hədiyyə edildi. Bu da qardaşlığımızın nə qədər önəmli olduğunun göstəricisidir. Həqiqətən də bu sahədə çox önəmli və tarixi addımlar atıldı.

– Nə qədər “Togg” sifariş olunub və hansı ölkələrdən təlabat var?

– “Togg” avtomobilinə çox böyük tələb oldu. Hazırda 20 min tələbin qarşılanması üçün çalışılır, amma tələb 200 minə yaxındır. İlk növbədə, daxili bazarın tələbinin qarşılanması önəmlidir. Düşünürəm ki, qarşıdakı dönəmdə türk dünyasından da başda Azərbaycan olmaqla, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və bəzi Balkan ölkələrindən böyük təlabat olacaq. Təbii ki, bunun üçün zamana da ehtiyac var. Amma həqiqətən “Togg” əsrin ən önəmli avtomobillərindəndir və Avropanın öndə gələn bütün avtomobilləri ilə yarışacaq modeldir. “Togg” ekoloji cəhətdən təmiz, elektriklə çalışan avtomobildir. Bu qürur sadəcə Türkiyənin deyil, başda Azərbaycan olmaqla, bütün türk dünyasının qürurudur. Ona görə də sevincli və qürurluyuq.

– Son dönəmlərdə çox müzakirə olunan bir məsələ ilə bağlı da fikirinizi öyrənmək istərdim. Yaxın zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya dövlət başçısı Bəşər Əsəd arasında görüş keçirilə bilər?

– Suriya Türkiyənin ən önəmli qonşularındandır. Hətta ən uzun sərhədimiz Suriya ilədır. Orada yaşanan hadisələr və müharibə səbəbindən çox sayda suriyalı Türkiyəyə sığınıb. Hətta onların sayının 4 milyon olduğu deyilir. Suriyanın daxilində yaşanan problemlərə bəzi ölkələrin müdaxilə etdiyini görürük. ABŞ PKK-nın qolu olan PYD/YPG-ni dəstəkləyərək orada bir rejim formalaşdırmağa çalışdığını görürük. Təəssüf ki, NATO-dakı mütəffiqimizin bunu etməsi doğru deyil və bunu hər dəfə deyirik. Həmçinin, Rusiya da Suriyaya müdaxilə edib və müəyyən bölgələrə nəzarət edir. Biz hər dəfə Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyimizi hər dəfə söyləyirik. Bunu hər zaman söyləməyə davam edəcəyik.

Suriyada yaşanan qeyri-sabitlik səbəbilə Türkiyə sərhəd bölgəsinə nəzarət etmək üçün terrorçulara qarşı antiterror əməliyyatları keçirərək bölgənin təhlükəsizliyini təmin etməyə çalışdı. Təbii ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin görüşməyi mühüm olacaq. Bu həftənin əvvəllində Rusiyanın vasitəçiliyi ilə Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri görüşdü. Bunun davamı olaraq xarici işlər nazirləri arasında da toplantısı gözlənilir. Məncə, xarici işlər nazirləri görüşdükdən sonra Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş keçirilməsi ehtimalı var. Bu dəqiq məlumat deyil, sadəcə ehtimaldır. Bizim arzumuz Suriyada sabitliyin olmasıdır. Bunun üçün rəsmi Ankara əlindən nə gəlirsə, edir. Mən 2000-2005-ci illər arasında Hələbdə Baş konsul olmuşam. Dolayısı ilə Suriyanın nə qədər önəmli bir ölkə olduğunu yaxından bilirəm. Suriyada Türkiyədə yaşayan insanların bir çoxunun qohum-əqrabaları da var. Biz istəyirik ki, Türkiyəyə keçici olaraq sığınan suriyalılar bir öncə evlərinə qayıda bilsinlər. Bunu həm dövlətimiz, həm də xalqımız arzulayır. Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında ehtimal olunan görüşün Suriya xalqı üçün xeyirli olmasına ümid edirik.

– Azərbaycanda Türkiyə Ordusunun Qarabağa gəlməsi çox müzakirə olunur. Sizcə, belə bir ehtimal gündəmə gələ bilər?

– Can Azərbaycan xalqı hər zaman Türkiyə Ordusunu Azərbaycanda görməkdən şad olur və bunu çox istəyir. Türk Ordusu lazım olan zamanlarda Azərbaycana gedib. 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycanın tələbi üzərinə Azərbaycana gedərək, ordu və dövlət quruluşuna dəstək olub. Həmçinin, türk ordusu 15 sentyabr 1918-ci ildə isə Bakı düşmən işğalından qurtarılıb. Bildiyiniz kimi, Ağdamda Rusiya-Türkiyənin Birgə Monitorinq Mərkəzi var. Orada 35-dən artıq Türkiyə zabiti və 2 generalı var. Bilinməlidir ki, Türkiyə Qarabağdadır. Həmçinin, bizim zabitimiz Azərbaycanın zabiti deməkdir. Bunu hər kəs bilsin ki, bu gün Azərbaycan bölgənin ən güclü ordularından birinə sahibdir. Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu daha da inkişaf edib və daha da güclənib.

Azərbaycan ilə Türkiyə arasında demək olar ki, hər ay hərbi təlimlər keçirilir. Azərbaycanın Ordusu güclüdür və hazırda Türkiyə Ordusunun gəlməyinə ehtiyac yoxdur. Onsuz da tərəflər arasında 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinə əsasən, Türkiyə Ordusu lazım olanda Azərbaycana gələ bilər. Şuşa Bəyannaməsi bizi bir millət olduğumuz kimi, lazım olanda bir dövlətə də çevirir. Bu baxımdan, Türkiyə Ordusu lazım olan anda və Azərbaycanın tələbi olarsa, gələcək. Lakin hazırda Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur və bütün hücumlara cavab vermək gücünə sahibdir. Biz də bununla fəxr edirik.
– Bəs yaxın zamanda hərbi sahədə Azərbaycan və Türkiyə arasında hansı ortaq addımlar atıla bilər?

– Azərbaycanın müstəqilliyindən bu yana çox sayda Azərbaycan zabiti Türkiyədə təhsil alıb. Azərbaycandakı hərbi məktəblərin açılmasında da Türkiyənin böyük dəstəyi olub. Bu gün də Azərbaycan Müdafiə Nazirliyində xidmət edən generallarımız da var. Yəni demək istəyirəm ki, Azərbaycanın nəyə ehtiyacı olsa, Türkiyə ona dəstək verəcək. Müdafiə sənayesində ortaq istehsal ola bilər. Birlikdə tank, helikopter və raket istehsal edə bilərik. Yəni hərbi sahədəki ortaqlıqlar daha da artırıla bilər. Bizə aid olan Azərbaycanın, Azərbaycana aid olan da bizimdir. Bunu qəbul edirik və heç bir zaman Azərbaycanın istədiyi, amma bizim verə bilməyəcəyimiz heç nə olmaz. Qarşıdakı illərdə də hərbi sahədəki əməkdaşlığın gedərək artacağını proqnozlaşdırırıq. Bölgədə daha da güclü hərbi quruluş olacaq. Azərbaycan və Türkiyə Ordusunun qarşısında dura biləcək heç bir ordu yoxdur. Həmçinin, aramızda qardaşlığımıza yaraşan əməkdaşlıq var. Azərbaycana və Türkiyəyə göz dikənlərə, əleyhimizə addımlar atanlara qarşı da cəbhə formalaşdırırıq.

Elmir Mustafa
Cebhe.info

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR